"ATƏT bir daha Dağlıq Qarabağ torpaqlarının Azərbaycana aid olduğunu müdafiə etdi"

BMT qətnamələrindən sonra mahiyyətin təzələnmə prosesi baş verdi

Xəbər verdiyimiz kimi, dünən ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyasında ATƏT və digər beynəlxalq təşkilatların ənənəvi yanaşmasından fərqli olaraq ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisində olan konfliktlərə eyni yanaşmanın tətbiq olunmasının vacibliyi sənəddə öz əksini tapdı. İndiyə qədər müxtəlif ölkə və təşkilatlar xüsusilə Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən ayırmaq və xüsusi yanaşma tətbiq etmək çağırışları edir və bu mövqedən çıxış edirdilər. Hətta Ermənistan nümayəndə heyəti də sənədə dəyişiklik edilərək, Azərbaycanın adının bu siyahıdan çıxarılmasını, amma Ukrayna, Gürcüstan və Moldovanın adının saxlanılmasını təklif etmişdi. Bütün bu səylərə baxmayaraq, konfliktlərə bu cür vahid yanaşmasının sənəddə öz əksini tapması mühüm hadisə oldu. Ermənistanın Azərbaycanın adını siyahıdan çıxarılmasını təklif edən dəyişiklik 41 əleyhinə, 6 lehinə olmaqla böyük səs çoxluğu ilə rədd edildi.

Mövzunu beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli ilə davam etdirdik.

O, AzNews.az-a açıqlamasında bildirdi ki, uzun müddətdir ki, İrəvan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fərqli yanaşma tətbiqində israr edirdi.

"Demək olar ki, bu gün həmin iddia dəf edildi. Azərbaycan torpaqları işğal edilib. BMT nizamnaməsinin “Ərazi bütövlüyü prinsipi” pozulub. Amma düşmən tərəfi münaqişələrə yanaşmada geniş diplomatik və lobbi işi aparırdı. Bu proses Ukrayna, Gürcüstan və Moldova ərazisində olan konfliktlərlə eyniləşdirilməsin. Çünki onlar “xalqların öz müqəddəratını təyin etmək prinsipi”nə əsaslanmağa çalışırdılar. Amma ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin aktiv səyi nəticəsində siyasi komitənin qətnamə layihəsində konfliktlərin həlli üçün yeni yanaşma öz əksini tapdı".

Şərhçi qeyd etdi ki, BMT qətnamələrindən sonra mahiyyətin təzələnmə prosesi baş verdi:

"BMT və ATƏT bir daha Dağlıq Qarabağ torpaqlarının Azərbaycana aid olduğunu müdafiə etdi".

Pərvanə Ağazadə

AzNews.az