AMİP-in sabiq katibi Həsən Bayramoğlu “Çoxdandır görsənməyənlər” layihəsində AMİP-in sabiq katibi Həsən Bayramoğlu “Çoxdandır görsənməyənlər” layihəsində
  • Hadisə
  • 6 Noyabr 2018 14:53
  •  10 171

"Etibar Məmmədovla nə düşmənəm, nə də dost" - Həsən Bayramoğlu

AMİP-in sabiq katibi Həsən Bayramoğlu “Çoxdandır görsənməyənlər” layihəsində

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, pedaqoji elmlər doktoru Həsən Bayramoğlunun AzNews.az-a müsahibəsi

- Həsən müəllim, 2018-ci il artıq başa çatmaq üzrədir. Bu ili bizim ölkəmiz üçün necə dəyərləndirirsiniz?

- Ölkənin siyasi palitrası haqqında danışanda qeyd edim ki, cənab Prezident Nazirlər Kabinetinin 9 ayın yekununa həsr olunmuş iclasında bu məsələlərin konseptual şəkildə təhlilini verib. Ölkədə həyata keçirilən islahatlar, əldə olunan nəticələr və onun nəticələri və qarşıdakı vəzifələr haqqında danışıb. Biz hazırda rəqabət qabiliyyətli ölkə olaraq dünyanın dövlətləri içərisində 35-ci yerdə qərar tuturuq. Bu özü mühüm bir hadisədir. Bizim ətrafımızdakı ölkələrin hamısında iqtisadi, siyasi təlatümlər baş versə də, müəyyən deformasiyalar olsa da, biz bütün təlatümləri dəf edərək ölkəmizin öz inkişaf tempini qoruyub saxlaya bilmişik. Bunlar həyata keçirilən sosial-iqtisadi, siyasi uğurlarımızdan biridir. Bu gün bizim əsas məqsədimiz əhalinin maddi rifahının daha da yaxşılaşması üçün həyata keçirilən dövlət siyasətidir.Yollar çəkilir, sosial obyektlər tikilir, sürətlə sənaye parkları salınır, aqroparkların formalaşması gedir. İqtisadi Regionlaşma tətbiq olunur və bu regionlaşma ölkədə işçi kadrlarının ixtisaslaşmasına təkan verir. Peşə təhsili sistemi bütün rayon mərkəzlərini əhatə edəcək, hamısı yeni binalarla təmin olunacaq. Bunun üçün təhsil nazirliyi nəzdində xüsusi agentlik yaranıb. Ölkənin ictimai-siyasi həyatı bədbinliyə əsas vermir. Əksinə, bizi zəif görmək istəyən ölkələr dünya erməniçiliyindən istifadə edərək bu ərazidə həmişə gərginliyin olmasını istəyirlər və buna nail olmayanda da təhriflərə yol verirlər. Bu gün ermənilər bizim sosial inkişafımıza kölgə sala bilmirlər. Burunlarını mətbəximizə, rəqsimizə, geyimimizə, mahnılarımıza soxurlar. Bu da onun göstəricisidir ki, onlar artıq məğlubdurlar. Mən özüm də ictimai-siyasi hadisələrdən kənarda qalmamışam. Ali məktəbi bitirəndə aspiranturada saxlanmağımla bağlı qərarına baxmayaraq, təyinatla Qərbi Azərbaycana, Ermənistana getdim. Çünki o vaxt heç kim getmək istəmirdi, şəhərdə qalmaq istəyirdilər. Mən heç nə də itirmədim. Müəllim, daha sonra direktor müavini işlədim. Raykom hüquqlu komsomol komitəsi təsis etdim. Qəsəbə sovetinin sədri oldum. Orda da ictimai-siyasi həyatın içərisində olmuşam. Orada yaşayan hər bir azərbaycanlı erməni şovinizmini görərək siyasi cəhətdən aktiv olurdu. Həyat elə gətirdi ki, mən Naxçıvan universitetinə müəllim getdim. Daha sonra ölkədə ictimai-siyasi hadisələr bir az gərginləşdi. Bu da Naxçıvana təsir göstərdi. Bizim ailə Ermənistandan Bakıya deportasiya olundu. Mən də Naxçıvan Pedaqoji Universitetindən Azərbaycan Dövlət Pedaqoji İnstitutuna keçdim. Bu dövr Azərbaycanda siyasi hadisələrin kəskinləşdiyi bir dövrdür. O vaxtlar Heydər Əliyevin partiyası yox idi. Ona qarşı təzyiqlər var idi. Ölkə bir ümidsizlik içərisində idi. Xalq Cəbhəsinin apardığı siyasət diletant hesab olunurdu. Bu radikal inqilabi siyasət kimi xarakterizə olunurdu və keçirilən siyasət hamını qane etmirdi. Etibar Məmmədov partiya yaradanda mən də qoşuldum. O partiya bir çox cəbhəçilər kimi radikallıq etmirdi. Tərkibinə daha çox ziyalıları cəlb edirdi. Birinci-altıncı qurultaylarda mərkəzi Şuraya seçildim. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə partiyada müəyyən tərəddüdlər başladı. O dövrdə siyasi palitra belə idi ki, bir tərəfdə köhnə kommunistlər idi və onlar SSRİ-ni hansısa bir formada saxlamaq istəyirdi. Digər tərəfdə də cəbhəçilər idi, onlar da radikal yanaşmalar tələb edirdilər. Yəni, siyasi spektrin sağı və solu zəbt olunmuşdu. Burada üçüncü bir xəttə ehtiyac var idi. Heydər Əliyev hakimiyyətə gələndə üçüncü xəttin sahibi olaraq ortaya çıxdı. O nə kommunistlərə üstünlük verdi, nə də cəbhəçilərə. Üçüncü xətti- mərkəzçi xətti rəhbər tutaraq ölkədəki yeni demokratik respublika quruculuğunu uğurla başa çatdırdı. YAP-ın yaradılması ilə ümumxalq partiyası formalaşdı. Mən 98-ci ildə prezident seçkilərindən sonra AMİP-dən ayrıldım.

