"Onun timsalında naftalin o qədər köhnəlib ki, hətta qoxusunu da itirib" "Onun timsalında naftalin o qədər köhnəlib ki, hətta qoxusunu da itirib"

Taleh Şahsuvarlı Əli Kərimlinin müavinini "tərksilah" etdi

"Onun timsalında naftalin o qədər köhnəlib ki, hətta qoxusunu da itirib"

AzNews.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlı AXCP sədrinin müavini Nurəddin Məmmədlinin "ölkədə vəziyyət ağırdır" deyə verdiyi açıqlamaya kəskin reaksiya göstərib.

Taleh Şahsuvarlının öz Facebook səhifəsində yazdığı statusu təqdim edirik:

"Vaxtilə Rəsul Quliyevin Azərbaycanda bir "cib telefonu" vardı, hərçənd lap köhnə modellərdən idi. Ömründə bircə dəfə ABŞ-a getmişdi, qayıdandan sonra hər söhbətinə "mən axırıncı dəfə Amerikada olanda..." deyə bir cümlə ilə başlayırdı. Deyilənə görə yaxşı dovşanşünasdır, öz bildiyi işlə məşğul olsaydı, bəlkə də cəmiyyətə bir faydası dəyərdi, hər halda, dovşan əti xeyli faydalı qida növüdür. Nə isə mətləbdən uzaqlaşmayım. Onun, yəni AXCP sədrinin müavini Nurəddin Məmmədlinin bir statusu çıxdı qarşıma dünən. Xülasəsi budur ki, ölkədə vəziyyət ağırdlr, hakimiyyət çökür, hakimiyyəti müdafiə edənlər "batan gəmi"ni tez tərk etməlidirlər. İstəyirəm münasibət bildirəm bu statusa.

Cənab Məmmədli,

Vəziyyət o ölkədə ağır sayılır ki, mağazalarda ərzaq qəhətə çəkilsin, nəqliyyat iflic olsun, küçədən keçən adamlar təsadüfi gülləyə tuş gəlsin, ictimai obyektlərdə partlayışlar baş versin, təhsil və səhiyyə ocaqlarının qapısına qıfıl vurulsun və s. Şükürlər olsun Allaha ki, Azərbaycanda nəinki belə bir durum var, əksinə, bolluq, rahatlıq, dinclikdir.

Konkretləşdirirəm:

1) Vəziyyət ağır olsaydı, ilk 6 ayın rəqəmlərinə görə, qeyri-neft məhsulları üzrə idxal-ixrac əməliyyatlarında müsbət saldo yaranmazdı. Çünki vəziyyəti ağır olan ölkələrə nə xarici şirkətlər mal satmağa həvəs göstərir, nə də ölkə daxilindəki iş adamları mal gətirməyə qabil olur. Əgər ölkəyə istənilən növ mal rahat girib-çıxırsa, gələn mallar bazarda yaxşı satılırsa, alacaq-verəcək məsələləri üçün xüsusi risklər yoxdursa, vəziyyət əladır demək!

2) Vəziyyət ağır olsaydı, mağazalarda çörək növbələri yaranar, qənd, çay, düyü, makaron, yuyucu vasitələr və s. kimi ən zəruri vasitələr qıt olar, istehlak dəhşətli ölçüdə minimuma düşərdi. Azərbaycan bütün qonşu ölkələrimiz arasında ağ və qırmızı ət məhsullarını ən çox, dünya standartlarına uyğun miqdarda istehlak edən ölkədir. Deməli, vəziyyət lap əladır!

3) Azərbaycanda içməli su və elektrik problemi yoxdur, yaşayış məntəqələrinin əksəriyyəti qazlaşdırılıb, hətta sovet dövründə odun yandıran bir çox ucqar kəndlərə də qaz çəkilib, yollarımız şüşə kimidir, ictimai nəqliyyat ən müasir vasitələrlə təmin olunub, şəxsi avtomobillərin sayı o qədər artıb ki, nəinki Bakıda, hətta rayonlarda tıxac yaranır, yanacaqdoldurma məntəqələri, ictimai iaşə obyektləri, restoranlar, şadlıq evləri dolub-daşır. Azərbaycan əhalisi belə yaxşı güzəranı haçan görmüşdü?

