Bir mədhiyyənin şifrələri Bir mədhiyyənin şifrələri

Aslan İsmayılov Ramiz Mehdiyevin Birinci müavini olacaq- ŞOK

Bir mədhiyyənin şifrələri

“Aslan İsmayılov” kod adlı Allahverdi yenə öz ampluasındadır. “Və”dən əvvəl vergül qoyan “çox savadlı” oğlu Vaqifin Fövqəladı hallar naziri Kəmaləddin Heydərova bağlılığı heç kimə sirr olmayan “Gilan Holdinq”ə daxil olan “Alten Group”un baş direktoru olmuş Elmar Heybətovun Moskvadakı yüz milyonluq biznesinə necə tərəfdaş olmasına aydınlıq gətirə bilmədiyindən, yenə də “köhnə val” fırladır. Məsələni yayındırmaq üçün guya Prezident Administrasiyasının keçmiş, AMEA-nın hazırkı rəhbəri Ramiz Mehdiyevə qarşı uzun illər ərzində amansız mübarizə apardığını iddia edir. O suala isə cavab verə bilmir ki, madam Mehdiyevə qarşı belə kəskin mövqeyin vardı, onda PA-nın sabiq rəhbərinin xüsusi diqqətdə saxladığı AMEA-nın Fəlsəfə institutunda necə elmi iş müdafiə edə, sonradan Cəmil Həsənliyə “mənim liderim” dediyin mitinqdə dandığın elmi dərəcəni ala bilərdin? Amma yenə də hiyləgərliyindən tələyə düşüb. Guya Ramiz Mehdiyevə qarşı yazılmış kimi təqdim etdiyi müraciəti başdan-başa mədhiyyədir.

Ancaq bu mədhiyyəyə keçməzdən öncə, gəlin bir gerçəkliyi yada salaq.

Jurnalist, siyasətçi, məmur olmasından asılı olmayaraq istənilən müəllif üçün ictimaiyyətə təqdim etdiyi məqalənin oxunması, müzakirə edilməsi, ətrafında polemikalar yaranması maraqlıdır. Bu baxımdan o zaman və indi tutmuş olduğu vəzifələrə rəğmən, Ramiz Mehdiyev də istisna deyil. “Aslan İsmayılov” kod adlı Allahverdinin PA-nın sabiq rəhbərinə ünvanladığı açıq məktub, həmin məktubdakı tənqidi məqamlar məhz polemika effektinin güclənməsinə, Ramiz Mehdiyevin hər sətirinə ictimai reaksiyanın yüksək olması barədə ümumi rəy formalaşdırmağa xidmət edib. Məktubla tanış olduqda məlum olur ki, Mehdiyevin məqaləsindən sonra YAP-ın deputatları da parlamentdə müəllifin müəyyən etdiyi istiqamətlərdə tənqidi fikirlər səsləndiriblər və bunun Aslan İsmayılov tərəfindən xatırladılması dolayı yolla ifadə olunmuş “icazə vermisiniz deyə tənqid edirik” mesajıdır.

İndi gəlin həmin açıq məktubdan bəzi sətirlərə diqqət edək. İlk növbədə, bu cümləyə nəzər salaq:

“Biz bir-birimizi yaxşı tanıyırıq. Mən Sizin hansı savada, təcrübəyə malik olduğunuzu tək 1989-cu il Azərbaycana qayıtdığım illərdən yox, daha əvvəllərdən bilirəm...”

“Aslan İsmayılov” kod adlı Allahverdi özünün dediyinə görə, 1958-ci ildə anadan olub, 1975-ci iləcən Gürcüstanda, 1975-83-cü illərdə Rusiyanın Krasnodar şəhərində, 1983-89-cu illərdə Rostovda yaşayıb, Bakıya isə 1989-cu ildə gəlib. Ramiz Mehdiyev 1975-89- cu illərdə Azərbaycan Kommunist Partiyasının məmuru, yaxud Ali Sovetin deputatı, Elmlər Akademiyasının şöbə müdiri olaraq Aslan İsmayılov kimi qonşu ölkələrdə yaşayan, təhsil alan və işləyən sıradan bir adamın diqqətini çəkəcək, rəğbətini qazanacaq qədər SSRİ məkanında populyar isim deyildi. Əcəba, bəs, 1989-cu ilə qədər Ramiz Mehdiyev necə olub ki, “bir-birimizi yaxşı tanıyırıq” deyiləcək qədər Aslan İsmayılov kod adlı Allahverdiyə nüfuz edə bilib? Aygün Muradxanlının hazırladığı filmdəki iddialara istinad etsək, bəlkə bütün bu sualların cavabı elə məhz bu “kod adında”dır?