- AMİP-dən xoşluqla ayrılmısınız?

-Partiyada üç nəfərin siyasi nüfuzu var idi. Etibar Məmmədov, Nazim İmanov və rəhmətlik Şadman Hüseynov. Onlara deputat mandatı veriləndə bəzi məsələlər üzə çıxırdı. İşıq ucu görsənməyəndə isə seçki boykot olurdu. Mən də etiraz etdim, bildirdim ki, başqaları da namizədliyini verməlidir. Belə məsələlərə görə mən Milli İstiqlal partiyasından çıxıb, 2000-ci ildə YAP-a keçdim.

- Hazırda onlarla münasibətiniz hansı səviyyədədir?

- Nə düşmən deyiləm, nə də dost.

- Uzun müddətdir ki, siyasətdəsiniz. Bu aləm sizə nə qazandırıb?

- Siyasət məni Azərbaycan siyasi mühitində tanıtdırıb. Hər zaman öz mövqeyim olub. Heydər Əliyevə hər zaman böyük ümidim olub. «Millət» qəzetində 1998-ci ildə məqalə ilə çıxış etmişəm. Qeyd etmişəm ki, bu gün Azərbaycan siyasi spektorunda milli kursu davam etdirən yeni bir sima görünməkdədir. O da İlham Əliyevdir. O zaman mənə böyük təzyiqlər oldu. Dedilər ki, bu partiyada oturub onu yazmaq və demək olmaz. Dedim ki, mən harada olduğumdan asılı olmayaraq gördüyümü yazıram. Zaman da onu göstərdi ki, İlham Əliyev bu siyasəti çox uğurla davam etdirdi. Heydər Əliyev müstəqil Azərbaycanın təşəkkül mərhələsini təmin etdi, siyasi institutları formalaşdırdı. Parlament seçkiləri keçirdi, ordu milliləşdirildi, əvvəllər Azərbaycanda əlinin-vəlinin ordusu var idi. Ondan sonra İlham Əliyevin həyata keçirdiyi regionların sosial-iqtisadi inkişafı xəttindən tütmüş, strateji yol xəritəsinə qədər hamısı strateji hədəflərə hesablanmış xətt idi. Nəticəsi də göz qabağındadır. Mən də YAP-ın bir üzvü kimi bu xətti dəstəkləyirəm.

