Facebook yayımçılarının efirdən ianə toplamasına ermənilər əməlli-başlı maya qoyur Facebook yayımçılarının efirdən ianə toplamasına ermənilər əməlli-başlı maya qoyur

Bakıdan Avropaya, oradan facebooka “qrant yolçuluğu” və “şorqapan müxalifətçiliyin” anatomiyası...

Facebook yayımçılarının efirdən ianə toplamasına ermənilər əməlli-başlı maya qoyur

Öz gücünü fasiləsiz şəkildə artırdıqca hakimiyyəti qorxuya salaraq, onu müxtəlif güzəşt və islahatlara məcbur edən siyasi müxalifət təşkilatları istənilən ölkədə ictimai inkişafın ən güclü təkanverici qüvvəsinə, hakimiyyətlərin eqoistləşməsinin qarşısını alan ən etibarlı sığortaçıya çevrilir. Belə müxalifət qüvvələri fəaliyyət ssenarilərini özlərinin barışmayan ambisiyaları üzərində yox, cəmiyyətin ən azı 50+1 faiz kəsiminin maraq və zövqləri üzərində qurur, xalq ona gözlədiyi dəstəyi verməyəndə xalqı “qədirbilməz”, “sənə bu da azdır” kimi tikanlı sözlərlə ittiham etmir, xalqın hansı modeldə yaşamaq istədiyini ondan daha yaxşı bildiyini iddia etmir, “xalq dəstək versə də, verməsə də biz onu xoşbəxt edəcəyik” kimi gülünc “donkixotluq” səviyyəsi ortaya qoymur, siyasətdə “qalibə hörmət, məğluba şərəf” kimi aforizmlə barışır, bütün bu kriteriyalar əsasında isə siyasi təşkilatların politologiya elmində qəbul olunmuş status və nominal adlar təsnifatına uyğunlaşa bilirlər.

Hakimiyyətə gəlmək, hətta hakimiyyəti yıxmaq uğrunda hələlik 26 illik çabalama təcrübəsinə malik Azərbaycan müxalifətinin statusuna və adına dünya təcrübəsinə uyğun mühakimələrlə yanaşmaq səyləri, təəssüf ki, heç bir nəticə vermir. Fasiləsiz şəkildə böyüməməsi bir yana qalsın, ümumiyyətlə artıb-ağarmır, əksinə, çarəsi bilinməz xəstəliyə tutulmuş bəzi canlı orqanizmlər kimi gündən-günə solur, cəmiyyətdə hamı tərəfindən atılmış “izqoylara” dönür, xalqa ilk müraciət kəlməsi kimi “əziz həmvətənlər”dən başqa ifadə tapa bilmədikləri üçün 26 illik əttökən təkrarçılıqdan sonra bu ifadənin özünü də ikrah obyektinə çevirir, cəmiyyətin onlardan uzaq qaçmasının əsl səbəblərini axtarmaq istəmir, beynəlxalq münasibətləri yönəldən dünya güclərinin indiki Azərbaycan hakimiyyəti ilə uzunmüddətli layihələr icra etdiklərini avantüristcəsinə nəzərə almırlar.

Dünəni silinməz məğlubiyyət damğası ilə ləkələnmiş, bugünü utancverici miskinlik, sabahı isə sadəcə heç kimə lazım olmayan Azərbaycan müxalifətinə klassik politoloji təsnifatlara uyğun ad qoymaq, təəssüf ki, mümkünsüzdür.

Alternativ Hakimiyyət Partiyası...

