“Cəza və mükafat bəlkə də həmin vaxt çıxış yolu ola bilər, amma...” “Cəza və mükafat bəlkə də həmin vaxt çıxış yolu ola bilər, amma...”
  • Hadisə
  • 6 Noyabr 2018 16:47
  •  9 353

Tanınmış müəllim: “Lazım olanda şagirddən üzr istəyirəm” – Müsahibə

“Cəza və mükafat bəlkə də həmin vaxt çıxış yolu ola bilər, amma...”

AzNews.az-ın “30 altı” layihəsinin bugünkü qonağı hazırda Astara rayonu Qapıçıməhəllə kənd orta məktəbinin müəllimi Həbib Əlizadədir.

Həbib Əlizadə sosial şəbəkələrdə şagirdləri ilə birgə paylaşdığı şəkillər, videolardan sonra məşhurlaşdı və cəmiyyətin maraqlandığı şəxslərdən birinə çevrildi. Bu gün biz də onunla səmimi söhbət etmək qərarına gəldik. 2015-ci ildə Lənkəranın Gəgiran kənd orta məktəbində fəaliyyətə başlayan 28 yaşlı Həbib müəllim bu ilin sentyabrından Astarada işləyir. Həbib müəllim öz metodlarından, dərslərindəki maraqlı hadisələrdən danışdı:

- Nəyə görə bu qədər məşhurlaşdınız? Bunu özünüz də istəyirdinizmi?

- 2015-ci ildə Lənkəranın Gəgiran kənd orta məktəbində fəaliyyətə başlayandan sonra şagirdlərlə dərs zamanı, dərsdən kənar vaxtlarda fotolar, videolar çəkib, sosial şəbəkələrə yükləyirdim. Həm virtual dostlarım, həm realda tanıdığım dostlarım bəyənirdi, fikirlərini bildirirdilər. İki ilə yaxın məktəbdə çalışdım. Bir dəfə biz “on-off” videosu çəkdik. 2017-ci ilin mayın 3-də. Mən həmin videonu sosial şəbəkəyə yüklədim. Video “facebook” dostlarım tərəfindən paylaşıldı, mən heç bu qədər paylaşılacağını gözləmirdim. Beləliklə, fəaliyyətimiz tanındı. Məşhur səhifələrdə yayınlandı. Bundan başqa, bizim replə keçdiyimiz tarix dərsimiz, idmançılara müraciətimiz, velosipedlə kitab paylamağımız və digər dərs metodlarımız insanlar tərəfindən yaxşı qarşılandı. Beləcə insanlar tanıdılar, dəyər verdilər. Mən düşünürəm ki, bir insan müsbət fəaliyyətə can atırsa və bunu insanlarla bölüşürsə, kütləyə çatırsa, deməli faydalı iş görmüş olur. Bu, məncə digər müəllimlərə də motivasiyadır. Belə deyə bilərəm ki, belə fəaliyyətlə tanınmanın müsbət tərəfləri çoxdur. Şəxsən öz təcrübəmdən deyə bilərəm ki, məktəbimiz, şagirdlərimiz üçün bir çox dəyişiklik oldu. Ona görə də düşünürəm ki, medianın, sosial şəbəkələrin verdiyi dəstək önəmlidir.

- Bir az dərslərinizdəki maraqlı hadisələrdən danışmağınızı istərdik.

- 4-cü ildir, orta məktəbdə fəaliyyət göstərirəm. Dərslərimizdə maraqlı hadisələr çox olur, hansı ki, bunların bəzilərini paylaşırıq. Məsələn, şagirdlərin dünya görüşü ilə bağlı fərqli-fərqli vəziyyətlər yaranır. Mən şagirdlərə deyəndə ki, dünyada xristianlar, yəhudilər var, elə insanlar var ki, onlar ateistdir, Allaha inanmırlar uşaqlara qəribə gəlir. Deyirlər, necə ola bilər ki, insan Allaha inanmasın? Bəzən şagirdlərimin hansısa dünyanın yalnız yaşadığı kənd kimi olduğunu düşünür. Sanki dünyada hər kəs onun dinində, düşüncəsindədir.

Elə olur ki, biz şagirdlərlə gəzintiyə gedirik. Bu onlar tərəfindən çox böyük maraqla qarşılanır, hədsiz sevincli olurlar.

