- Siyasi müzakirə
- 23 Dekabr 2022 18:19
- 10 819
Fəvvarələr meydanındakı "pişik aksiyası" kimlərin marağına xidmət edir?
Bəxtiyarı yox, Rubeni müdafiə edirlər
Bu gün AXCP-nin və onun orbitində olan ictimai təşkilatların bir qrup üzvü “Fəvvarələr meydanı”nda icazəsiz aksiya keçirməyə cəhd göstərib. Paytaxtın ən izdihamlı rayonunda ictimai asayişin pozmaq planı Azərbaycan vətəndaş cəmiyyətinin fəallarının Xankəndi-Laçın yolunda davam edən aksiyası ilə üst-üstə düşdüyündən bir sıra suallar doğurur. Lakin bu suallara keçməzdən öncə icazəsiz aksiya keçirmək istəyənlərin azadlıq tələb etdiyi Bəxtiyar Hacıyevin nədən həbs olunduğuna qısaca nəzər salaq.
Olayın qısa məzmunu belədir ki, Bəxtiyar Hacıyev tanışı Ülviyyə Alovlu ilə birgə pişik cütləşdiriblər, ancaq dünyaya gələn mavrıları aralarında bölə bilməyiblər. Bundan sonra adı çəkilən şəxslərin münaqişəsi başlayıb, tərəflərin ev heyvanlarına diqqət və qayğısını sosial şəbəkələrdə təhqiramiz ifadələr, şantaj və hədələr əvəzləyib. Ülviyyə Alovlunun mətbuatda səsləndirdiyi iddiaya görə, Bəxtiyar Hacıyev hətta onun evinə gələrək mənzil toxunulmazlığı hüququnu pozub. Bu qalmaqal Azərbaycan cəmiyyətinin aktiv kəsimlərinin yaddaşına “pişik cütləşdirmə davası” kimi düşüb. Hər iki tanınmış şəxs məhkəməyə müraciət edib. Müxalifətin “hüquq müdafiəçisi” kimi təqdim etməyə çalışdığı Bəxtiyar Hacıyev məhkəmədən Ülviyyə Alovlunun diffamasiyaya görə həbs olunmasına tələb edib. Məhkəmə iclaslarının birində Hacıyevlə Alovlu arasında dava düşüb. Məhz elə iclas salonunda baş verən insidentə görə, Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Xətai rayon məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib. Hacıyev özü isə təcridxanada aclığa başlayıb, lakin daha sonra aksiyasını “qismən” dayandırıb.
Əlbəttə, bu tarixçə ilə tanış olan hər kəs başa düşür ki, Bəxtiyar Hacıyevdə pişik cütləşməsinə marağını Azərbaycan hakimiyyəti yaratmayıb və onun şəxsi münasibətlər zəminində kiminlə dost, kiminlə düşmən olmasını da siyasi vasitələrlə tənzimləmək mümkün deyil. Odur ki, məişət və pişiklərin bioloji artım məsələləri ilə bağlı problemlərini həll edə bilməməsini Bəxtiyar Hacıyevin “siyasi təzyiq” kimi təqdim etməyə çalışması gülüş doğururdu. Ancaq məsələnin üstündən təbəssümlə keçməyənlər iddia edirdilər ki, Bəxtiyar Hacıyev hansısa problemlərindən yayınmaq üçün məqsədli şəkildə özünü həbs etdirmək istəyir və elə bu səbəbdən də cürbəcür şoular düzəldir. Onun sosial şəbəkələrdə və ictimai müstəvidə çıxardığı “fokuslar”dan fərqli olaraq, Azərbaycan Respublikası adından qərar verən məhkəmələrə qarşı hörmətsizlik nümayiş etdirməsi və inzibati binada xuliqanlıq törətməsi hüquqi məsuliyyət yaradan haldır. Əgər bu halla bağlı məhkəmə instansiyası B.Hacıyev barəsində həbs qərarı çıxarmaqla, hüquqi baxımdan yanlış mövqe tutubsa, bir insanın hüquqlarının müdafiə olunacağı məkan “Fəvvarələr meydanı” deyil, yuxarı instansiya məhkəmələridir. Azərbaycan qanunlarına görə, müdafiə tərəfinin tam hüququ var ki, müxtəlif vəsatətlər və şikayətlər verərək, əgər pozulubsa, B.Hacıyevin haqlarını bərpa etsin. Bütün hallarda “haqq arayışı”na küçə və meydanlarda çıxmaq müdafiə tərəfinin zəifliyinə və günahkarlığına işarə edir. Odur ki, sual yaranır: Bəxtiyar Hacıyevin günahkarlığı və onun peşəkar vəkillərinin zəifliyi barədə rəy yaratmaq bahasına Bakının mərkəzində ictimai asayişi pozmaq kimlərə və niyə lazımdır? Hacıyevin küçə müdafiəçilərinin bir çoxunun Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Xankəndi-Laçın yolunda keçirdikləri aksiyaya qarşı erməni propoqandasının tezisləri ilə çıxış etdiyini xatırlayanda bu sualın cavabı böyük məyusluq doğurur. Bəli, bu gün Bakının mərkəzi meydanında Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə təşkil edilən aksiya Azərbaycanın milli maraqlarına qarşı xəyanətə bərabər addımdır. Təsəvvür edin, vətəndaş cəmiyyətinin əsl liderləri günlərdir Laçın yolunda ermənilərin milli sərvətlərimizi talamasına, ətraf mühitə ziyan vurmalarına etiraz olaraq aksiya keçirir, erməni revanşistləri bu aksiyanın rəsmi dairələr tərəfindən təşkil olunduğunu əsaslandırmağa çalışır və düşmənin arqumentasiyasına töhfə vermək üçün bir qrup marginal Xankəndidə Azərbaycanın suverenliyini bərpa etməyə hesablanmış böyük bir sivil təşəbbüsü tormozlamağa çalışır. Soyuq hava şəraitində, şaxtanın, sazağın qabağında Laçın yolunda hər cür əziyyətə qatlaşaraq milli mənafelərimizi müdafiə edən QHT fəalları ilə müqayisədə guya insan hüquqlarını müdafiə edən bu marginal ünsürlər son dərəcə cılız görünürlər.
Elşad Rəhimli
AzNews.az