Elman Nəsirov: “Bir yumruq kimi birləşib həmin o problemin həllinə yönəlmək lazımdır” Elman Nəsirov: “Bir yumruq kimi birləşib həmin o problemin həllinə yönəlmək lazımdır”

YAP-dan müxalifətin Qarabağ tədbirinə müsbət reaksiya

Elman Nəsirov: “Bir yumruq kimi birləşib həmin o problemin həllinə yönəlmək lazımdır”

Noyabrın 17-də saat 14.00-da ADP-nin qərargahında saat 14:00-da Qarabağ Komitəsinin (QK) təşkilatçılığı ilə tədbir keçiriləcək. Tədbir Milli Dirçəliş Gününə həsr olunacaq. Qarabağ Komitəsinin İdarə Heyəti adından AXP sədri Pənah Hüseyn sosial mediada bəyan edib ki,

“Qarabağ, Qarabağ,

Səndən ötrü can verməyə,

Səndən ötrü qan tökməyə

Cümlə hazırız" şüarı ilə keçiriləcək tədbirdə Dağlıq Qarabağ məsələsi ətrafında müzakirələr aparılacaq, münaqişə istiqamətində gedən son proseslər dəyərləndiriləcək. P.Hüseyn İdarə Heyəti adından hamını bərabər statusla sözügedən tədbirə dəvət edib.

Qarabağ Komitəsinin təsisçilərindən olan, AĞ Partiyanın sədri Tural Abbaslı isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, tədbirdə heç bir siyasi şüar səsləndirilməyəcək. Bura Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar dəvətlidir. Bəzi partiya rəhbərlərinə dəvətlər də göndərilib, onlarla ayrı-ayrılıqda söhbətlər edilib. Amma xüsusi bir dəvət yoxdur.

T.Abbaslı ile ilgili görsel sonucu

T.Abbaslı hakim Yeni Azərbaycan Partiyasını da tədbirdə iştiraka dəvət edib: “Bu mövzu ümummilli məsələdir. Biz güman edirik ki, bu məsələdə heç kim siyasi maraq güdməyəcək, bundan öz siyasi məqsədləri üçün istifadə etməyəcək. Burada heç bir partiyanın adı önə çıxmır.

Məndə olan məlumata görə, iştirak üçün Yeni Azərbaycan Partiyasına xüsusi bir dəvət göndərilməyib. Amma bu, Qarabağ mövzusu olduğu üçün hər kəs dəvətli olduğunu düşünməlidir. Sizin qəzet vasitəsilə Qarabağ Komitəsinin idarə heyətinin üzvü olaraq, Yeni Azərbaycan Partiyasını bu tədbirə dəvət edirəm, səslənirəm, iştirak etsinlər, mövqelərini bildirsinlər, Qarabağ mövzusu ətrafında çıxış etsinlər. Qarabağ məsələsində müxalifət-iqtidar ayrı-seçkiliyinə qarşıyıq".

Elman Nəsirov ile ilgili görsel sonucu

Yeni Azərbaycan Partiyasının deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələrin keçirilməsi özü-özlüyündə müsbət hadisədir: “Çünki bir çox hallarda biz nəyin şahidiyik, xüsusilə radikal müxalif kəsim hər şeydən danışır, iqtidarı hər şeydə ittiham edir bircə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hakimiyyətin yeritdiyi siyasətə dəstək, onu bu sahədə müdafiə etmək tendensiyası yoxdur. Qondarma ”erməni soyqırımı" ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatası bir qətnamə qəbul edir, həmin müddətdə biz radikal müxalifətin bu qətnamə əleyhinə heç bir mövqeyini eşitmirik. Əksinə, onlar həmin vaxt Vaşinqtonda anti-Azərbaycan mövqeli konfrans keçirirlər, bir kəlmə də olsun Ermənistanın işğalçılıq siyasəti ilə bağlı mövqe ortaya qoymurlar. Bax, bu reallıqlar fonunda bəli, müəyyən müxalifət təşkilatlarının bir araya gəlib Azərbaycan üçün ən ağır, ən mürəkkəb bir problemi müzakirə etməsi özü-özlüyündə müsbət hadisədir və təqdir olunandır. Sadəcə olaraq burada hesab edirəm ki, müzakirələrin gedişatında vəziyyətdən çıxış yolları, problemin həll yolları, əsaslandırılmış mövqe ortaya qoyulmalıdır. Bəzən görürsən müxalif partiyalar heç bir analiz aparmadan bəyan edirlər ki, müharibəyə başlamaq lazımdır. Bu tələblər irəli sürülür, lakin risklərin hesablanması ortada yoxdur. Bəzi müxalif qüvvələr isə bəyan edirlər ki, müharibəyə başlamaq lazım deyil. Hər iki halda təhlil və analiz ortada yoxdur, risklər hesablanmır. Ona görə də hesab edirəm ki, müzakirələrin gedişatında istənilən yanaşma, istənilən mövqe çox ciddi təhlillərin nəticəsi olaraq ortaya qoyulmalıdır, beynəlxalq konyuktura nəzərə alınmalıdır, Azərbaycanın müttəfiqləri, Azərbaycanın imkanları kimi məsələlər nəzərdən keçirilməlidir".

E.Nəsirov ilk növbədə hesab edir ki, Ermənistanın təcavüzkar siyasətinə son qoymaq və ümummilli məsələni həll etmək üçün iqtidar və müxalifət eyni mövqedən çıxış etməlidir: “Ümumiyyətlə, ümummilli məsələlərdə iqtidar və müxalifətçilikdən söhbət gedə bilməz. Bir yumruq kimi birləşib həmin o problemin həllinə yönəlmək lazımdır. Amma təəssüf ki, müxalifətin mövqeyində biz bunun şahidi olmuruq. Çox istəyərdim ki, budəfəki müzakirələrdə bu yanaşmalar nəzərə alınsın. Yanaşmalar nəzərə alınmayanda subyektiv meyllər ortaya çıxır, ambisiyalardan çıxış edən mövqelər sərgilənir. Bu isə qəbuledilməzdir. Dövlətçiliyə qarşı müxalifətdə olmaq olmaz. Ümummilli məsələlərdə müxalifətçilik etmək olmaz. Ona görə də hesab edirəm ki, təyin olunmuş tədbirdə müzakirələr ümummilli məsələlərdə ortaq mövqe kontekstində gedərsə və bununla əlaqədar hakim partiyaya müraciət olarsa, belə olan halda həmin müraciət müzakirə oluna, təhlil edilə və müsbət cavab verilə bilər. Şübhəsiz ki, bu, partiyamızın rəhbərliyi səviyyəsində baxıla biləcək məsələdir”. (Musavat.com)

AzNews.az