Bəzən şagirdlərdə bir inamsızlıq görürsən . Mənim əvvəl çalışdığım məktəbə dövlət tərəfindən layihə verildi ki, yeni məktəb inşa olunsun. Bunu şagirdlərə deyəndə onlardan biri dedi ki, burda yeni məktəb tikilməz. Bu söz bəlkə də sadə bir sözdür, amma arxasında böyük bir ümidsizlik, inamsızlıq yatır.

Əvvəllər şagirdlərlə əl verib görüşəndə, çaya qonaq edəndə, bərabər oyun oynayanda onlara qəribə gəlirdi. Şagirdlərlə dost olmağın müsbət tərəflərindən biri də odur ki, o, səndə bir fərqlilik görür, sənə güvənir. Bəzən də bu duyğusallığa çevrilir. Məsələn, şagird bəlkə də valideynindən, digər müəllimindən o qayğını görməyib. Sevgi göstərəndə şok yaşamış olur. Onu demək, izah etmək çətindir. Onu görmək tamam ayrı hissdir. Yəni şagird çox heyrətlə səni izləyir. Bu, insanı həqiqətən xoşbəxt edir.

- Gənc biri üçün ucqar kənddə yaşamaq çətin deyilki?

- Üç il kənddə çalışdım. Düzdür, bura ucqar deyil, dağətəyidir, Azərbaycan-İran sərhədindədir. Çətinlik var, yol asfaltdır, amma mən marşrutlar dəyişirəm, ona görə biraz çətinlik olur. Şagirdlərimin sevgisi, hörməti məni ilhamlandırır. Bu məsələlər o çətinlikləri ikinci sıraya aparır. Bir işdə sevgi, səmimiyyət varsa, orada artıq çətinliyi unudursan.

Ümumiyyətlə, gənc müəllimlərin kənd məktəblərində dərs deməsi çox yaxşı addımdır. Həm də şagirdlərin gələcəyi üçün. Təsəvvür edin ki, illərlə o şagirdlərə hər hansı bir yenilik olmayıb və siz onların həyatını dəyişirsiniz. Eyni zamanda özünüzün də həyatı dəyişir. Ona görə də düşünürəm ki, oradakı çətinlikləri birinci planda götürmək lazım deyil. Birinci planda o uşaqların həyatı dəyişir, müsbətə doğru. Bilirsiniz, kənddə yaşayan şagird üçün o qədər məhrumiyyətlər var ki, hər hansı yenilik onları çox sevindirir, ilhamlandırır, ümid verir. Və təsəvvür edin ki, siz buna vasitəçi olursunuz. Bu təbii ki, müəllimi də işə həvəsləndirir.

- Dərs dediyiniz məktəbdə sizə paxıllıq edənlər olur?

- Paxıllıq deyəndə ki, ümumiyyətlə bizim cəmiyyətdə bəzi müəllimlərin geri bildirimi, belə deyək “feed back”-ı ya aşağı olur, ya da müəllimlər bundan razı olmurlar. Bizim bəzi müəllimlər deyirlər, maaş azdır, cəmiyyət ancaq şou-bizneslə maraqlanır, müəllimlə maraqlanmır, bir tərərfdən də müəllimlərə cəmiyyət tərəfindən dəstək olur, ondan sonra bəzi qrup deyir ki, müəllim özü şou göstərir. Bu, necə məntiqsizlikdir? Bu cür məntiqsiz yanaşan müəllimlərin işləməsi də adamı təəssüfləndirir. Belə paradoksal insanlar var. Təbii ki, onların yanaşmalarında qısqanclıq ola bilər. Amma bu qısqanclıq hardasa bir az təbiidir. Yəni müəllim düşünür ki, ona rəhbərlik tərəfindən diqqət ayrılmır, müəllim düşünür ki, şagirdlərin valideynləri yetərincə şagirdlə maraqlanmır, onun sosial vəziyyəti o qədər də yaxşı deyil və s. Bütün bunlar içərsində bir paxıllıq yaranır.

Uğur qazanan insanlar az olduğu üçün bəlkə də insanlarda qısqanclıq formalaşır. Bu, bölələrimizdə daha qabarıqdır. Çünki bir-birini daha yaxşı tanıyır insanlar. Bu qısqanclığı həm müəllim kollektivində, həm də insanlar arasında görmək olur. Doğurdan da bəzən məni haqsız tənqid edən insanlar arasında müəllimlər üstünlük təşkil edir. Gəlin, birinci şagirdlərimizi xoşbəxt edək. Biz məktəbdə əylənmə və öyrənməni bərabər şəkildə aparırıqsa, bundan daha gözəl nə ola bilər ki?