- Olubmu ki, siyasi aləmə qatıldığınız üçün hər hansı bir peşmançılıq keçirəsiniz?

- O vaxt siyasi proseslərdə olmasam, daha tez elmi işimi müdafilə edərdim. Mənim doktorluq dissertasiyam 20 il çəkdi. Müəyyən proseslər mənə mane oldu. Ancaq təəssüf hissi keçirmirəm. Mən siyasi proseslərin içində yaşamışam və peşman da deyiləm.

- Heydər Əliyevlə görüşünüz olubmu?

- Heydər Əliyevlə üzbəüz şəxsi görüşüm, təbii ki olub. Yenicə hakimiyyətə gələndə müstəqillik günü ilə bağlı “Gülüstan” sarayında keçirilən tədbirdə. İlham Əliyevlə isə AMİP-in yaranma günü ilə bağlı keçirilən tədbirdə görüşmüşük. Onların AMİP-ə münasibətləri pis olmayıb. Münasibətləri AMİP rəhbərliyi korlayıb. Amma ümumi şəkildə o görüşlərdə partiya rəhbərləri ilə birlikdə olmuşam. Mən AMİP-in katibi və sədrin müşaviri vəzifələrində çalışmışam.

- Elmi fəaliyyətinizlə bağlı hazırkı durum necədir?

- Mənim elmi fəaliyyətim təhsilə, təhsilşünaslığa, pedaqogikaya həsr olunub Doktorluq dissertasiyam çar Rusiyasının Azərbaycandakı siyasətinin əsas istiqamətləri barədə idi. Biz bugünkü siyasi proseslərdən yaxşı baş çıxarmaq üçün keçmiş siyasi prosesləri dəyərləndirə bilməliyik. Biz iki imperiyanın əsarəti altında olmuşuq – çar və sovet Rusiyasının. Hər ikisi slavyan dillilərin imperiyası olub. Ancaq hər ikisində də bizim maarifimiz inkişaf edib. Azərbaycan Rusiya vasitəsi ilə Avropa mədəniyyətinə çıxış imkanı əldə edib. Bizə nə qədər təzyiqlər olsa da, deportasiya olunsaq da, bu xalq yenə ayaq üstə qalxıb, böyük güclərlə milli mücadiləni başa çatdırıb. Çar Rusiyası dövründə Dövlət Dumasında fəaliyyətlərini təmin etdilər, demokratik respublikanı qurdular. Sovet dövründə SSRİ-nin ən nümunəvi respublikalarından biri olmuşuq. SSRİ dövründə 15 dəfə Ali mükafat qazanılıb. Respublikamızın arxasında ölkənin neft-kimya, maşınqayırma sənayesinin, heyvandarlığın, üzümçülüyün, pambıqçılığın, taxılçılığın intensiv inkişaf istiqamətləri dayanırdı. Bütün bunlar da Heydər Əliyevin fəaliyyətinin nəticəsi idi. 50 ilə yaxın bir dövr Azərbaycan siyasi tarixi Əliyevlər hakimiyyətinin adı ilə bağlıdır.

- Təhsil sistemində Peşə Təhsili ilə bağlı qanun qəbul olundu. Qanunun qəbul olunmasına abxmayaraq, Peşə Təhsilində çatışmazlıqlar yenə də qalıb.

