ABŞ-ın Manasdakı keçmiş hərbi bazası fəaliyyətsiz vəziyyətdədir ABŞ-ın Manasdakı keçmiş hərbi bazası fəaliyyətsiz vəziyyətdədir

"Rusiyanın Suriyadakı siyasətinə ciddi təhlükə yaranıb"

ABŞ-ın Manasdakı keçmiş hərbi bazası fəaliyyətsiz vəziyyətdədir

Yaxın Şərqdə xristianların xilasında Rusiyanın müstəsna rolu Vatikan tərəfindən çox üstün dəyərləndirilir

RF prezidenti V.Putin Roma Papası Fransisk ilə Vatikanda altıncı dəfə görüşdü. Yaxın Şərqdə xristianların xilasında Rusiyanın müstəsna rolu Vatikan tərəfindən çox üstün dəyərləndirilir. V.Putin 6 dəfə Vatikana səfər edir, amma hələki Fransisk bir dəfə də olsun Rusiya ərazisinə dəvət olunmayıb. Roma Papalarının Rusiyaya səfərə dəvət olunması həmişə ciddi mübahisə mənbəyi olub. Faktı sadalamaqda məqsəd odur ki, Vatikanın Rusiyanın gördüyü işə verdiyi önəmi diqqətə çatdırmaqdır. Suriya prosesləri başlayarkən Vatikan Avropa dövlətlərinə, Avropa İttifaqına, ABŞ prezidentlərinə dəfələrlə müraciətlər etdi və xristianlığın vəziyyətini diqqətə çatdırdı. Amma onların heç birisi Yaxın Şərqdə xristianların xilasında rol oynaya bilmədilər. Əgər Rusiya Suriya məsələsi ilə bu qədər ciddi məşğul olmasaydı, bəlkə də artıq Yaxın Şərqdə Xristian qalmayacaqdı. Vatikan az qala V.Putini mömin adam hesab edir. Roma Papası V.Putindən xahiş etdi ki, onu dua etsin.

ABŞ prezidenti D.Tramp RF prezidenti V.Putinə zəng etdi, iqtisadi əlaqələr və Sibir meşələrindəki yanğınlar müzakirə edildi. Rusiya ABŞ-ın yardımını qəbul etməyə hazırdır.

RF prezidenti V.Putin İsrailin Baş naziri B.Netanyahu ilə ikitərəfli əməkdaşlığı və Suriya məsələlərini müzakirə etdi. Fələstin dövlətinin başçısı M.Abbasla müzakirədə Fələstin probleminin həlli variantlarını müzakirə etdi. Danışıq Fələstin tərəfinin təşəbbüsü ilə baş tutmuşdu. RF Xİ naziri S.Lavrovun fikrincə, ABŞ “Cəbhət ən Nüsrə” terrorçu təşkilatını Suriyadakı siyasi proseslərin iştirakçısı etmək istəyir.

ABŞ-da isə Rusiya ilə yaxşı münasibətləri qoruyub saxlamaq barədə düşünürlər. Bu barədə ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl Moldovada olarkən məlumat verdi. Xatırladaq ki, Moldovada siyasi böhran Rusiya, ABŞ və Aİ-nin birgə iştirakı ilə aradan qaldırıldı. ABŞ prezidenti D.Tramp da Rusiya ilə düşmənçiliyin dayanmasının tərəfdarı olduğunu bildirdi. Onun fikrincə, Rusiya ilə münasibətləri normallaşdırmamaq üçün heç bir əsas yoxdur.

RF Xarici İşlər Nazirliyi Fars körfəzində Kollektiv Təhlükəsizliklə bağlı konsepsiya ortalığa qoydu. Konsepsiya iri həcmə malikdir, çoxlu detallar var. Ən vacibi Rusiyanın Fars körfəzinə dair konsepsiya təqdim etməsidir.

Rusiyanın Suriyadakı siyasətinə ciddi təhlükə yaranıb; Ankara və Tehran Suriyanı öz bildikləri kimi bölürlər. Başqa sözlə, Ankara və Tehran Suriyada Moskvanın maraqlarının əleyhinə işləyirlər.

Qırğızıstanda daxili siyasi gərginlik fonunda müxtəlif iri dövlətlərin və geosiyasi proseslərin toqquşması baş verir

