Dinamik inkişaf edən və bölgədə xeyli rəqibi olan Türkiyənin də nüvə silahına yiyələnməsinə ehtiyacı artır Dinamik inkişaf edən və bölgədə xeyli rəqibi olan Türkiyənin də nüvə silahına yiyələnməsinə ehtiyacı artır

"Nüvə silahı Türkiyənin bölgədəki çəkisini artıracaq"

Dinamik inkişaf edən və bölgədə xeyli rəqibi olan Türkiyənin də nüvə silahına yiyələnməsinə ehtiyacı artır

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son açıqlamasında ölkəsinin nüvə silahına sahib olmasının mümkünlüyünü bildirib. Ərdoğan nüvə silahı mövzusunda ilk dəfədir açıqlama verir.

“Atlas” Araşdırmalar Mərkəzi ötən il yayınladığı analizində Türkiyənin nüvə silahına malik olması barədə müzakirələrə başlayacağını yazmışdı. Regional şərtlər Türkiyənin nüvə silahına yiyələnməsi aktuallığını artırır. Bunun bir neçə səbəbi var.

Birincisi, ABŞ İranla nüvə anlaşmasından çıxdıqdan sonra Tehran yenidən uranın zənginləşdirilməsinə başlayıb. İran hazırda uranı 20 faiz zənginləşdirib. Məlumdur ki, nüvə silahı əldə etmək üçün uranı 80-90 faiz zənginləşdirmək lazımdır. Aydındır ki, İranın imkanları uranı bu rəqəmlərə qədər zənginləşdirməyə imkan verir. Bunun üçün İranın lazımi infrastrukturu və elmi potensialı var. Bundan başqa İranın nüvə başlıqlarını daşıya biləcək raketləri də var və yeniləri sınaqdan keçirilir.

İran Türkiyənin qonşusudur. Doğrudur, iki dövlət arasında münasibətlər normaldır, ancaq sabah şərtlərin dəyişməyəcəyindən heç kim sığortalanmayıb. İsrailin də keçmiş illərdə Türkiyə ilə yaxşı münasibətləri var idi. İndi bu iki dövlət arasında keçmiş illərdəki yaxşı münasibətlərdən əsər-əlamət qalmayıb. İranın nüvə silahını əldə etməsinə yaxınlaşması Türkiyəni də nüvə silahına yiyələnməsinə marağını artıracaq.

İkincisi, adını çəkdiyimiz İsrailin də nüvə silahı var. İsrail rəsmiləri bu haqda heç zaman açıqlama vermirlər. Ancaq hamı bilir ki, İsrailin kifayət qədər nüvə silahı var. Türkiyənin yaxınlığında olan dövlətlərdən Pakistanın və Hindistanın da nüvə silahı var.

Beləliklə, bölgədə nüvə silahı olan dövlətlərin sayı artır. İrana, İsrailə, Pakistana və Hindistana nüvə silahı ona görə lazımdr ki, heç bir dövlət onunla müharibəyə başlamağa, torpaqlarının işğalına risq etməsin. Məsələn Ukrayna 1994-cü ildə Budapeştdə Rusiyanın xeyrinə nüvə silahından imtina etməsəydi, bəlkə Kreml 2014-cü ildə Krımı ilhaq etməyə risq etməzdi. Dinamik inkişaf edən və bölgədə xeyli rəqibi olan Türkiyənin də nüvə silahına yiyələnməsinə ehtiyacı artır. Nüvə silahı Türkiyəyə təhlükəsizlik imkanlarını artırmaq üçün lazımdır. Nüvə silahı Türkiyənin bölgədəki çəkisini artıracaq.

Elxan Şahinoğlu

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri