Azərbaycan və Latviya XİN-ləri arasında videokonfrans keçirilib

İki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi və Latviya Xarici İşlər Nazirliyi arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən AzNews.az-a verilən xəbərə görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Latviya tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, siyasi direktoru Yaniş Mazeiks rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Münaqişənin sülh yolu ilə həlli üçün müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə diqqət çəkilib. X.Xələfov Latviyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə Latviya tərəfinə təşəkkürünü bildirib.