“30 altı” layihəsinin qonağı Fəridə Ağazadədir “30 altı” layihəsinin qonağı Fəridə Ağazadədir
  • Hadisə
  • 27 Oktyabr 2018 12:17
  •  5 071

Gənc baş redaktor: “4 nəfərdən ibarət bir komandayıq”- Müsahibə

“30 altı” layihəsinin qonağı Fəridə Ağazadədir

AzNews.az-ın “30 altı” layihəsinin budəfəki qonağı “Astara” qəzetinin redaktoru Fəridə Ağazadədir. Gənc redaktor bu müsahibəsində öz fəaliyyətindən, region qəzetinin xüsusiyyətlərindən danışıb.

- Gənc yaşda baş redaktor olmağın məsuliyyəti çoxdurmu?
- 2017-ci ilin aprel ayından “Astara”qəzetinin baş redaktoruyam. Əlbəttə, gənc yaşında bu vəzifədə çalışmaq həm mənim üçün qürurvericidir, həm də sevinirəm ki, nə yaxşı mən məhz doğulduğum torpağın qəzetində işləyirəm. Doğma kollektivlə çalışmaq, bir-birimizlə anlaşmaq mənim üçün çox xoşdur. Həm tələbkarlıq, həm də qarşılıqlı hörmətlə qurmuşuq işimzi. Məndən yaşca böyük adamlarla çalışmaq o qədər də çətin deyil mənə.

- Bir az qəzetiniz haqda danışardınız

- “Astara” qəzeti 1932-ci ildən fəaliyyətə başlayıb. Sovetlər dönəmində bir müddət fəəaliyyətini dayandırıb. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra hər sahədə olduğu kimi, mətbuat sahəsində də dirçəlmə baş verdi. Elə “Astara” qəzeti də nəşrini davam etdirməyə başladı. Qəzet əvvəllər 8 səhifə ilə nəşr olunurdu. Mən ora redaktor təyin olunandan sonra düşündüm ki, mövzu çoxdur, qəzetə təlabat artır. Buna görə də səhifənin sayını 16-ya qaldırdım. İki ilə yaxındır ki, rəngli formatda 16 səhifə ilə nəşr olunur. Biz rayonumuzda baş verən sosial, iqtisadi və digər proseslərin hamısını işiqlandırırıq. 4 nəfərdən ibarət bir komandayıq.

- Sizcə, nəyə görə indi qəzetin oxunmadığını düşünürlər?

- Bilirsiniz, qəzetlərin xüsusiyyəti nədən ibarətdir? Artıq qəzetlər həyatımızın bir parçasıdır. Qəzeti yeni mediadan ayırmaq lazıım deyil. Qəzet bizim səlnaməmizdir, tariximizdir. Çalışmalıyıq ki, qəzet oxumaq ənənəsini qoruyub saxlayaq. Deyirlər, qəzetə olan tələbat azalıb. Amma mən bunun əksini deyirəm. Çünki bunun regionda şahidi oluram.

"Astara” qəzetinin saytını da yaratmışam. Düzdür, bizdə qəzet satışı yoxdur, yalnız abunə vasitəsilə yayımlanır. Bir şeyi də deyim ki, qəzetin oxunaqlı olması məhz onun formatından asılıdır. Əgər sən qəzeti oxunaqlı etmək istəyirsənsə, məhz oxucunun rəyini nəzərə almalısan.

- Bildiyimiz qədərilə təhsilinizi paytaxtda almısınız. Nəyə görə, rayona qayıdıb, işinizi orda qurmağı qərara aldınız?

- Mənə bu sualı çox verirlər. Onlara belə cavab verirəm ki, burda “n” qədər jurnalist var. Amma regionlarda bu yoxdu. Mütləq biz qəzetə yeni fikir, yeni ideya gətirməliyik. Onun üçün də tərəddüd belə etmədən regionda qalıb işləməyə qərar verdim. Bundan da qətiyyən peşman deyləm.

Mən həmişə demişəm ki, insan nə qədər öz üzərində çalışsa, o qədər çox uğur əldə etmiş olar.

- İşinizi sevərək yerinə yetirirsiniz?

- Jurnalistikaya gəlişim təsadüfən olub. Anam hüquqşünasdır. Mən də düşünürdüm ki, onun yolunu davam etdirəcəyəm. Amma elə oldu ki, mən Xəzər Universitetinin Jurnalistika fakültəsinə daxil oldum. Çox uğurla, fərqlənmə diplomu ilə bitirdim universiteti. Bu unversitet məni yetişdirən bir ocaq oldu deyərdim. Bu sahədə uğur qazanacağıma inanırdım. Çünki nəzəri biliklərim güclü idi. Bakıda bir neçə media orqanında praktikada olmuşam. Amma universitet bitən kimi rayona gəldim. Qəzetimizin baş redaktoru təqaüdə çıxdığı üçün onun vəzifəsini icra edəcək adam yox idi. Mən də öz sənədlərimi hazırladım. Çox məmnuniyyətlə məni seçdilər və bu günə kimi rəhbərliyi mən edirəm.

- Özünüzə necə vaxt ayırırsınız?

- Asudə vaxtlarım demək olar ki, çox az olur. Bunu daha çox şənbə və bazar günləri dəyərləndirirəm. Altıncı günlər də yarım iş günü olduğu üçün istirahətim bazar günü olur. Mütaliə etməyi xoşlayıram. Kitabla, qəzetlə çox maraqlanıram. Xəzər Universitetində oxuyanda da “Ən yaxşı oxucu” müsabiqəsində birinci yeri tutmuşdum. Evdə kitab güşəm var. Burda müxtəlif kitablarım var. Bundan əlavə yazı yazmağı çox sevirəm, həmin zaman dincəlmiş oluram. Amma həmin vaxt işi bu yazıdan ayırıram. Daha çox öz duyğularımdan yazıram. Təbiəti çox sevirəm, dənizi çox sevirəm. Özümü xoşbəxt hiss edirəm ki, Astarada yaşayıram. Burda həm gözəl təbiət, həm də Xəzər kimi dəniz var. Piano çalmaqdan zövq alıram. Düzdür, cəmi iki il peşəkar öyrənmişəm, amma pis bacarmıram. Evdə boş vaxtlarda ifa edirəm.

Səidə Nurməmmədli,

AzNews.az

image description image description image description image description image description image description