Azərbaycanın ictimai-siyasi fikrində tez-tez rast gəlinən mülahizələrdən biri budur:”Bu radikal müxalifət aradan çəkilib getmir ki, onun yerinə fasiləsiz şəkildə güclənərək hakimiyyəti zaman-zaman qorxuya salan, güzəştlərə vadar edə bilən, beləliklə də əslində seçkidən-seçkiyə idarəçiliyi iqtidarla müəyyən nisbətdə bölüşə bilən əsl müxalifət gəlsin”. Etiraf edək ki, maraqlı və çoxlu sayda insanın fikrinə təsir göstərən mülahizədir. Azərbaycanda indi yüz minlərlə insan belə düşünür. Lakin onları bu mülahizənin təsir və cazibə dairəsinə salan yanlış bir məqam var ki, indi olmasa da, zaman keçdikcə həmin yüz minlərin bu əyri məqamdan xəbərdr olacağına söz yoxdur. Yanlış mahiyyət ondan ibarətdir ki, cəmiyyətimizdəki həmin yüz minlər indiki radikal müxalifətin siyasi sistemdə guya yalnız öz gücü, qabiliyyəti və müqaviməti hesabına qala bildiyini düşünür. Əslində isə məsələ tamamilə fərqlidir. Xalqa heç bir pozisiyadan yanaşa, qlobal güclər arasında özünə siyasi müttəfiqlər tapa bilməyən müxalifətin siyasi arenada öz gücünün (?) sayəsində qala bilməsi həqiqətən mifik düşüncədir. “Niyə hələ qala bilir” sualının isə çox sadə cavabı var:”Cəmiyyətimizdə müəyyən problemlərdən narazılıq, etiraz olsa da, indiki hakimiyyətə alternativ görmür”. Hakimiyyətin alternativini görmədiyi üçün isə bu radikal müxalifətə də əvəzləyici axtarmır. Əgər xalq İlham Əliyev hakimiyyətinin alternativini görə bilsə, bu radikalları heç nəyə baxmadan “sərçə dəstəsi” kimi pərən-pərən edərək, həmin meydanı şərti AHP üçün – “Alternativ Hakimiyyət Partiyası”nın gəlişi üçün təmizləyəcək. Kimlərin bu perspektivi hansı məsafədə görə bilməsi, təbii ki, mübahisəlidir. Lakin konkret və aydın görünən reallıq budur ki, İlham Əliyevin xüsusilə xarici siyasət kursu və dövlətin valyuta ehtiyatlarının artımı hesabına sosial paketlərin icrasını işlək müxanizmə çevirməsi sayəsində sözügedən perspektiv “uca dağların arxasındakı çən topaları kimi” görünməz məsafələrə uçub gedir...

Perspektivsizliyi tam məlum, adı və siyasi statusu qeyri-müəyyən daxili radikallarla müqayisədə Azərbaycandan Avropaya, MDB-yə, Amerikaya və başqa yerlərə mühacirət etmiş, son çarə kimi “facebook yolçuluğuna” baş vurmuş mühacirlər qrupuna isə hər hansı politologiya kitabından, dərslik və dissertasiya işlərindən xəbərsiz xalq özü müxtəlif sərrast adlar verərək gedir. Həm də sadə el dilindəki sözlərdən ibarət adlar qoyulur. Əslində mərhələ-mərhələ bir-birini əvəzləyən adlar cəmiyyətimiz tərəfindən o qədər müdrikcəsinə və ehtivalı şəkildə ixtira edilir ki, daxildəki radikalları və onların xaricdəki uzantılarını eyni çətirin altına toplaya bilir.

Hər məbləğdə qrantların havasına oynamağa meylli mühacirlər...

