"Türkiyə də öz maraqlarını müdafiə etmək üçün Liviya qanuni hökuməti ilə müqavilələr imzalayıb və ona uyğun addımlar atır” "Türkiyə də öz maraqlarını müdafiə etmək üçün Liviya qanuni hökuməti ilə müqavilələr imzalayıb və ona uyğun addımlar atır”

Türkiyə üçün inanılmaz fürsət: Əgər alınsa 500 illik... - Politoloq

"Türkiyə də öz maraqlarını müdafiə etmək üçün Liviya qanuni hökuməti ilə müqavilələr imzalayıb və ona uyğun addımlar atır”

Həm Suriya, həm Liviyada baş verənlər, eyni zamanda, “Ərəb baharı”nın yaşandığı yerlər Aralıq dənizi ətrafı ölkələrdir. Aralıq dənizinin şərq hissəsində və Liviya sahillərinə yaxın ərazilərdə milyardlarla barel neft, təbii qaz ehtiyatlarının olduğu bildirilir. Bu, ABŞ başda olmaqla, qərb dövlətlərinin marağını çəkib. Məhz bu səbəbdən də, bir çox ölkədə dövlət çevrilişi baş verib. 2011-ci ildə Liviyada, sonra Misirdə hakimiyyət dəyişikliyi yaşanıb. Unutmayaq ki, belə böyük təbii ehtiyatın yerləşdiyi ərazilərdən biri də Aralıq dənizinin Suriya sahilləridir. İndi Suriyada durum göz önündədir...

AzNews.az bildirir ki, bu fikirləri Teleqraf.com-a politoloq Oqtay Qasımov “Türkiyənin Aralıq dənizi sahillərində, xüsusilə, Liviya sularında yeni neft və qaz axtarışlarına başladığı” haqda xəbərləri şərh edərkən deyib.

Oqtay Qasımov xatırladıb ki, Türkiyə sahil ölkəsi olmasına baxmayaraq, onu mümkün qədər bu prosesdən kənarda saxlamağa çalışıblar.

Onun sözlərinə görə, burada müxtəlif kombinasiyalar qurularaq, faydalı qazıntıların Türkiyə ərazisinə düşə biləcək hissəsinin azaldılmasına cəhdlər edilib:

“Bunun üçün İsrail, Yunanıstan və Cənubi Kipr arasında saziş imzalandı. Tərəflər Aralıq dənizindəki karbohidrogen ehtiyatlarının işlənməsi və kəşfiyyat işlərinin aparılması barədə razılığa gəldilər. Bundan sonra prosesə bir çox ölkənin iri şirkəti cəlb edildi, xüsusilə, ABŞ və Fransanın. Türkiyə də öz maraqlarını müdafiə etmək üçün müxtəlif variantlara əl atdı. Əvvəlcə, Şimali Kipr sularına özünün kəşfiyyat-qazma gəmilərini göndərdi. Ötən il isə Türkiyə ilə Liviya arasında əməkdaşlıq sazişi imzalandı. Aralıq dənizinin Türkiyə ilə Liviyanı kəsişdirən hissəsi sazişə daxil edildi və Türkiyə bunun əsasında Liviyaya hərbi dəstək göstərdi. Həmçinin, anlaşmaya görə, Türkiyə bu ərazilərdə qazma-kəşfiyyat işləri aparmaq hüququ da qazandı. Bir sözlə, burada qlobal güclərin toqquşması baş verir. Türkiyə də öz maraqlarını müdafiə etmək üçün Liviya qanuni hökuməti ilə müqavilələr imzalayıb və ona uyğun addımlar atır”.

Oqtay Qasımov xatırladıb ki, əgər, Ankara tərəfindən həmin ərazilərdə kəşfiyyat işləri aparılacaq və böyük ehtiyatlar kəşf ediləcəksə, bu zaman Türkiyənin xidmətləri diqqətə alınacaq:

“Yəni böyük ehtiyatlar ortaya çıxsa, sözsüz ki, bunun işlənməsi gündəmə gələcək və Türk şirkətləri də buradan nəhəng pay alacaqlar. Bunlar mümkün hallardır. İkincisi, Aralıq dənizində qeyd edilən neft və qaz ehtiyatları o qədər çoxdur ki, bunu təsəvvür etmək belə çətindir. Məsələn, iqtisadçıların hesablamalarına görə, yalnız qaz ehtiyatı Türkiyənin 500 illik ehtiyacını ödəyəcək səviyyədədir. Söhbət ciddi rəqəmlərdən gedir. Bu mənada Suriya və Liviyada vətəndaş müharibəsinin yaradılması təsadüfi deyil”.