O siyahını Rusiya tutub, yoxsa Kristina Puşau? - DETALLAR

Erməni diasporundan Türk Media Platformasına “Rusiya” böhtanı

Rus dilində məlumatlar yayan “Dossier center” adlı internet resursunda Azərbaycandan 76 nəfər ictimai xadim, politoloq, jurnalist, müəllim və tələbəni əhatə edən siyahı tirajlanıb. Saytın iddiasına görə, bu siyahı Rusiya prezidenti yanında Regionlararası və xarici mədəni əlaqələr idarəsinin rəhbəri, öz ölkəsinin xüsusi xidmət orqanlarının generalı olduğu söylənilən Vladimir Çernovun “kağız-kuğuzları” arasından tapılıb və həmin şəxslərdən Kremlin Azərbaycandakı maraqlarının təmin olunması üçün yararlanmaq arzusu varmış. Siyahıda adı əks olunan jurnalist və ekspertlərin açıqlamaları ilə qısa zamanda məlum olub ki, ismi keçən şəxslər Rusiyada fəaliyyət göstərən “Сənub-Şimal” Politoloji Mərkəzinin MDB ölkələrinin nümayəndələrinin iştirakı ilə həyata keçirdiyi layihələrin iştirakçılarıdır. “Böyük Avrasiya- sərhədsiz imkanlar” adlanan layihə çərçivəsində 26-27 noyabr 2019-cu ildə Novosibirskdə “Media trendlər. Yeni imkanlar və çağırışlar” mövzusunda mediaforum, həmin ilin 24-25 sentyabr tarixlərində Həştərxanda “V Xəzəryanı media forumu” və bu kimi tədbirlər- gənclərin debatı, videokörpülər və s. təşkil olunub. Bütün tədbirlər mediaya açıq keçirilib, həm iştirakçılar, həm də gündəlik haqqında iştirakçı ölkələrdə mətbuatda xəbərlər yayımlanıb. Odur ki, həmin layihənin nəinki Azərbaycandan, eləcə də bütün MDB ölkələrindən olan iştirakçılarını müəyyən etmək o qədər də çətin deyil, bunun üçün sadəcə Google axtarış sistemi vasitəsi ilə bir balaca vaxt itirmək lazımdır. Ondan sonra həmin tədbirlərin iştirakçılarını toplam şəkildə nəinki Vladimir Çernovun “Kremlin maraqları baxımından işlənməsi mümkün adamlar" siyahısı, hətta Marsa göndəriləcək ilk insan koloniyasının ehtimal olunan tərkibi kimi də təqdim etmək olar.

Lakin mütləq əksəriyyəti Azərbaycanın milli maraqlarının prinsipial müdafiəçilərindən olan, çoxları rus dilində heç doğru-dürüst danışmağı da bacarmayan belə bir siyahının yayılması, ardınca Azərbaycan ictimai rəyinə “Kremlə işləyənlərin”, “Rusiya agentlərinin siyahısı” qismində təqdim olunması heç də təsadüfə oxşamır. Çünki sentyabr ayının əvvəllərində Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın eyni adlı şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun arasında görüş keçirilib, daha sonra hər iki ölkənin media qurumlarının məsul şəxslərinin də bir araya gəlməsi ilə Azərbaycan-Türkiyə Ortaq Media Platformasının qurulması istiqamətində əməli addımlar atılmağa start verilib. Bu təşəbbüs həm Azərbaycan, həm də Türkiyə liderlərinin ortaq iradəsini nümayiş etdirməklə, iki qardaş dövlət arasında “Tovuz döyüşləri”ndən sonra daha da dərinləşən, hərbi istiqamət xüsusi daxil olmaqla hərtərəfli münasibətlərin ictimai aynasını qurmağı hədəfləyir. Eyni zamanda, heç kimə sirr deyil ki, son bir ildə Azərbaycanda ictimai rəyin formalaşması prosesinin kurasiya edilməsində bir boşluq yaranmış və bundan istifadə edən anti-Azərbaycan qüvvələr- Rusiyapərəstlər, İranpərəstlər, Qərbpərəstlər, Fətullah Gülən tərəfdarları və digərləri milli ideoloji cəbhəyə hücumlarını intensivləşdirmişdilər. Lakin medianın kurasiyası prezidentin köməkçisi Hikmət Hacıyevə həvalə ediləndən sonra media sektorunun milli və dövlətçi seqmenti yenidən təmərküzləşdirilir. Bütün bunlar isə Azərbaycan-Türkiyə hərbi-siyasi ittifaqından narahat olan qüvvələrin, ilk növbədə isə Ermənistanın və erməni diasporunun diqqətindən kənarda qala bilməz. Odur ki, erməni diasporu Türk Media Platformasina “Rusiya böhtanı” atmaqla hiyləgər bir gediş etmiş oldu və əksəriyyəti iliyinəcən patriot olan ən milli imzaları ləkələməklə həmin platformanın qurulmasına əngəl törətməyə çalışdı. Məqalədə “Trend” İA-nin direktoru İlqar Hüseynovun “anti-Türkiyə” obrazının yaradılması da məhz bu məqsədə xidmət edir. İzlər bizi məhz erməni diasporuna və erməni diasporunun hazırda Tiflisdə mənzillənmiş fəal nümayəndələrindən birinin- Kristina Puşaunun üstünə aparır.