Əvvəla onu deyək ki, mühacirlər xaricdə radikal müxalifətin yeni mübarizə mərkəzinə çevrilmək kimi hay-küylü iddia ilə başladılar. Sonda isə həqiqi siyasi radikalizmin təmsilçiləri statusuna iddia haqqını itirdilər, ölkənin daxilindəki ambisiyalı müxalifət dairələrinin sadəcə fiziki uzantısından başqa bir şey olmadıqlarını ortaya qoydular. Məsələ burasındadır ki, xaricdəki mühacir qrupların və ciddi beynəlxalq dairələrin siyasətdə radikalizm kateqoriyası ilə ifadə olunan fəaliyyətlərə baxışları fərqlidir. Məsələn, mühacirlər siyasi radikalizmi sadəcə təsəvvürə gəlməyən söyüş və təhqirlərin qanadları üzərində etik çərçivələrdən çox-çox kənarlara uçub getmək kimi təsəvvür etdikləri halda, ciddi dünya qüvvələri üçün radikalizm sağ, sol, millətçilik platformaları üzərində ən prinsipial və dönüşü, əyintisi olmayan fəaliyyət üsuludur. Elə həmin dünya qüvvələrinin “verbovka” dəstələrinin kiçik eksperimentləri çox şeyləri ifşa elədi. Qrantlara söykənən eksperimentlər sübut etdi ki, ideoloji radikalizmlə heç bir əlaqəsi olmayan mühacirlər hər məbləğdə qrantların “havasına oynamağa” hazır və həvəslidirlər. Sonra qrantları “ədalətli şəkildə” bölüşdürə bilməyən mühacir aktivistlərin öz aralarında söyüş-döyüşü başladı. Məsələn, dünən xarizmasına və statusuna qəti uyğun gəlməyən saxta bir ağsaqqallıq ədası ilə “əziz qardaşım, biz etik davranmalıyıq” deyə öyüd-nəsihət verən adam özü ondan qat-qat pis söyüş-təhqir yolu tutdu, həm də qrant üstündə və dünən özünə cəbhədaş hesab etdiyi adamların əleyhinə və s. Ciddi dünya qüvvələrində heç bir şübhə qalmadı ki, söyüş-təhqirlə məşğul olan mühacir azərbaycanlılar əslində klassik radikal siyasi ideologiyaların adına ləkə gətirməkdən başqa bir şey deyillər və yalnız ehtiyac yarananda müəyyən məbləğdə qrantlar hesabına konkret “layihələrin” icraçısı olmaqdan başqa nəyəsə yaramırlar. Beləcə ifşa olunmuş “radikallar” bir çox hallarda əleyhinə getdikləri düşərgənin ailə-məişət məsələlərini də önə çəkəndə başqa dəqiq adların da hədəfinə çevrildilər. Dünən özlərinə radikal siyasi müxaliflər statusu qazandırmaq istəyənlər xalqın nəzərində sadəcə “məişət müxalifətinə”, “iaşə müxalifətinə”, “şorqapan müxalifətə” çevrildilər.

“Şorqapan müxalifətçilik” başqa, “gözdən tük qapmaq” başqa...

“Şorqapanlıq” Azərbaycanın bir sıra bölgələrində təhqiramiz məzmunda olsa da, el dilində dəqiq hədəfləri olan ictimai qınaq epitetidir. “Gözdən tük qapanlar” epiteti, bir qayda olaraq, ağırlığı insanın intellektual keyfiyyət göstəricilərinin üzərinə qoyduğu üçün əsasən qibtə doğuran mahiyyət ifadə edir. “Şorqapan” ifadəsi isə əksinə, qarın və mədə tələbatının üstünlük psixologiyasına söykəndiyi üçün “sahibini” sözün əsl mənasında gündəlik qazanclara doğru yönəldir. Deyirlər ki, pul hamıya lazımdır. Ancaq həm pula ehtiyacı olan, özünü hər məbləğə sata bilən, həm də yenə pula ehtiyacı olan və satılması mümkün olmayan insanlar kateqoriyası var. Hər cür qrantın parıltısına uyan bəzi mühacirlər asanlıqla “şorqapanlara” çevrildilər.

“Şorqapanlıq” “qarın otarmaq” kimi adi məişət kəlməsi olsa da, siyasətdə də maraqlı nüanslar ifadə edə bilir. “Şorqapanlıqda” şəxsi mənafe və maraq düşkünlüyü, milli və dövlət mənafelərinə dəyərsiz baxış var, milli-mənəvi dəyərlərimizi ayaq altında tapdalamaq, siyasi mübarizə adı altında mənəviyyatsızlıq nümayişi var. Normal, ciddi, dəyişdirici, yönəldici, sistemli siyasi müxalifət platformasından başqa hər şey var. Başqa cür mümkün də deyil. Normal və ciddi müxalifətçilik platforması üzərində mübarizə illər boyu nəticəsiz davam edə bilməz. Əgər davam edirsə, deməli, o əsl müxalifətçilik hərəkatı deyil. Ortada Azərbaycan ictimaiyyətinə imitasiya edilən çoxillik müxalifətçilik adı altında şəxsi mənafelərin ödənməsi, pul toplanması, gün-güzəran keçirilməsi kimi məqsədlər var. Əsl müxalifətə çevrilmək yolunda tam perspektivsizliyi özləri də aydın hiss etdikləri üçün bu yöndə heç bir iş görmürlər. Beləcə, söyüş və təhqirlər üstündə özləri kimilərə müxalifətçiliyə dair “master-klasslar” keçirlər.

