"İranla ABŞ arasında yekun razılaşma yaxın görünmür" — Oqtay Qasımov

"Donald Trampın zaman-zaman bu cür optimist bəyanatlarla çıxış etdiyini görürük. O, apreldən etibarən dəfələrlə bildirib ki, yaxın vaxtlarda İranla bağlı mühüm razılaşmalar əldə oluna bilər. Son dövrlərdə isə bu açıqlamalar daha intensiv xarakter alıb. Təxminən bir həftə əvvəl tərəflərin verdiyi açıqlamalardan belə nəticə çıxarmaq mümkün idi ki, İran və ABŞ bəzi məsələlər üzrə ortaq mövqeyə yaxınlaşır. Hətta aparılan danışıqların məzmunu və müzakirə olunan məsələlərin müəyyən detalları da ictimaiyyətə açıqlanmışdı. Bu da göstərir ki, bəzi istiqamətlər üzrə uzlaşma imkanları mövcuddur. Söhbət Hörmüz boğazının açıq saxlanılması, hərbi əməliyyatların müəyyən müddətə dayandırılması və danışıqların davam etdirilməsi kimi məsələlərdən gedir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Vaşinqton və Tehran arasında yaxın vaxtlarda böyük razılaşmanın əldə oluna biləcəyi ilə bağlı açıqlaması beynəlxalq gündə geniş müzakirələrə səbəb olub. Bu bəyanatlar Yaxın Şərqdə gərginliyin davam etdiyi və tərəflər arasında qarşılıqlı hərbi zərbələrin baş verdiyi bir dövrə təsadüf edir. Regiondakı mövcud reallıqlar və tərəflər arasındakı fikir ayrılıqları fonunda Trampın optimist proqnozları müxtəlif suallar doğurur.

Siyasi şərhçinin sözlərinə görə, bu məsələlər üzrə tərəflərin ortaq məxrəcə gəlməsi və mövqelərini yaxınlaşdırması ehtimalı mövcuddur.

"Müzakirə olunan məsələlər arasında ABŞ tərəfindən bəzi sanksiyaların yumşaldılması, dondurulmuş İran aktivlərinin bir hissəsinin sərbəstləşdirilməsi və digər iqtisadi addımlar da yer alır. İran öhdəliklərini yerinə yetirməyə başladığı təqdirdə, Vaşinqtonun da qarşılıqlı addımlar atacağı ehtimal olunur. Bununla belə, tərəflər arasında əsas fikir ayrılığı İranın nüvə proqramı ilə bağlıdır. Bu məsələdə tam razılaşmanın əldə olunduğunu söyləmək hələ mümkün deyil. ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısının tam alınmasını istəyir. Son dövrlərdə tərəflər İranın mülki nüvə proqramını prinsip etibarilə qəbul etsələr də, Tehran gələcəkdə nüvə silahı istehsal etməyəcəyinə dair təminatlar verməlidir. Əsas müzakirə mövzularından biri də İranın 60 faizədək zənginləşdirdiyi təxminən 440 kiloqram uranın ölkədən çıxarılması və utilizasiya olunması məsələsidir. Bu istiqamətdə danışıqlar davam edir. Mən yaxın vaxtlarda yekun razılaşmanın əldə olunacağını düşünmürəm. Hazırda üç əsas ssenari gündəmdədir. Birinci ssenari tərəflərin müəyyən məsələlər üzrə razılığa gəlməsidir. İkinci ssenari danışıqların davam etməsi və prosesin qeyri-müəyyən müddətə uzanmasıdır. Üçüncü ssenari isə hərbi eskalasiyanın yenidən gündəmə gəlməsidir. Doğrudur, tərəflər hər zaman diplomatik həll variantının masada olduğunu bildirirlər. Lakin son İsrail–İran gərginliyi zamanı ABŞ-nin vəziyyəti yumşaltmağa çalışdığını, tərəfləri təmkinə çağırdığını və İsrailə təzyiq göstərərək bəzi əməliyyatların dayandırılmasına çalışdığını da gördük. Bu səbəbdən məsələnin həllini sadə və sürətli proses kimi qiymətləndirmək düzgün olmaz. Trampın yaxın iki həftə ərzində razılaşma əldə olunacağı ilə bağlı fikirləri mənə o qədər də real görünmür. Bu açıqlamalar daha çox həm beynəlxalq ictimaiyyətə, həm də daxili auditoriyaya hesablanmış siyasi mesajlar təsiri bağışlayır. Xüsusilə daxili auditoriya amili vacibdir. Çünki qarşıdan seçki prosesi gəlir və ABŞ cəmiyyətinin müəyyən hissəsi Tramp administrasiyasının İran siyasətindən narazıdır. Bu baxımdan verilən bəyanatlar daxili siyasi məqsədlərə də xidmət edə bilər. Əlbəttə, əgər yaxın dövrdə razılaşma əldə olunarsa və Trampın dediyi şərtlər qəbul edilərsə, bu, danışıqlar prosesinin böyük uğuru kimi qiymətləndirilə bilər. Lakin hazırkı vəziyyətdə bu cür optimist proqnozların reallaşma ehtimalı yüksək görünmür. İran rəsmilərinin son açıqlamaları və İsrailə endirilən zərbələr də göstərir ki, Tehran öz mövqeyini kifayət qədər güclü hesab edir və lazım gəldikdə həm İsrailə, həm də ABŞ-a müqavimət göstərə biləcəyini düşünür. Ona görə də hesab edirəm ki, danışıqlar prosesi kifayət qədər mürəkkəbdir və yekun razılaşmanın əldə olunması asan olmayacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az