ABŞ vətəndaşı olan, ABŞ-ın Cənubi Kaliforniya Universitetində təhsil alarkən Erməni Tələbələr Cəmiyyətinin sədri olmuş Kristina Puşau sıradan bir aktivist deyil, bir neçə xarici dil bilməklə yanaşı, bir budaqda oturub min budağı silkələməyi bacaran xüsusi təhlükəli avantüristdir. Rus dilini də kifayət qədər yaxşı mənimsəmiş Kristina Puşau rusiyalı mühacirlər tərəfindən təşkil olunan “Azad Rusiya Forumu”nun əsas konsultantlarından biridir. Həmin forum ilk dəfə 2016-cı ildə Litvanın paytaxtı Vilnüs şəhərində təsis edilib və onun işbirliyində olduğu əsas təşkilatlardan biri də məşhur rus oliqarxı Mixail Xodorkovskinin “Açıq Rusiya” təşkilatıdır. Xodorkovskinin başqa bir təşkilatı isə “Azad Rusiya” Fondudur. Bütün bunlardan aydın olur ki, Kristina Puşaunun Mixail Xodorkovskinin çevrəsinə geniş təsir imkanları var. 76 nəfər Azərbaycan vətəndaşını zənn altında buraxan məlum məqalə isə məhz Mixail Xodorkovskiyə məxsus “Dossier center” adlı internet resursunda yayılıb.

Məqalə sayta yerləşdirilər-yerləşdirməz “Azadlıq” qəzetinin sabiq baş redaktoru Qənimət Zahidə məxsus video-kanalda müzakirəyə çıxarılır və müzakirədə “Azadlıq” qəzetinin hazırda Hollandiyada yaşayan keçmiş əməkdaşı Fikrət Hüseynli, Anadolu türkləri demiş, “yorum” yapır. Bu həmin Fikrət Hüseynlidir ki, 2017-ci ilin sonlarında Ukraynada yerli polis tərəfindən saxlanılarkən onun sərbəst buraxılmasında məhz Kristina Puşaunun ciddi rolu olmuşdu.

Elə bu səbəbdən F. Hüseynli Hollandiyaya qayıtdıqdan sonra sərbəstliyə qovuşması münasibəti ilə erməni diaspor fəalına xüsusi təşəkkür etmişdi. Fikrət Hüseynlinin başqa bir yaxın əlaqəsi isə keçmiş səhiyyə naziri Əli İnsanovladır. Hətta, əvvəlki dövrlərin jurnalistləri yaxşı xatırlayırlar ki, o, “Azadlıq” qəzetinə məhz Əli İnsanovun əlaqələndiricisi kimi işə götürülmüşdü. Əli İnsanov hazırda partiya yaradıb və onun siyasi çevrəsini təşkil edənlərdən biri də sabiq YAP-çı deputat Eldar Sabiroğlunun oğlu Rüfət Səfərlidir. Fikrət Hüseynlinin dostluq etdiyi Rüfət Səfərlinin Qənimət Zahidin proqramı bitər-bitməz “Dossier center”in məqaləsini qərəzli şəkildə təhrif edərək yayımlayan saytın baş redaktoru, media cameəsində savadsız və etik danışıq qaydalarına əməl etməyən biri kimi xarakterizə olunan, “dominant teyze” kimi tanınan, birbaşa Rusiyadan maliyyələşən “Sputnik” agentliyinin əməkdaşı olmuş qadın cinsinə mənsub şəxsə xüsusi simpatiyası olduğunu, hətta nümayişkaranə şəkildə onun qabağında baş əydiyini Facebook lentasından görmək olar. Bundan əlavə, Kristina Puşaunun başqa bir azərbaycanlı yaxın tanışı- erməni diaspor fəalının Gürcüstanda həyata keçirdiyi layihəyə koordinatorluq etmiş Ziyəddin İsmayılovun atası Aslan İsmayılov da heç kimin ciddiyə almadığı bir siyahını məhz “Rusiyaya işləyənlər” yarlığı ilə tirajlamaqla məşğuldur.

AzNews.az

image description image description image description