Əli Kərimli yeri gələndə bu “trol ordusu”nu öz həmkarlarına qarşı da istifadə edir Əli Kərimli yeri gələndə bu “trol ordusu”nu öz həmkarlarına qarşı da istifadə edir

Sosial şəbəkə müxalifəti - AXCP-ReAl “savaş”ı yeni müstəvidə

Əli Kərimli yeri gələndə bu “trol ordusu”nu öz həmkarlarına qarşı da istifadə edir

Sosial şəbəkələrdən kənarda heç bir “nüfuza”, fəaliyyətə malik olmayan müxaliflər siyasi mübarizə adı altında “virtual təhqir”lə məşğuldurlar.

Müxalifət daxilində olan narazılıqlar ilbəil daha da çoxalır. Bir partiya sədrinin digərini aşağılaması, yaxud da müxalifət qurumlarından birinin digərini ittiham edərək satılmaqda, agent şəbəkəsinin üzvü olmaqda ittiham etməsi halları artıq adiləşib. Xüsusən də Azərbaycan Xalq Cəbhəsi Partiyası(AXCP) daha çox müxalifət daxilində narazılıqlar yaradan gedişlər edir ki, burada da əsas ideyavericisi partiyanın uzun illərdir ki, dəyişməz qalan rəhbəri Əli Kərimli sayılır...

Ümumiyyətlə bir xatırlatmanı edək ki, Əli Kərimlinin hələ beş-altı il əvvəl “Facebook”da xüsusi “trol ordusu” yaratdığı hər kəsə bəlli idi. Yəni, bir status yazan kimi dərhal yüzlərlə “bəyənmə” gəlib şablon və standart şüarlar yazan profilləri araşdırdıqda 90 faizinin profilində real foto olmadığını, yalnız AXCP-ə aid paylaşımlar aparıldığını görmək olurdu. Sosial şəbəkələrdə tətbiq edilən anormal metod bu gün də davam edir. Əli Kərimli yeri gələndə isə bu “trol ordusu”nu öz həmkarlarına qarşı da istifadə edir. Biz bu cür “təcrübədən” Müsavata, İsa Qəmbərə qarşı tətbiq olunmasını dəfələrlə müşahidə etmişik. Son bir ildə isə AXCP trolları ReAl Partiyası rəhbərini hədəfə almağa başlayıblar. Yəni, bu yeni rəqib partiyaya qarşı daha çox fəallıq müşahidə edilir. Səbəb isə aydındır. ReAl Partiyası meydana çıxandan siyasətdə ənənəvi müxalifət partiyalarından fərqli olaraq daha loyal münasibət sərgiləməyə başlayıb, radikallıqdan uzaq olub. Bu səbəbdən də az-çox ReAl rəhbəri İlqar Məmmədov müxalif düşərgədə önə çıxdı. Bu isə Əli Kərimlini qıcıqlandıran əsas amil idi. Yəni AXCP-nin ReAl-la buynuz-buynuza dayanması təsadüfdən yaranmadı. Hətta İlqar Məmmədov həbsdən çıxandan sonra da cəbhəçilərlə ReAl tərəfdarlarının ulduzu barışmadı. Son günlər isə bu anormal münasibət yenidən özünün pik həddinə çatıb. Dəfələrlə olub ki, tərəflər bir-birini hakimiyyətə işləməkdə ittiham edib. İndi isə ReAl rəhbərinin sivil yol ilə hakimiyyətə gəlmək istəməyənləri-seçkiyə üstünlük verməyənləri erməniyə işləməkdə ittiham etməsi AXCP rəhbərlərini əməlli başlı özündən çıxarıb, sosial şəbəkələrdə trol ordularını ReAl üzərinə yönləndirilməsinə səbəb olub. Hətta Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Emil Səlimov kimi AXCP funksioneri daha sərt statuslar yazıblar ki, onların statuslarının altında cəbhəçilər İlqar Məmmədovun ünvanına təhqiramiz fikirlər də səsləndiriblər. Fuad Qəhrəmanlı isə deyib ki, ReAl-da İlqar Məmmədova danışmağı öyrədən adam yoxdur... AXCP-nin digər funksionerlərindən olan İlham Hüseyn də status yazıb ki, İlqar Məmmədovun nəyə güvəndiyi bəlli deyil: “Axı bu adamın heç bir rayonda yanında durub şəkil çəkdirəcəyi 10 nəfər tərəfdaşı, partiya üzvü yoxdur. Rayonlara səfər edəndə tək şəkil çəkdirirlər. 10 ildir ReAl qurublar amma ortada real heç nə yoxdur...”.

Ümumiyyətlə bu və bundan da ağır formada onlarla status təqdim etmək olar ki, müxalifət daxilində gərginliyin yeni həddə çatdığını görəsən. Yaxın günlərdə yəqin ki, qarşı tərəf də cəbhəçilərə özünəməxsus formada cavablar verəcək.

Ümumiyyətlə isə bütün bunlar bir daha onu göstərir ki, müxalifət 90-cı illər təfəkküründədir yalnız indi çayxanalarda deyil “Facebook”da toplaşırlar, sosial şəbəkələrdən kənarda heç bir “nüfuza”, fəaliyyətə malik olmadıqlarına görə isə onlar “sosial şəbəkə müxalifəti” kimi tanınırlar.

Mühacir qruplar da daxil olmaqla müxalifət partiyaları bu cür dava-qovğalarla, söyüş və təhqir ritorikaları ilə milli-mənəvi və əxlaqi dəyərlərimizi tapdaq altına atdıqlarına, siyasi mübarizə adı altında mənəviyyatsızlığı təbliğ etdiklərinə görə “söyüş müxalifətidir” və “iaşə müxalifəti” kimi də çağırılırlar...
Qısası, hazırda insanları bir məsələ düşündürür-vahid məxrəcə gələ bilməyib bir masa arxasında oturub müzakirə apara, alternativ fikrə hörmət edə bilməyən, bir-birini söyüşlərlə ittiham edən bu müxalifət partiyaları iddia etdikləri hakimiyyəti necə idarə edəcəklər?! (Palitranews)

AzNews.az