Niyaməddin Orduxanlı: Əli Kərimli sifariş əsasında təxribatla məşğul olur Niyaməddin Orduxanlı: Əli Kərimli sifariş əsasında təxribatla məşğul olur

Əli Kərimli niyə öz övladlarını icazəsiz aksiyaya göndərmir?!

Niyaməddin Orduxanlı: Əli Kərimli sifariş əsasında təxribatla məşğul olur

Milli Şura oktyabrın 19-da Bakı şəhərində icazəsiz aksiya keçirmək niyyətindədir. Bu aksiyalara isə partiyaların münasibəti birmənalı deyil.

Mövzunu BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı ilə davam etdirdik.

O, AzNews.az-a açıqlamasında dedi ki, Əli Kərimli sifariş əsasında təxribat törətməyə cəhd göstərir:

"Əli Kərimlinin 3 övladı var. Uzun illərdir, biri Amerikada, ikisi isə İngiltərədə yaşayır. Adama deyərlər ki, sən övladlarını xaricdə yaşadırsan, ancaq öz təxribatına başqalarının övladlarını qurban vermək istəyirsən. Bu necə olur? Niyə 28 yaşlı oğlunu icazəsiz aksiyaya qoşmursan?! Gətir Amerikadan, qoy aksiyaya çıxanların önündə dursun!. Bundan özünüz nəticə çıxarın. Əli Kərimli əsgərlik yaşını geçən oğlunu nəinki aksiyaya, vətənə xidmət borcuna, əsgərliyə belə göndərmir".

Politoloq Əli Kərimlinin oğlunun fərari olduğunu bildirdi:

"Bunu sosial şəbəkələrdə yayanda, Səfərbərlik Xidməti rəsmi olaraq dedi ki, Türkel Kərimli hal-hazırda hərbi xidmətdən yayınır. Belə olan halda Əli Kərimlinin çağırışına dəstək verməyin. Onsuz da onun itirəsi heç nəyi yoxdur".

Niyaməddin Orduxanlı vurğuladı ki, cənab Prezident İlham Əliyevin son aylar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar və islahatların davam etdiriləcəyi barədə verdiyi vədlər cəmiyyətdə sosial gərginliyi xeyli azaldıb:

"Əli Kərimli də xalqın onlara dəstək verməyəcəyindən əmin olduğu üçün Lökbatana getməkdən imtina edir. Çox yaxşı bilir ki, belə bir vəziyyətdə Azərbaycan ictimaiyyəti onu dəstəkləməyəcək. Məqsədli şəkildə icazəsiz aksiya keçirib qarşıdurma yaratmaq, kiminsə həbsinə səbəb olmaq niyyətindədir. Nəticədə dövlətimizin imicini korlamaq istəyir. Hökümət isə onların aksiyasına icazə verib. Özü qəsdən razılaşdırılmamış yerdə aksiya keçirməklə polislə qarşıdurma yaratmaq fikrindədir. Əli Kərimlinin niyyəti nəyin bahasına olursa olsun, ölkəmizdə sabitliyin pozulmasına cəhd göstərməkdir".

QHT sədri hesab edir ki, indiyədək Əli Kərimlinin bu tipli qərarları çox olub, ancaq heç nə dəyişməyib:

"Narazı insanlara demək istəyirəm ki, kimin arxasınca getdiyinizin fərqində olun. Onlardan xarici və daxili mafioz qüvvələr islahatları durdurmaq üçün istifadə edir. Konkret olaraq Əli Kərimlinin timsalında bunu misal çəkə bilərəm. O, sifariş əsasında fəaliyyət göstərən adamdır. Bir gün başqa sifariş gələn kimi, onu da icra edəcək. Bu, dəfələrlə sübut olunub. Rüstəm İbrahimbəyovun prezidentliyi məsələsində olduğu kimi. Xalqımızın isə indiki tarixi dönəmində fəal vətəndaşlara çox böyük ehtiyacı var. Ailənizi və özünüzü mənasız mərhumiyyətlərlə üz-üzə qoyub kimlərinsə oyunlarında iştirak edib, sivil təkamül prosesinə və ermənilərin arzuladığı formada ölkənin beynəlxalq imicinə zərbə vurmayın".

AzNews.az