Mənə elə gəlir ki, biz müəllimlər bir-birimizə dəstək olmalıyıq. “Global Teacher prize”da şərtlərdən biri də budur ki, müəllim öz həmkarlarına dəstək olurmu?

- Şagirdləri cəzalandırma metodunuz var?

- Cəza və mükafatdan istifadə etməyək və ya az istifadə edək. Cəza və mükafat bəlkə də həmin vaxt çıxış yolu ola bilər, amma uzunmüddətli çıxış yolu deyil. Cəzalandırarkən də cəza anlamı deyil, bədəl ödəmə anlayışı olmalıdır. Bu da ədalətli şəkildə olmalıdır. Təbii ki, zorakılıq, döymək qəti olmaz. Mən artılq 4-cü ildir, müəlliməm. heç bir şəkildə şagirdlərə əl qaldırmamışam. Çalışıram, maksimum dost münasibəti yaradaq. Problemli şagirdlərlə hər zaman söhbət edib, dərdini anlamaq lazımdır.

- Şagirdlərinizdən sizi sevməyənlər var? Bunu hiss edirsiniz?

- Düşünürəm ki, şagirdlərlə münasibətim yaxşıdır. Dost kimiyəm. Amma hardasa problem yaşadığımız şagirdlər olur və mən bunu çözməyə çalışıram. Vəziyyəti düzəltmək üçün hətta lazım olsa, üzr istəyirəm, söhbət edirəm, problemi aradan qaldırmağa, ona dəstək olmağa çalışıram. Müvəqqəti, kiçik problem olanda mütləq aradan qaldırmaq üçün addımlar atıram. Məncə, şagirdlərimin arasında məni sevməyən yoxdur. Çox önəmli bir şey var ki, bir şagirdin qəlbinə girməyi bacarmasan, onun beyninə girə bilməzsən. Şagirdlər dəyərlidir, uşaqlar dəyərlidir, onlar sevgini çox yaxşı hiss edirlər.

- Bu fərqli tədris metodunza görə dövlət tərəfindən mükafatlandırılmısınız?

- Mən ümumi olaraq, fəaliyyətlərimə görə, bu il fevralın 2-də təhsil naziri Ceyhun Bayramovun təltifnaməsini almışam. Bu, bir qrup gənc müəllimə verildi. Onların əksəriyyəti kənd müəllimləri idi. Düşünürəm ki, kənd müəllimlərinə verilməsində əsas səbəb gəncn, kreativ düşüncəli müəllimlərin artması ilə bağlıdır.

- Təhsil sistemində hansı yeniliklərin edilməsini istərdiniz?

- Mən müəllimlərin sosial vəziyyəti ilə bağlı demək istəyirəm. Təhsil Nazirliyi artıq differensial maaş sistemi tətbiq etməlidir. Bu fərdi maaş sistemidir. Bu sistemə görə müəllim öz bilik və bacarığı, həmçinin şagirdlərinin nəticələrinə əsasən, maaş alır. Hər bir müəllimə staj, saat hesabı şəklində deyil, əlavə olaraq buna görə də maaş ödənilir. Bu sistem təbii ki, təkmilləşdiriləcək. Bu, dövlətimizin təhsil strategiyasında nəzərdə tutulub, amma tətbiqi gecikir, tezləşdirilməlidir.

Müəllimlərimiz arasında musiqili, əyləncəli dərslərin tətbiqinin genişləndirilməsini istəyərdim.

Şəxsən öz istəyimi də dilə gətirmək istəyərdim ki, pilot olaraq bir müəssisə ayrılsın. Biz orda kadrları yenidən seçə bilək. Çünki mövcud kadrlarla yetərli nəticəyə nail olmaq olmur. Yeni kadrların seçilməsi, onlara əyləncəli öyrənmənin tətbiq edilməsi. Bunu təklif kimi verirəm. Və o məktəbi “Xoşbəxt məktəb” adlandırardım. Bunun üçün Təhsil Nazirliyi tərəfindən maddi, texniki bazanın ayrılması çox yaxşı olardı. Bu məktəbə ehtiyac var.

Səidə Nurməmmədli,

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description