4) Övladlarımızın təhsilə çıxışı yüksək səviyyədədir, ali məktəblərin prestijli fakültələrinə qəbul üçün keçid balı 600 baldan çoxdur, bu isə ixtisas qrupu üzrə ümumi orta təhsilin 80%-dən çox mənimsənilməsi deməkdir. Öncəki nəsillərdən daha savadlı və müasir yeni kadr potensialımız var. Vəziyyət o ölkələrdə "ağır" sayılır ki, kadr potensialı, insan kapitalı zəifləsin. Deməli, danışdıqlarınız boşboğazlıqdır, vəziyyət superdir!

5) Təqaüdlər, müavinətlər, digər bu kimi sosial yardımların verilməsində gecikmələr yoxdur, hər kəs vaxtlı-vaxtında öz pulunu kart vasitəsi ilə dövlətdən alır. Prezidentin verdiyi sərəncamla maaşlar da artıb və bu yüzminlərlə insanı əhatə edir. Vəziyyət ağır olan ölkədə dövlət harada görünüb ki maaş qaldırsın? Vəziyyət ağır olan ölkədə harada görsənib ki, ümumi daxili məhsul istehsalı artsın? Deməli, bədbinlik yaymağınız əsassızdır və sosial-iqtisadi göstəricilər ölkəmizə nikbin yanaşmağımızı şərtləndirir.

6) Azərbaycanın istər daxili turizm bazarı, istərsə də ölkədən xaricə istirahətə gedənlərin sayı ildən-ilə artır, böyüyür. Vəziyyət ağır olan ölkədən xaricə istirahətə getmirlər Nuraddin Məmmədli, qaçaq yolla rezin qayıqlarda həyatlarını təhlükəyə atıb miqrasiya edirlər, yollarda soyuqdan donub ölür, orqan ticarəti mafiyasının qurbanına çevrilirlər. Ağır nədir, yaxşı necə olur, fərqinə vara bilmirsinizmi?

7) Dövlət məcburi köçkünlər üçün qəsəbələr salır, jurnalistlərə ev tikib hədiyyə edir, qazilərə, əlillərə avtomobil bağışlayır, sosial mənzil layihələri tətbiq edilir, aşağı məmur təbəqəsi üçün güzəştli şərtlərlə binalar inşa edilir, torpaq sahələri ayrılır... Daha nə olsun?

Əlbəttə, mən heç də onu demirəm ki, ölkədə problem yoxdur, hər şey idealdır, məmurların hamısı ləyaqətlidir, rüşvət nədir bilmirlər, ədalət anlayışı özünə toz qondurmur, məhz onları da deyirəm və bu problemlərin həlli üçün şəxsən Nurəddin Məmmədlidən qat-qat çox ictimai təşəbbüs göstərirəm. Elə bu günlərdə Azərbaycanda tələbələrin yataqxana probleminin tam həlli ilə bağlı məsələ qaldırdım və bildiyim qədər, bu təşəbbüs müvafiq qurumların gündəliyinə düşüb artıq. Fəqət Azərbaycanda ağır vəziyyətdə olan insanlar və qurumlar da var, qısaca onları da sadalayım.

a) Nurəddin Məmmədlinin özünün vəziyyəti siyasi baxımdan ağırdır. Uzun illərdir ki, siyasətdədir, "dovşanşünas" ayamasını üstündən atacaq bir fikri, ideyası olmayıb. Yeni və enerjili gənc nəsil üçün kreativlikdən əsər-əlamət daşımayan, bu özünü təsdiq edə bilməmiş partiya funksioneri hətta naftalin qoxusu da vermir. Onun timsalında naftalin o qədər köhnəlib ki, hətta qoxusunu da itirib.

b) Nurəddin Məmmədlinin sədri Əli Kərimlinin vəziyyəti ağırdır. Başını tovladığı gənclər, illərdir müxtəlif vədlərlə yanında saxladığı orta və yuxarı yaş nəslinin nümayəndələri "nəhayət şərqi söyləmək istəyirik" deyə ondan hakimiyyət istəyir, o isə praktiki olaraq nəinki icra və parlament institutuna, heç bələdiyyələrə də yaxın düşə bilmir.

c) Nurəddin Məmmədlinin üzvü olduğu AXCP-də və Milli Şurada vəziyyət gərgindir. Leyla Yunus adlı bir siyasi ləçər AXCP-nin ilk sədri Əbülfəz Elçibəyi "DTX agenti" adlandırır, ancaq Nurəddin Məmmədlinin sədrinin və partiyasının onu Milli Şuradan qovmağa cürəti, təpəri, məfkurəsi çatmır".

AzNews.az