Ağ Evin sahibi: Dünya idarəetməsində əsgərin çox olmasının heç biri əhəmiyyəti yoxdur Ağ Evin sahibi: Dünya idarəetməsində əsgərin çox olmasının heç biri əhəmiyyəti yoxdur

Tramp gözlənilmədən Əfqanıstana niyə gedib? - Şərhçidən açıqlama

Ağ Evin sahibi: Dünya idarəetməsində əsgərin çox olmasının heç biri əhəmiyyəti yoxdur

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp gözlənilmədən Əfqanıstana gedib. Səfər çərçivəsində o, Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşüb. Daha sonra Birləşmiş Ştatların qoşunlarına baş çəkib.

Prezidentlərin görüşündən sonra Tramp Talibanın razılaşma əldə etmək istədiyini deyib.

Taliban niyə mərkəzi hakimiyyətlə deyil, Birləşmiş Ştatlarla danışıqlara başlayıb?

Mövzunu beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli ilə davam etdirdik.

O, AzNews.az-a açıqlamasında ABŞ-ın Əfqanıstana daxil olarkən diqqət yetirdiyi əsas məqamın Əfqanıstanın strateji mövqeyi olduğunu bildirdi.

"Belə ki, Əfqanıstan Çin, Pakistan ilə həmsərhəddir. Rusiya ilə yaxındır. Hindistana çıxışı olan ölkədir. Asiyanın da tən ortasında yerləşir. Eyni zamanda bu ölkəni kimsə ələ keçirsə, Asiyanın ortasından keçən yollara, dəhlizlərə də nəzarət edir. Ölkədə kim hakimiyyətdədirsə və ya hakimiyyətdə olan qüvvələri kim idarə edirsə, eyni zamanda Çinə, digər müsəlman ölkələrinə, Hindistana, ən nəhayət İrana və Rusiyaya təsir göstərmək imkanına malik ola bilir”.

Şərhçi Birləşmiş Ştatların da qlobal şəkildə nəzarəti ələ keçirdiyini vurğulayıb.

"Amerika Çin, Hindistan, həm də Rusiya coğrafiyasına yaxın yerlərdə möhkəmləndi. Həmin yerlər dünyanın idarə olunmasında böyük rol oynayacaq. Asiyanın mərkəzindən keçən yollara nəzarəti ələ keçirməklə gələcəkdə orada daha da möhkəmlənmək üçün strategiya hazırlamış oldu.

Ora daxil olmasına səbəb kimi guya ki, terrorla mübarizə aparması göstərilsə də, ancaq əsas məsələ dünya idarəetməsində böyük rola malik olması ilə bağlı idi".

Ə.Əlibəylinin sözlərinə görə, dünyanın bir sıra yerləri var ki, bu ərazilər boyunca kim hərbi qüdrətə malikdirsə, dünya siyasətinə də təsir göstərə bilir. Bu baxımdan Amerikanın hökmdarlığı ələ keçirdiyini görmək mümkün olur. ABŞ siyasətində Respublikaçılarla Demokratlar arasında Əfqanıstan, Yaxın Şərq, İslam aləmi xüsusi əhəmiyyət kəsb edir, müzakirə mövzusudur:

"Məsələn respublikaçı Corc Buş Əfqanıstana hücum edilməsinin tərəfdarı idisə, onun əleyhdarları olan demokratlar əsgər ölümlərinə görə bunu doğru hesab etmirdilər. Tramp isə düşünür ki, dünya idarəetməsində əsgərin çox olmasının heç biri əhəmiyyəti yoxdur. Əsas məsələ nüfuzla bağlıdır. Harada nüfuzun varsa, orada 3-5 min əsgərlə təmsil olunmaq kifayətdir. Bununla həm də hərbi bazaları da mövcud olur. Onlar daha çox müttəfiqliyə və muzdlu qoşun növlərindən istifadəyə önəm verir", - deyə şərhçi qeyd edib.

O, keçən 18 il ərzində Talibanı məğlub etməyin mümkün olmadığını və İŞİD-in son vaxtlar İraqdan, Suriyadan məğlub olaraq çıxması, Mərkəzi Asiyada və Əfqanıstanda cəmləşməsi prosesi getdiyini bildirib.

"Yəqin ki, yaxın vaxtlarda Taliban vasitəsilə İŞİD-in yenidən xortlamasının da şahidi olacağıq. Düşünürəm ki, İŞİD-lə ABŞ arasındakı əlaqənin şübhəli olması bu cür əlaqələrin mövcud olduğunu düşündürdü. Deyəsən, həmin əlaqələr də isbat olunmaqdadır. Talibanla münasibətlərin kökündə həmin bölgədə bu dəfə yəqin ki, böyük ssenarinin hazırlandığını da görmək mümkündür", - deyə Ə.Əlibəyli deyib.

Pərvanə Ağazadə

AzNews.az