Köhnə “açıq məktub”u oxumağa davam edək:

- “Biz bir-birimizi yaxşı tanıyırıq. Mən Sizin hansı savada, təcrübəyə malik olduğunuzu tək 1989-cu il Azərbaycana qayıtdığım illərdən yox, daha əvvəllərdən bilirəm, çünki burada olduğum illər, xüsusən Prezident Aparatında çalışdığım vaxtlardan Sizin fəaliyyətiniz mənim üçün çox maraqlı olub. Sizin hələ gənc yaşlarınızdan Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işləyərkən keçirilən şahmat birinciliyində rəqibinizin olmadığından, qələbələrin çox asan başa gəldiyindən turniri başa çatdırmadan tərk etməyinizi də eşitmişəm. Sizin qloballaşan dünya, yeni texnologiyalarla, KİV-lərlə bağlı yazılarınızdan, yaşıdlarınızdan fərqli olaraq, daim mütaliə etdiyinizi, dünyada gedən prosesləri mütəmadi və diqqətlə izlədiyinizi görməmək mümkün deyil”

- “Bu tipli yazıları daim izləyən biri kimi deyirəm ki, bu günə qədər heç bir müxalifət, vətəndaş cəmiyyətinin nümayəndəsindən ölkədəki acınacaqlı vəziyyəti bu cür açıq təsvir edən ikinci yazı oxumamışam”

- “Sizin çıxışınız və məqalə çoxlu sayda sosioloji sorğu və statistik məlumatlarla zəngin olduğundan elmi, praktiki nöqteyi nəzərindən çox dəyərlidir. Sizin çıxışınız həqiqətən İxtiyar Hüseynli yazdığı kimi mənəviyyat manifestidir və tarixdə qalacaq”.

- “İxtiyar Hüseynlinin “Azərbaycan” qəzetindəki “Mənəviyyat manifesti” Sizin çıxışınız qədər dəyərli və şübhə etmirəm ki, onun davamıdır. Sizin 4-5 il bundan əvvəl çap olunmuş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr", "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" yazılarınız bir daha yada salınır. O yazıları o vaxtlar oxuyub dərhal müsbət münasibətimi bildirmişdim və buna görə də yenə bu günə düşməyimizdə xidmətləri olan "müxalifətçi"lər yenidən məni hakimiyyətə işləməkdə suçladılar”.

- 'Sizə, köməkçinizin xahişi ilə bağışladığım “Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı” kitabına bu sözləri yazmışdım: ”Həqiqi filosof, dövlət quruculuğunu ölkədə hamıdan yaxşı bilən Ramiz Mehdiyevə, həqiqi hüquqi dövlət quruculuğu arzuları ilə vəkil Aslan İsmayılovdan”.

- 'Sual qoyulur: “Ziyalılar, siz kimin yanındasınız?” Özümlə bağlı bildirirəm. Mən dövlətimin yanındayam və ölənə qədər də olacam. Sizin yazılarınızın yanında olduğum kimi hakimiyyətin də yanında, ölkəm üçün faydalı olmaq istəyirəm'.

- “Ancaq ölkədə köklü dəyişiklik olmasa geci-tezi ya rəngli, ya da dini inqilabların şahidi olacağıq. Bu isə ölkəmiz üçün fəlakət və ən yaxşı halda Qarabağın tamamilə itirilməsi ilə nəticələnəcək”.

- “Artıq bu millət nə dirilərinə, nə də ölülərinə rəhbərlik edənlərə inanmır. Ən əsas amillərdən biri də şəxsiyyətə inamdır. Şəxsiyyətlərdən söhbət düşmüşkən yenə təkrar edirəm, Sizin kimi bir insanın şəxsiyyətin tarixdə rolunu, xüsusilə islam dünyasında, bilməməsi mümkün deyil. İmkanınız olanda hakimiyyətin ən yüksək səviyyəsində təmsil olunanların şəxsi keyfiyyətlərinə nəzər yetirsəniz yaxşı olar”.

- “Bu gün ölkədə baş verənlərə tək ölkə Prezidenti və Siz yox, hamımız məsuliyyət daşıyırıq, sadəcə birimiz az, birimiz çox”.

