AMİP lideri: "Məhərrəm Həsənov silahdaşlarının və onu sevənlərin qəlbində daima yaşayacaq" AMİP lideri: "Məhərrəm Həsənov silahdaşlarının və onu sevənlərin qəlbində daima yaşayacaq"

"Göyçə mahalına yenidən qayıtmaq ümidini heç vaxt itirməmişdi" - Etibar Məmmədov nekroloq yaydı

AMİP lideri: "Məhərrəm Həsənov silahdaşlarının və onu sevənlərin qəlbində daima yaşayacaq"

Azərbaycan Milli İstiqlal Partiyasına ağır itki üz verib. Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, tanınmış ictimai-siyasi xadim, Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Məhərrəm Həsənov aprelin 17-də 59 yaşında vəfat edib. Məhərrəm Həsənovun daxilindəki Vətənpərvərlik, Azadlıq və Millətçilik hissləri onu 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən birinə çevirir.

Ona qarşı həyata keçirilən təzyiqlərə və təqiblərə baxmayaraq ali ideyalar uğrunda aparılan mübarizədən bir addım da çəkilmir. Onun sonrakı ictimai-siyasi fəaliyyəti Azərbaycanın ilk siyasi partiyası olan Azərbaycan Milli İstiqlal Partiyası ilə bağlıdır. Məhərrəm Həsənov AMİP-in yerli təşkilatlarının yaradılmasında və formalaşmasında xüsusi xidmətlər göstərib. O, uzun müddət AMİP Xətai Rayon Təşkilatına rəhbərlik edib. Ona yüksək etimat göstərilərək dəfələrlə partiyanın Mərkəzi Şurasına və Siyasi Şurasına üzv seçilib.

Məhərrəm Həsənov Xətai rayon sakinləri arasında da böyük nüfuza sahib olub və 2004, 2009 və 2014-cü illərdə keçirilən bələdiyyə seçkilərində seçicilərin yüksək etimadını qazanaraq rayon yerliözünüidarəetmə orqanına üzv seçilib. Məhərrəm Həsənov AMİP-in Milli Məclis üzvlüyünə namizəd kimi də böyük nəticələr qazanıb.

Məhərrəm Həsənov elinə, obasına, millətinə bağlı insan olub. Doğulub boya başa çatdığı Göyçə mahalına yenidən qayıda biləcəyi ümidlərini heç vaxt itirməmişdi. Lakin onun daşıdığı ali ideyaların və inandığı dəyərlərin gerçəkləşəcəyi gün çox da uzaqda deyil. Məhərrəm Həsənovun vəfatı xalqımız, millətimiz, həmçinin milli istiqlalçılar üçün ağır itkidir. Mərhumun əziz xatirəsi dostlarının, silahdaşlarının və onu sevənlərin qəlbində daima yaşayacaq.

Mən Məhərrəm Həsənovun vəfatından kədərləndiyimi bildirir və ailəsinə dərin hüzünlə başsağlığı verirəm.

Etibar Məmmədov
AMİP lideri