Qırğızıstanda daxili siyasi gərginlik fonunda müxtəlif iri dövlətlərin və geosiyasi proseslərin toqquşması baş verir. Rusiyanın orijinal yanaşması məhz həm bunun təsdiqidir, həm də göstəricisidir. Keçmiş MDB dövlətlərində xas olduğu kimi Qırğızıstanda da eks-prezidentə xarakterik münasibət var. İndiki prezident S.Jeenbekov A.Atambayevin varisi olsa da, adamı kimi prezident seçilsə də hal-hazırda A.Atambayevin siyasi cəhətdən neytrallaşması istiqamətində fəaliyyət göstərir. Rusiya Qırğızıstanda baş verənlərin bu ölkənin daxili işi olduğunu bəyan etdi. Amma ardınca ilk dəfə idi ki, belə orijinal yanaşma nümayiş etdirdi. Eks-prezident A.Atambayev Rusiyanın hərbi bazasına gəldi və xüsusi reyslə Moskvaya aparıldı və Moskvada da RF prezidenti V.Putinlə görüşdü. Bu görüşün mətbuatda yayılan hissəsinə görə V.Putin A.Atambayevə ölkənin daxilindəki vəziyyəti qızışdırmamağı tövsiyə etdi. Əslində V.Putin A.Atambayevi qəbul etməklə Qırğızıstanın indiki rəhbərliyinə mesaj verdi, eləcə də telefon danışığında da bu məsələləri fəaliyyətdə olan prezident S.Jeenbekova başa saldı. Beləliklə A.Atambayev siyasi aktivliyini artırmamalı və vəziyyəti gərginləşdirməməlidir. S.Jeenbekov isə onun həm şəxsi, həm də siyasi fəaliyyətinə maneçilik törətməməlidir. Görünür, V.Putin Köçəryan təcrübəsindən nəticə çıxarıb; Kreml üçün Köçəryan Ermənistanın yeni Baş naziri N.Paşinyana qorxuducu təsir edən faktor olmalı idi, N.Paşinyan isə hələlik bunu neytrallaşdırır. S.Jeenbekov A.Atambayevi neytrallaşdırsaydı Qırğızıstanda hadisələr “məxməri inqilab” istiqamətində gedə bilərdi və beləliklə Qərbin təsiri altına düşə bilərdi.

A.Atambayev əvvəlcədən özünü arxayın aparırdı, tərəfdarları onu müdafiə edirdi. Hüquq mühafizə orqanlarının çağırışlarına cavab vermirdi, hüquq mühafizə orqanları onun ofisinə buraxılmırdı. Prezident S.Jeenbekov eks-prezident Almazbek Atambayevlə əlaqəli məsələlərin qanun çərçivəsində həllinə çağırdı. Faktiki bu V.Putinin təşəbbüslərinin əleyhinə yönəlmiş addımdır. Atambayev Moskvaya V.Putinlə görüşə gedənə qədər Qırğızıstan qanunlarını pozmuşdu, çünki istintaqa çağırılmışdı, istintaqa getmədi, müstəntiqləri də öz ofisinə buraxmadı İndi belə başa düşmək olar ki, S.Jeenbekov qanuni tələbləri rədd etdiyinə görə A.Atambayevin mühakimə olunmasına çalışır.

Çinlə də Qırğızıstanın münasibətlərində gərginlik yarana bilər. Qırğızıstan bir müddət Çindəki uyğurların maraqlarının müdafiəçisi qismində çıxış etdi. Sonradan Çin qırğızların qədim tarixinə dair tarixi mənbələr “kəşf” etdi və qırğızlar bir müddət sakitləşdi, hətta Qırğızıstanda keçirilən ŞƏT-in sammiti zamanı S.Jeenbekov uyğur məsələsinin sırf Çinin daxili məsələsi olduğunu bildirdi. Çində uyğurlara qarşı heç bir təzyiqin olmadığını açıqladı. Amma sonradan hal-hazırda Çin Sincan uyğur muxtar dairəsində apardığı siyasətlə bağlı ölkədə akkreditasiya olunmuş səfirlərdən imza toplama kampaniyası keçirdi, 22 səfir imzaladı. Qırğızıstan səfiri bu sənədi imzalamadı.

Qazaxıstan-Qırğızıstan münasibətləri S.Jeenbekovun dövründə kifayət qədər yeni, ciddi impuls aldı. Qazaxıstanın Baş naziri Əskər Maminin Qırğızıstana səfəri zamanı qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə olundu, yeni keçidlərin açılması razılaşdırıldı. S.Jeenbekov K.Tokayevə və N.Nazarbayevə telefon zəngləri etdi. Uzun müddət gərgin vəziyyətdə olan qırğız-qazax münasibətlərinin bundan sonra normallaşacağına ümid etməyə əsas var. Ən azı regional geosiyasi proseslər Qazaxıstan-Qırğızıstan münasibətlərinin irəliləməsini diktə edir.

ABŞ-ın Manasdakı keçmiş hərbi bazası fəaliyyətsiz vəziyyətdədir.

Bişkekdə Aİ-Mərkəzi Asiya regionu ölkələrinin Xİ nazirlərinin görüşü keçirildi. Bu görüş çərçivəsində region ölkələrin Xİ nazirləri bir-biri ilə görüşlər keçirdilər, o cümlədən Qırğızıstanın Xarici İşlər naziri Çingiz Haydarbekov Özbəkistanın Xİ naziri Əbdüləziz Kamilovla görüşdü.

Qırğızıstan-Türkiyə münasibətləri də gərginləşmək üzrədir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq