Əli Kərimov, nəyə görə ata-ana söyüşləri yağdırırsınız?! Əli Kərimov, nəyə görə ata-ana söyüşləri yağdırırsınız?!

Əli Kərimli və onun trol dəstəsi siyasi əxlaqsızlıq nümunəsidir

Əli Kərimov, nəyə görə ata-ana söyüşləri yağdırırsınız?!

Sizcə, radikal müxalifətin öncülü yarlığı ilə tanınan Əli Kərimli nə zamansa iqtidara gələrsə, respublikanın ictimai-siyasi həyatı necə dəyişər? Kimdən soruşum? Heç kimdən. Çünki, əvvəla, belə bir perspektiv o qədər qeyri-gerçəkdir ki, ciddiyə almağa dəyməz. İkinci, bu barədə Kərimliyə əks cəbhədən kim nə desə, qaragüruh “hurrey” deyib, “trol-mrol” qarışıq keçəcəklər “hücum”a və bağıracaqlar ki, ay, nə bilim, hakimiyyətin mövqeyidir, hakimiyyət öyrədib, daha nə, nə... Ona görə də, heç özümüzü dağa-daşa salmadan, onların öz cəbhəsinə göz gəzdirək, görək, hələ bir nə var-nə yox?

Okeanın o tayında yuvalanmış keçmiş ANS-çi, pələ-pətrüs müxalif mövqeyi ilə tanınan İsmayıl Cəlilov adlı bir nəfər AXCP sədri ilə, onun siyasi hakimiyyətə daşımaq “əzmi”ndə olduğu “söz və mətbuat ideologiyası” haqqında, açıb sandığı, töküb pambığı... Səbəb nə imiş? – Səbəb o imiş ki, İsmayılın özü demişkən “4 min nəfərlik efir”ində Əli Kərimli haqqında ortabab bir tənqid səsləndirilibmiş. Bunun qarşılığında, Kərimlinin trol dəstəsi onu söyüşlərə qonaq edib...
İndi baxın, bu sözləri hakimiyyət təmsilçisi, iqtidara simpatiyalı kimsə demir, bu sözləri hakimiyyəti illərdir tənqid edən, bir çox hallarda bəlkə özü də əndazəni aşmış adam deyir. Deyir ki, “...AXCP-nin trolları tökülüşdü üstümə, iki gündür “feysbuk” və “yutub” səhifəmdə ana-ata söyüşlərinə məruz qalıram, iki gündür bu söyüşləri silməklə məşğulam. Adi bir tənqidə bu qədər söyüşlə cavab verən yaramaz bir qrupa nə deyəsən?!
...Mən sizin qurmaq istədiyiniz Azərbaycandan qorxuram. Əminəm ki, hakimiyyətə gəlsəniz, ölkəni 1992 – 1993-cü illərdə olduğu kimi yenə səfalətə, uçuruma sürükləyəcəksiniz.
...Əli Kərimov, nəyə görə ata-ana söyüşləri yağdırırsınız?! Bunlar hakimiyyətin yox, sənin tərəfdarlarındır. Tərəfdarlarına göstəriş ver ki, mediaya hücum etmək olmaz!
...Nədən qorxursunuz, niyə mediaya təzyiq göstərirsiniz? Sizin ardınızca gedən məxluqlar niyə mənim sosial şəbəkə səhifələrimi alçaqcasına təhqir edir?! Bu gün müxalifətdəsiniz, tərəfdarlarınız belə edir, iqtidara gəlsəniz jurnalistlərin başına nə oyun açacaqsınız? Budurmu Azərbaycana vermək istədiyiniz gələcək?!
...Hər gün danışmağa vaxt tapırsınız, lakin bir dəfə belə gələcək haqqında, platformanız haqqında danışmamısınız.
Mən sizin gələcəklə bağlı fikirlərinizi bilmək istəyərdim. Lakin görün tərəfdarlarınız hansı biabırçılığı yaradır? Belə liderlik olmur! Əbülfəz Elçibəyin irsini çamura bulaşdırmayın! Sizin yolunuzu gedənlər mənəviyyatsız qaragüruhdur.
...Əli Kərimli, açıqlayın, siz Azərbaycanın gələcəyini necə görürsünüz, müstəqil mediaya alçaqcasına hücum edən iqtidar quracaqsınız? Budurmu Azərbaycanda qurmaq istədiyin gələcək? Əgər bu deyilsə, niyə tərəfdarlarınız belə alçaq hərəkət edir? Sizin tərəfdarlarınız özünə çoban axtaran sürüdür.
Məgər Əli Kərimli peyğəmbərdir ki, onu tənqid etmək olmaz?! Siz hansı haqla müstəqil mediaya təzyiq edirsiniz? 4 min izləyicisi olan kanaldan qorxursunuz? Budurmu sizin azad, demokratik ideyalarınız? Ar olsun sizə!
Mən müxalifətdən belə alçaq hərəkət gözləmirdim, ana söyüşünə qədər eşitdim. Daha nə edəcəksiniz? Siz iqtidara gəlib medianı kökündən bağlayacaqsınız!? Sizin qurmaq istədiyiniz Azərbaycandan qorxuram!”
Kərimlinin ən kiçik tənqidə belə kərimsiz olduğu deyilirdi. O da deyilirdi ki, başçısı olduğu partiya içində “cubbulu” da olsa, diktaturafason bir ortam yaradıb. Hər gün söz azadlığından, demokratiyadan, bu plandakı dəm-dəstgahdan dəm vuran bu radikal siyasətçi (yaxud bloger), yeni medianın canına daraşdırdığı “trol-mrol” dəstəsini də havayı bəsləmir. Onlar söyüş üçün, təhqir üçün haqq alırlar.
Sözün bütün anlamlarında “o tərəflər”də olan İsmayılın uğradığı ağır söyüşlü trol hücumu göstərir ki, Kərimli vaxtilə Prezident Aparatında şöbə müdiri, dövlət katibi postlarını tutarkən müstəqil, müxalif mövqeli mediaya qarşı hansı dözülməz xətdə olubsa, illər keçdikdən sonra da, ordadır... O zamana – doxsanıncı illərə bəlkə də, bir balaca bəraət qazandırmaq olardı: müstəqilliyin ilk illəriydi, demokratik təsisatlar yeni-yeni yaranırdı və s. Bəs, indi niyə belə edirsiz? Bəs, özün indiki iqtidarın ünvanına olmazın tənqidlər yağdıra-yağdıra, nə təklif edirsən? – Söyüşmü? Təhqirmi? Göydən daş ələ bunların başına, Tanrı!

Əkbər QOŞALI,
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri