"Guya bunlar ağıl dəryasıdır da, öz aləmlərində" "Guya bunlar ağıl dəryasıdır da, öz aləmlərində"

"Daş düşsün o Harvardın başına ki…" - Siyavuş Novruzov bostanına daş atanları qınadı

"Guya bunlar ağıl dəryasıdır da, öz aləmlərində"

Danışdığı məsələ görə son günlər yenidən gündəmə gələn millət vəkili Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinə danışıb.

AzNews.az həmin müsahibəni təqdim edir:

- Siyavuş bəy, feysbukda şəxsi səhifəniz olsa da, nədənsə özünüz haqqında müzakirələrə münasibət bildirmirsiniz. Bunun səbəbi nədir?

- Mən şəxsi səhifəmdə müəyyən yazılar verirəm. Amma bu məsələ ilə bağlı ehtiyac görmədim. Bilirsiniz, onsuz da bunun mənası yoxdur. Çünki ağlı, dərrakəsi kəsən adam söhbətin nədən getdiyini anlayır. Hamı görür, baxır, söhbətin nədən getdiyini bilir. İkinci sinif şagirdi də bilir ki, su, ümumiyyətlə, maye nə ilə ölçülür. Bunu müzakirə mövzusuna çevirməkdə başqa məqsədləri var. Söhbətin mahiyyəti onlara sərf eləmir axı... Mən 30 ildir siyasətdəyəm, belələrini yaxşı tanıyıram. Guya ki, Amerika kəşf edib. Ağlı kəsən adam başa düşür ki, burada söhbət tamam başqa mənadan gedir və mahiyyət də tamam başqadır. Əfsuslar olsun ki, bu məsələni müzakirəyə çıxaranların bir qrupu da guya Harvardda, Oksfordda qurtarıb. Daş düşsün o Harvardın başına ki, bu cür “student”lər yetişdirib! (Gülür) İndi təsəvvür eləyin də.

- Düzü, diqqətimizi çəkməyib. Harvardın tələbələri deyərkən kimləri nəzərdə tutursunuz?

- Saytların rəhbərləri, ya kimlər var. Guya bunlar ağıl dəryasıdır da, öz aləmlərində. Amma dərinə gedəndə vuranda görürsən ki, taxtadır.

- İlk “daş” haradan atıldı, dəqiqləşdirə bildiniz?

- Bəli, bilirəm, bu, haradandır, nə məsələdir, onu da dəqiqləşdirmişəm. Elə ona görə də yuxarıda bəzi fikirlər söylədim. Amma konkret şəxslərin adını ictimailəşdirmədim. Mən elə şeylərə baş qoşsaydım, vaxtımın böyük hissəsi bu məsələlərə gedərdi.

- Bir məsələ də maraqlıdır. Hakim partiyanın rəhbər strukturlarında təmsil olunursunuz, parlamentdə komitə sədrisiniz. Amma partiyadaşlarınızdan, deputat həmkarlarınızdan da müdafiənizlə bağlı fikirlərə rast gəlmədik.

- Vallah, hərənin öz işi. Bəziləri oxuyub, bəziləri oxumayıb. Rayon təşkilatları, gənclər, digərlərinin reaksiyaları var.

- Amma həmkarlarınız susdular. Baxmayaraq ki, dəfələrlə mövqe bildirməyə çağırış etmisiniz...

- Hələ o ənənə formalaşmayıb. Amma hər kəsin öz mövqeyi olmalıdır, hər kəs mövqeyini ortaya qoymalıdır, söhbət ondan gedir. Bu gün elə bir gündür ki, hər bir insan çıxıb tək tərif deməməlidir, həm də əsaslandırmalıdır.