- “Ramiz müəllim, sonda bir daha çaş-baş qalmağım barədə demək istəyirəm. Bəli, əminəm ki, Sizin yazılarınız tarixdə qalacaq. Əgər bunu öz ətrafınızı gələcəkdə sığortalamaq üçün yazmısınızsa onda hər şey aydındır. Yox, həqiqətən ölkədə köklü dəyişiklik etmək istəyirsinizsə, istefa verin və nüfuzunuzdan, təcrübənizdən istifadə edib hakimiyyəti daha sərt və mütəmadi tənqid etməklə müxalifətə başçılıq edin ki, bizi inqilablar hədəfə almasınlar”.

Bəli, bu cümlələr açıq-açığına Ramiz Mehdiyevə söylənilmiş mədhdir. Ancaq sadəcə, mədhiyyə deyil, həm də çağırışdır. Bu seçmələrə fikir verin:

  • “Sizin yazılrınızın yanında olduğum kimi… “
  • “Ölkədəki acınacaqlı vəziyyəti bu cür açıq təsvir edən ikinci yazı oxumamışam”
  • “Ölkədə köklü dəyişiklik olmasa geci-tezi ya rəngli, ya da dini inqilabların şahidi olacağıq”
  • “Bu gün ölkədə baş verənlərə tək ölkə Prezidenti və Siz yox, hamımız məsuliyyət daşıyırıq”
  • “İmkanınız olanda hakimiyyətin ən yüksək səviyyəsində təmsil olunanların şəxsi keyfiyyətlərinə nəzər yetirsəniz yaxşı olar”
  • “Artıq bu millət nə dirilərinə, nə də ölülərinə rəhbərlik edənlərə inanmır”
  • “İstefa verin və nüfuzunuzdan, təcrübənizdən istifadə edib hakimiyyəti daha sərt və mütəmadi tənqid etməklə müxalifətə başçılıq edin ki, bizi inqilablar hədəfə almasınlar”

MESAJLARIN DİPLOMATİK DİLDƏN TƏRCÜMƏSİ belədir: “Ramiz müəllim, siz çox cəsarətli adamsınız, müdriksiniz, həqiqi folosof və təcrübəli dövlət adamısınız. Dar günümün yiyəsisiniz. Hazırda ölkəni iki nəfər idarə edir, prezident və siz. Sizdən ierarxiyada yuxarıdakı adamın şəxsi keyfiyyətlərinə nəzər yetirin, o, bu posta layiq deyil. Xalq nə İlham Əliyevə, nə də mərhum Heydər Əliyevə etimad bəsləyir artıq. Prezident Siz olmalısınız. Müxalifət də bir işə yaramır, meydan boşdur. İstefa verin, keçin müxalifətə, hakimiyyəti ələ alaq”.

Bəli, Aslan İsmayılovun Ramiz Mehdiyevə ünvanladığı açıq məktubun şifrələri məhz bunlardır.

Ancaq daha iki məsələ də var.

Ramiz Mehdiyevə açıq məktub yazdıqdan sonra Aslan İsmayılov dərhal “Azadlıq” radiosunun efirinə çıxır və oradan bəyan edir: “Ramiz Mehdiyev istefa versə, müxalifətə başçılıq eləsə, mən onun birinci köməkçisi olmağa hazıram”.

Hazırda Azərbaycan iqtidarının tanınmış nümayəndələri, hakimiyyətə kifayət qədər yaxın deputatlar AMEA prezidenti Ramiz Mehdiyevin “sakit oturmaması"ndan, yeni siyasi təşkilatlanma apardığından bəhs edirlər. Bu barədə ölkə mediasında hər gün xeyli yazı yayımlanır.

Aslan İsmayılovun hələ 1989-cu ildə Bakıya gəlməzdən öncə Ramiz Mehdiyevi yaxından tanıdığını, Prezident Aparatından qovulduqdan sonra məhz onunla görüşərək Nazirlər Kabinetində, yaxud Milli Məclisdə işləmək təklifi almasını, məhz akademikin xüsusi diqqətdə saxladığı AMEA-nın Fəlsəfə institutunda elmi iş müdafiə etməsini, çox zəif hüquqşünas olduğu halda, milyonlar qazanmaq üçün əldə etdiyi geniş imkanları, ən başlıcası, açıq efirdən verdiyi bəyanatı xatırlayaraq güman etmək olar: Ramiz Mehdiyev yeni siyasi təşkilat yaradarsa, Birinci müavini “dərindən tanıdığı” Aslan İsmayılov olacaq!

AzNews.az