50 min doza peyvəndin göndərilməsinə görə 50 min doza peyvəndin göndərilməsinə görə

“Özbəkistan Prezident İlham Əliyevə minnətdardır” - Səfir

50 min doza peyvəndin göndərilməsinə görə

“Bu gün Daşkənddə Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin təşəbbüsü ilə “Mərkəzi və Cənubi Asiya: regional əməkdaşlıq. Çağırışlar və imkanlar” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans keçirilir. Konfransda 44 dövlət və 30 beynəlxalq təşkilatın nümayəndələri, nüfuzlu elmi-tədqiqat və analitik mərkəzlərin rəhbərləri iştirak edirlər”.

Aznews.az xəbər verir ki, bunu açıqlamasında Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib.

Səfir bildirib ki, tədbirdə iştirak edən Ş. Mirziyoyev Mərkəzi və Cənubi Asiyanın qarşılıqlı tarixi əlaqələrinin dirçəldilməsini, eləcə də Mərkəzi və Cənubi Asiya arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini nəzərdə tutan bir sıra təşəbbüslə çıxış edib: “Özbəkistan Prezidenti Mərkəzi və Cənubi Asiya ölkələrinin illik iqtisadi forumunun keçirilməsini, bölgələrarası nəqliyyat və logistika infrastrukturunun yaradılmasını, iki regionun ölkələri arasında ticarət, tranzit və sərhəd keçid sahələrini rəqəmsallaşdırmaq, qida təhlükəsizliyini təmin etmək, bölgədə təhlükəsizliyi və sabitliyi gücləndirmək üçün birgə tədbirlər proqramı hazırlamağı, ətraf mühiti qorumaq və yaşıl iqtisadiyyatı inkişaf etdirmək üçün birgə tədbirlər görməyi, elmi, mədəni və humanitar mübadilələri daha da genişləndirmək, Mərkəzi və Cənubi Asiya ölkələrinin nəhəng turizm potensialının tam reallaşdırılması üçün səy göstərməyi təklif edib”.

Diplomat Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin yuxarıda adıçəkilən konfransda iştirak etdiyinə görə Azərbaycana təşəkkür edib: “Bu, konfransın və onun gündəliyinin qardaş ölkə Azərbaycan üçün praktik maraq doğurduğundan xəbər verir. Əminəm ki, tədbirin yekununda ölkələrimiz konfransın plenar iclasında elan edilmiş təşəbbüslərin həyata keçirilməsi çərçivəsində yeni qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin istiqamətlərini formalaşdıracaqlar. Sevindirici haldır ki, Azərbaycan nümayəndə heyətinin səfəri ilə rəsmi Bakı bütün ölkələr üçün peyvəndlərə ədalətli və bərabər çıxış təmin etmək üçün qlobal COVAX təşəbbüsünü dəstəklədiyini nümayiş etdirərək daha bir mühüm hadisəyə imza atıb. Bu təşəbbüsün həyata keçirilməsi çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistana COVID-19 infeksiyasına qarşı 50 min doza vaksin çatdırıb. Özbəkistan tərəfi bu nemətə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və digər əlaqəli dövlət strukturlarına dərindən minnətdardır. Hesab edirik ki, bu, Azərbaycanın pandemiya ilə mübarizədə həmrəyliyinin bariz nümunəsi, dövlətlərimiz və xalqlarımız arasında əsl qardaşlığın işarəsidir. Bununla yanaşı, xatırlatmaq istəyirəm ki, bu, ölkələrimiz arasında pandemiya ilə mübarizədə qarışlıqlı yardımla bağlı birinci hal deyil. Belə ki, 2020-ci ilin aprelində Özbəkistan və Azərbaycan COVID-19 infeksiyasına qarşı mübarizədə zəruri olan tibbi avadanlıqlardan ibarət humanitar yardım mübadiləsi aparıblar”.