“Kənd mühitində böyümüşəm” “Kənd mühitində böyümüşəm”
  • Hadisə
  • 29 Oktyabr 2018 15:41
  •  5 651

“Hazırda ən yaxşı tarixçi Yaqub Mahmudovdur” - Kərəm Məmmədovla “Bir hovur” söhbət

“Kənd mühitində böyümüşəm”

AzNews.az-ın “Bir hovur” layihəsinin növbəti qonağı Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədovdur.

  • Kərəm müəllim, uşaqlığınız harada keçib?
  • Mən indiki Gürcüstan respublikasının tərkibində olan Borçalı mahalının şimal hissəsindəki 1947-ci ildə gürcü hökümətinin adını dəyişdirib, Dmanisi qoyduğu Gəyliyən kəndində anadan olmuşam. Kənd mühitində böyümüşəm. Uşaqlığım da orada keçib.
  • Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?
  • Vallah, birincisi boş vaxt deyəndə, bu, çox göydəndüşmə bir söz olur. Sosializm dövründə boş vaxt daha çox olurdu. İndi doğurdan da boş vaxtımız olmur. "Boş vaxt" deyəndə nə nəzərdə tutulur, onun özü də nisbi məfhumdur. Məsələn, dostlarla görüşü bəziləri asudə vaxt kimi dəyərləndirir. Dostlarla da görüşmək lazımdır. Nə vaxta kimi biz sosial şəbəkədə onlarla yazışacığıq? Buna asudəlik kimi baxmamalıyıq. Bu, öz yaxınına ayırdığın vaxtdır.
  • Bildiyimiz qədəri ova marağınız var. Bu maraq necə yaranıb?
  • Ova marağım lap çoxdan yaranıb. Amma çox təəssüf ki, çoxdandır, çıxa bilmirəm. Əslində heç bir canlını öldürmək düzgün deyil, adamın əli gəlmir. Amma təmiz hava almaq üçün gözəl vasitədir. Demək olar ki, ova çıxdığım vaxtlar sırf istirahət etmiş oluram.
  • Sizcə, tarixdə, yəni tarix elmində iz qoya bilmisinizmi?
  • Onu mənim şagirdlərim, tələbələrim deyə bilər. Bir də təbii ki, millətim. Əgər əsərim oxunursa, hardasa adım xatırlanırsa, deməli nəsə edə bilmişəm. Adam gərək öləndən sonramı xatırlansın. Sağ olanda hardasa adı çəkilirsə, onda demək olar ki, hə, tarixdə iz qoyub. Tarixdə izini müsbət də qoya bilərsən, mənfi də. Mən təbii ki, müsbət tərəfini fikirləşirəm.
  • Azərbaycanın ən yaxşı tarixçisi olaraq kimi görürsünüz?
  • Əslində elmi əsaslarla tarixin yazılması Abbasqulu Ağa Bakıxanov ilə başlanır. Yəni, “Gülüstani-İrəm” əsəri ilə. Ondan əvvəl səlnaməçilərimiz olub. Həsən bəy Rumlu, Sədrəddin Əli Hüseyni, Musa Kalankatlı kimi böyük tarixçilərimiz olub. Müasir dövrdən danışsaq, vaxtilə Tarix fakültəsinin dekanı, hazırda AMEA Tarix İnstitunun direktoru Yaqub Mahmudlu. O vaxt Yaqub müəllim bizim antropologiya ixtisasına yiyələnməyimizə birbaşa təsir göstərənlərdən olub. O vaxt biraz qorxulu məsələ idi bunu açıq demək, çünki hamı partiya tarixini öyrənməyə can atırdı. Gənc tarixçilərimiz də çoxdur. Hansı ki, çox savadlıdırlar.

Səidə Nurməmmədli,

AzNews.az