  • “Facebook müxalifətçiliyini” özü üçün qazanc mənbəyinə çevirənlər...

“Facebook müxalifəti” son illərdə müdrik cəmiyyətimizin icad etdiyi və yerinə düşən dəqiq nominallardan biridir. Sosial şəbəkənin imkanları hesabına guya qlobal bir şəbəkənin bütün sərhədləri boyu Azərbaycan hakimiyyətinə qarşı aparılan mübarizə kimi nəhəng görüntü yarada bilir, bu mübarizənin xalqa heç bir aidiyyəti və təsirinin olmadığını pərdələyə bilir, minlərlə saxta profildən cəmi bir neçə dil pərgarının iştirakı ilə geniş ictimai hərəkat başlatdıqlarını təlqin edir, əslində isə heç nə facebook çərçivəsindən kənara çıxmır, ancaq əvəzində “millətin fədailəri” kimi hər saat insanlara maliyyə dəstəyi üçün müraciət edərək özlərinə pul toplayırlar. Son vaxtlar facebook, You Tube və sair bu kimi şəbəkələr üzərindən birbaşa fərdi yayımların çoxalması dəqiq sübut edir ki, “facebook müxalifətçiliyini” özü üçün əməlli-başlı qazanc mənbəyinə çevirmiş qrup üzvləri xaricdə sürətlə çoxalmaqdadır. Hər gün döşlərinə döyürlər ki, bizi birbaşa 5-6 min adam izləyir. Əvvəla, rəqəm özlüyündə böyük görsənir. Ancaq bu 5-6 minin içində Amerikadan, Avropadan, MDB-dən, Afrikadan, Azərbaycandan izləyicilərin olduğunu nəzərə alsaq, maraqlı nəticələr alınır. Ən obyektiv dəyərləndirmələrə görə, facebookda 5-6 min yayın izləyicisinin 2500-dən çox olmayan hissəsi Azərbaycanda və MDB məkanında yaşayır. Ən yaxşı halda, bunun 1000-1200 nəfərinin Azərbaycanda yaşadığını fərz etmək olar. 10 milyonluq ölkədə cəmi 1000-1200 nəfərin üzərində həm də virtual siyasət qurmağın hansı perspektivlərindən söhbət gedə bilər?! “Facebook müxalifətçiliyi” budur!

Facebook üzərindən birbaşa yayımçılıq fəaliyyətlərinin arxasında ən şübhəli məqamlardan biri toplanan pullarla bağlıdır. Bu yayımçılar Azərbaycan dövlətini, milli-mənəvi dəyərləri, rəsmi simvollarımızı təhqir etdikləri üçün onları izləyənlər tək azərbaycanlılar deyil və ola bilməz. Azərbaycan dövlətinin bugünkü imicini ləkələyən radikal mühacirlərin hər çıxışı ilə dünya ermənilərinin “çiçəyinin çırtdadığını” sübut etməyə yəqin ehtiyac yoxdur. Efirdən toplanan ianələrin hansı mənbədən gəlməsinin mühacir-radikallar üçün heç bir fərqi olmadığından, xaricdəki erməni lobbisi bu işə çox həvəslə pul qoyur. Beləliklə də ermənilərin qarşısında cüzi pullar hesabına Azərbaycanın imicini ləkələyən mexanizmləri işə salmaq imkanı açılır, həm də azərbaycanlı “quriklərin-toliklərin-valiklərin” əli ilə...

Aydın QULİYEV