Aslan İsmayılov Heydər Əliyevə ağ yalan danışır - SENSASİON VİDEO

Soyadı müəmmalı olan Allahverdiyə ən böyük söyüş və təhqir elə öz ömür yolu, bioqrafiyasıdır

Aslan İsmayılovu söyməyə, təhqir etməyə ehtiyac yoxdur, əsla!

Ona ən böyük söyüş və təhqir elə öz ömür yolu, bioqrafiyasıdır.

Şərəf və ləyaqət hissindən uzaq keçmiş ömrünü fakt kimi qoyursan qabağına, reaksiya verməyə belə halı, təpəri olmur.

Çünki başdan-başa yalandan, saxtakarlıqdan ibarətdir bioqrafiyası. Ömrünün hər pilləsində tamahı öz başını yarıb onun. Pul və vəzifə üçün nələrə əl atmayıb?

İndi sizlərə daha bir yalanını, ağ yalanını təqdim edirik.

Həm də faktlarla, videolarla.

Əsl adı “Allahverdi” olan, dəqiq soyadı isə heç kimə bəlli olmayan “Aslan İsmayılov” kod adlı şəxsdir videonun “qəhrəmanı”.

Doğrusu, bu faktı onunla debatda açıqlamaq istəyirdim. Cəmi beşcə dəqiqəyə yalançı və saxtakar olduğunu özünə etiraf etdirəcəkdim bu görüntü və dəlillərlə. Amma dəfələrlə debata çağırmağıma baxmayaraq, qorxusundan heç bir internet kanalına çıxmadı.

Biz də mərhum Süleyman Dəmirəlin “demokratiyada çarə tükənməz” deyimini xatırlayıb onun çoxsaylı yalan və saxtakarlıqlarından birini yayımlamağı qərara aldıq.

Oxucularımızın yalanın nədən ibarət olduğunu anlaması üçün qısa bir izahata ehtiyac var.

Aslan İsmayılov öz tərcümeyi-halından danışarkən qeyd edir ki, o, 1983-cü ildə Rusiyanın Krasnodar diyarında yerləşən Kuban Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Bu barədə həm Facebook səhifəsində, həm də Wikipedia internet ensiklopediyasında məlumat verir. O cümlədən “Sumqayıt- SSRİ-nin süqutunun başlanğıcı” adlı “Çaşıoğlu” nəşriyyatında 2010-cu ildə çapdan çıxan kitabının (Pdf versiyası) 5-ci səhifəsində bildirir:

“1983-cü ildə mən Kuban Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Stavropol diyarı Neftekumsk rayon məhkəməsinə stajçı göndərildim”.

Yenə həmin kitabda yazdığına görə, Aslan İsmayılov 1988-ci ilin sentyabrında məzuniyyətdə olarkən Azərbaycan SSRİ-nin Baş prokuroru İlyas İsmayılovla görüşür (səh: 12). Həmin görüşün nəticəsi olaraq o, 1989-cu ilin aprel ayının 3-də dönəmin Baş prokuroru İlyas İsmayılovun əmri ilə Azərbaycan SSR prokurorluğunda məhkəmələrə nəzarət şöbəsində işə götürülür, bir müddət sonra Bakıya köçərək yeni vəzifəsinin icrasına başlayır (səh: 13).

Beləliklə, bu faktlardan açıq-aydın göründüyü kimi, Aslan İsmayılov kod adlı şəxs Rusiyanın Stavropol vilayətindəki məhkəmə orqanlarında 5 (beş) ildən bir qədər çox, yuvarlaq desək, maksimum 6 (altı) il çalışa bilərdi.

1993-cü ilin avqust ayının 17-də Milli Məclisin canlı yayımlanan iclasında isə mərhum Heydər Əliyevə, parlamentə və xalqa Stavropol məhkəmələrində 8 (səkkiz) il çalışdığını söyləməklə ağ yalan danışır, özünü “daha təcrübəli” göstərməklə, üzvü olduğu AXC hakimiyyətini satmaqla öz vəzifəsini qorumağa, mümkünsə, yeni vəzifə almağa çalışır.

Bilirsiniz ki, həmin günlərdə Azərbaycan tarixinin ən ağır mərhələrindən birini yaşayırdı. Eks prezident Əbülfəz Elçibəy Bakını tərk etmiş, Baş nazir, parlamentin spikeri və digər vəzifəli şəxslər ya istefa vermiş, ya da rəsmi fəaliyyətlərini dayandırmışdılar. Surət Hüseynov və Əlikram Hümbətov dövlətə meydan oxuyurdular. Belə bir dar macalda Aslan İsmayılovun Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmaq üçün gərgin əmək sərf edən Heydər Əliyev kimi təcrübəli siyasi liderə yalan danışması isə onun əxlaqsızlığı ilə yanaşı, vətənpərvərlik hissindən nə qədər uzaq olmasının da göstəricisidir.

Buyurun, özünüz izləyin, amma son dərəcə xahiş edirəm, onu söyməyin, təhqir etməyin.

Çünki Aslan İsmayılova ən böyük söyüş və təhqir elə öz ömür yolu, bioqrafiyasıdır.

Taleh ŞAHSUVARLI