Samirə Mirzəyeva: “Mənim və ailəmin ona qarşı nə mənəvi, nə də hüquqi iddiası mövcuddur” Samirə Mirzəyeva: “Mənim və ailəmin ona qarşı nə mənəvi, nə də hüquqi iddiası mövcuddur”

“O, inanılası şəxsiyyətdir”- Əli Əliyevin birinci xanımı ikinci müraciət yaydı

Samirə Mirzəyeva: “Mənim və ailəmin ona qarşı nə mənəvi, nə də hüquqi iddiası mövcuddur”

AzNews.az xəbər portalına Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin keçmiş həyat yoldaşı Mirzəyeva Samirə Kərim qızının adından məktub daxil olub. Bir neçə gün öncə həmin xanımın 2006-cı ildə AMİP lideri Etibar Məmmədova ünvanladığı açıq məktubu yayımladığımızdan, onun bu dəfəki müraciətini da media etikasına uyğun olaraq tirajlamaq qərarına gəldik.

Bu olaya şərh vermək istəməsək də, məlumat üçün bütün oxucularımızın, o cümlədən Əli Əliyevin şəxsən nəzərinə çatdırırıq ki, AzNews.az portalı olaraq bizim Azərbaycanda fəaliyyət göstərən heç bir siyasətçiyə qarşı qərəzimiz və önyarğımız yoxdur. Əli Əliyev də bizim üçün Azərbaycanda fəaliyyət göstərən yüzlərlə siyasətçidən biridir, onun fəaliyyəti barədə təhlillər aparmaq hüququmuzdur, lakin məhrəm həyatı saytımız və saytımızın oxucuları üçün maraqlı deyil. Oxucularımız da yəqin xatırlayar ki, biz AMİP lideri ilə yanaşı, Mərkəzi Seçki Komissiyasına da ünvanlanmış həmin açıq məktubda keçmiş xanımının Əli Əliyevin siyasi iddiaları ilə bağlı hissəsinə yer vermişdik. Elə bu səbəbdən də VİP sədrinin birinci həyat yoldaşının ikinci məktubunu da tərəddüd etmədən, lakin ötən dəfə olduğu kimi, konkret şəxsləri hədəfə alan və təhqir elementləri əks etdirən hissələrini ixtisar edərək yayırıq.

Beləliklə, məktubda deyilir:

“Mən, Mirzəyeva Samirə Kərim qızı yazaraq bildirirəm ki, 2005-ci ildə yazdığım məktubu 14 ildən sonra siyasi məqsədlər üçün istifadə edilməsini şiddətlə pisləyir, qınayıram. (...) Yazdığım məktubun üzərindən 14 il keçib. Bu müddət ərzində mənim və ailəmin Əli Əliyevə qarşı nə mənəvi, nə də hüquqi iddiası mövcud deyil”.

Ötən illər ərzində onun və uşaqlarının problemlərinin Əli Əliyev tərəfindən həll edildiyini bildirən məktub müəllifi həmin məktubu yaymış AMİP rəhbərliyini keçmiş əri ilə debata çağırıb:

“Siyasi narazılığınız varsa, çağırın onu debata, siyasi arqumentlər qoyun ortaya, cəmiyyətdə aranızdakı fərqə qiymət versin. Əminəm ki, debatlarda Əli Əliyevin opponentlərinin düşdüyü vəziyyətdən siz də qorxursunuz. (...) Cürətiniz varsa, onun qarşısına siyasətçi kimi çıxın. Mənim və ailəm adından bir daha sui-istifadə etməməyə dəvət edirəm sizi. Əks halda, sizin davranışınız məhkəmə predmeti olacaq və qarşınızda məni görəcəksiniz. Görünür, elə siz Əli Əliyə deyil, mənə cavab vermək səviyyəsindəsiniz”.

Daha sonra S.Mirzəyeva vurğulayıb:

“Mən əvvəl yazdığım bütün fikirlərimdən imtina edirəm. Əli Əliyev yüksək mənəviyyatı və milli maraqlara sadiqliyi ilə seçilən bir insan və siyasətçidir. Biz hamımız Əli Əliyevlə fəxr edir, onun qətiyyəti, cəsarəti, savadı və ağlı ilə qürur duyuruq. Ona siyasi mübarizəsində vətəndaş olaraq dəstək verir, daima arxasında varıq. O çox gözəl atadır, hamıya qismət olsun”.

“Mən tam məsuliyyəti ilə deyirəm ki, Əli Əliyevin apardığı mübarizə saf, təmiz və ülvi hisslərlə müşayiət olunur. O, inanılası şəxsiyyət və çirkablardan yuxarıda duran bir Azərbaycan kişisidir. Ona bütün işlərində müvəffəqiyyət arzu edirəm”- deyə müəllif məktubunu VİP sədri Əli Əliyevə uğurlar arzulamaqla bitirib.

AzNews.az