- Mən təhsilə ümumi bir nəzər salmaq istəyirəm. Elmlər doktoru olaraq 30 ilə yaxın Pedaqoji Universitetdə işləmişəm. Dəmiryolu liseyində direktor vəzifəsində çalışmıram. Bizdə peşə hazırlığı hər zaman olub. Amma fərdi kurslar, özəl peşə məkanları olub. İlk dəfə dövlət peşə təhsil sistemi çar Rusiyası dövründə tətbiq olunub. Bizdə Çar Rusiyası dövründə ucqar ərazilərə yönəlik dövlət siyasətinə uyğun olaraq dəmiryolu, dənizçilik və kənd təsərrüfatı məktəbləri yaradılıb. 19-cu əsrin axırlarında peşə təhsili sistemli peşə hazırlığına keçdi. Sovet dövründə birtərəfli də olsa geniş inkişaf edib, müstəqil nazirliyi olub, müstəqillik dövründə əvvəllər böhran dövrünü yaşamaqla 1988-ci ildən 1993-cü ilə qədər yalnız adı olub. Formal olaraq fəaliyyət göstərib. Bu məktəblər Təhsil Nazirliyinə birləşəndən sonra isə bütün peşə sistemi və müəssisələrin ərazilərinin qəsb olunmasının qarşısı alınıb. Avadanlıqların qorunması təmin olunub. Mövcud kadr potensialı qorunub saxlanıb. 1993-2003-cü illərdə ölkə təhsili inkişaf yolunu tutdu. Peşə təhsili də o inkişafın içərisində özünü qorudu. 1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı xüsusi qərarı oldu. Heydər Əliyevin şəxsən rəhbərliyi ilə bu qərar peşə təhsilinin inkişafına təkan verdi. Ən əsas inkişaf sürəti və perspektivli inkişaf 2016-cı ilə aiddir. Bu il də Təhsil Nazirliyi yanında peşə təhsili üzrə Dövlət Agentliyi yarandı. Bakı-Gəncə-Sumqayıt şəhərlərindəki peşə təhsil mərkəzləri birləşdirildi, səlahiyyətləri artırıldı. Ölkənin sosial iqtisadi regionlaşması təmin olunduğundan bu gün Azərbaycanda hamı bilir ki, hansı region hansı istehsal sahəsində ixtisaslaşdırılıb. Hansı şəhərdə hansı sənaye parkı yaradılır və yaradılacaq. Bununla sənaye üzrə kadr hazırlığı üçün peşə təhsil müəssisələrinin də regionlar üzrə formalaşması təmin olunacaq, maddi-texniki baza yeniləşəcək. Bu yaxınlarda prezident Nazirlər Kabinetində ölkənin iqtisadi vəziyyətinin 9 aylıq təhlilində dedi ki, strateji yol xəritəsində qarşıya qoyulmuş məsələlərin yerinə yetirilməsi sahəsində peşə təhsili sistemi ən müsbət göstəriciyə malikdir. Bu o deməkdir ki, işin sistemi yaxşı aparılır. Bu sahədə Peşə Təhsili Agentliyinin ilk direktoru, professor Famil Mustafayevin yüksək təşkilatçılıq bacarığını xüsusi qeyd etməliyəm.

- 65 illik yubileyiniz tamam oldu. Gələcək planlarınız barəsində nə deyə bilərsiniz?

- Bu illər elə bir dövrə düşüb ki, irəliləyişlər də olub, çətinliklər də. Artıq çətinliklər arxada qalıb. İndi biz inkişaf edən respublikanın sakinləriyik. Bu günü – Azərbaycanın müstəqillik gününü gördüyümüz üçün fəxr edirik. Bu illər mənim üçün heç də boşuna keçməyib. Doktorluğumu müdafiə etmişəm. 200-ə qədər elmi və publisistik məqaləm var. 15-ə qədər müxtəlif təhsil sahələri üzrə proqram müəllifiyəm, 3 dərslik kitabım var, bir neçə elmi-metodik vəsaitin müəllifiyəm. Ömrümü boş keçirməmişəm. Təkcə bu il peşə təhsili sahəsi ilə bağlı 20 məqaləm nəşr olunub. Hazırda 2 kitab üzərində işləyirəm. “Azərbaycanda dövlət peşə təhsil sisteminin təşəkkülü, inkişafı və perspektivləri” monoqrafiyasını və “Peşə təhsilində ixtisasa giriş” dərsliyi hazırlamışam.

Ədil Ədilzadə
AzNews.az