“Velosiped azadlıqdır, mən qapalı yerdə işləyə bilmirəm” “Velosiped azadlıqdır, mən qapalı yerdə işləyə bilmirəm”
  • Hadisə
  • 12 Noyabr 2018 13:09
  •  13 515

Şirkət sahibi: “Mənə dedilər, “get, kişi işi ilə məşğul ol” – Müsahibə

“Velosiped azadlıqdır, mən qapalı yerdə işləyə bilmirəm”

“Xeyirli olsun” layihəsinin bu dəfəki müsahibi “Velokuryer” şirkətinin təsisçisi Tofiq Hidayətzadədir.

Tofiq Hidayətzadə 1994-cü ildə anadan olub. Onun 2014-cü ildə təsis etdiyi “Velokuryer” şirkətil hazırda bukletlərin paylanması, biletlərin, sənədlərin, dəvətnamələrin çatdırılması, velotəlim, velokirayə və veloambulans xidmətlərini göstərir. Bütün çatdırmalar şirkətlərin kuryerləri tərəfindən velosipetlərlə həyata keçirilir.

AzNews.az Tofiq Hidayətzadə ilə müsahibəni təqdim edir.

- Velosipedə maraq hardan yaranıb?

-Velosipedə marağım uşaqlıqdan var. Həmişə bağda uşaqlarla velosipedlərlə yarışırdıq. Təbiətən çox hərəkətli insanam, velosipedə də marağım ondan qaynaqlanır.

- “Velokuryer” şirkətini yaratmaq fikri hardan ağlınıza gəldi?

- 2014-cü ildə “Premium Rush” adlı bir film izlədim. Həmin filmdə velosipeddən bəhs edilirdi. Şəhər içində ekstrimal fəndlərlə kuryer xidməti göstərirdilər. Mən də bu işi çox bəyəndim. Həmin vaxt velosipedimi yeni almışdım, yeni dostlar qazanmışdım və hamımızın velosipedi var idi. Daha sonra söhbət edərkən bu film haqqında danışdım. Bu işə başlamaq qərarına gəlsək də, alınmadı. Çünki nə kuryerlik, nə də biznes sahəsində təcrübəmiz vardı. Üzərindən 4-5 ay keçdikdən sonra isə yenidən cəhd etmək qərarına gəldik və alındı.

- Tək kuryerliklə məşğulsunuz?

- Yox, tək kuryerliklə məşğul olmuruq. Şirkət velokuryerliklə yanaşı, velotəlimlər, velokirayə və veloambulans xidmətləri göstərir.

- Bu şirkəti yaratmaq istədiyinizi biləndə ailənizin reaksiyası necə oldu?

- Valideynlərimiz həmişə bizim yaxşılığımızı istəyirlər, amma müasir fikirləri tam qəbul edə bilmirlər. Onlar yeniliklərə çox açıq deyil. Valideynlərimə bu işlə məşğul olmaq istədiyimi deyəndə “get, kişi işi ilə məşğul ol” dedilər. Təbii ki, bunlar hər birimizin qarşılaşdığı çətinliklərdir. Çətinliklərin öhdəsindən gəlmək lazımdır. Bu gün də ailəm bəzən “velosipet nədir, get, başqa işlərlə məşğul ol”, - deyir. Amma özümü bu işdə çox yaxşı hiss edirəm və bunu yaxşı bacardığımı düşünürəm.

- Özünüz heç sifarişləri ünvana çatdırırsınızmı?

- Bəli, özüm də sifarişlərə çıxıram. Məndə özündən razılıq yoxdur ki, şirkət rəhbəriyəm, işçilərim işləsin, mən oturum. Velosiped bir növ azadlıqdır, mən elə bir insanam ki, qapalı yerdə işləyə bilmirəm. Amma baxıram ki, artıq sifarişlərə getməyi azaltmalıyam. Çünki sifarişlərə gedəndə, mənim görməli olduğum digər işlər qalır.

-Müştərilərlə nə kimi problemlər yaşayırsınız?

- Ən son başımıza gələni danışım. Yaxın günlərdə bir müştəri zəng edib, 30 sifarişi olduğunu və ona 30 kuryer göndərməyimizi deyib. Bizdə bəzi qaydalar var ki, müştəridən mütləq şəkildə öyrənilir. Sifariş kimə çatacaq, həmin şəxsin nömrəsi və s. Müştəridən bunları istəyəndə imtina etdi, nömrə vermək istəmədi. Bəzən bir şirkətə gedirik, eyni ad və soyadda iki şəxs olur. Nömrə olmadıqda artıq problem yaşayırıq. Əsas problemlər velokirayə zamanı olur. Bəzən velosipedləri oğurlayırlar. Bir müddət öncə bir nəfər yaxınlaşdı ki, iki velosiped kirayə götürmək istəyir. Velosipedləri üç günlüyünə kirayə götürəcəyini dedi biz də verdik. Günlər get-gedə uzandı. Üç gün oldu dörd gün, dörd gün beş gün oldu, sonra zəng etdim ki, mən dəqiqliyi sevən biriyəm. Siz 3 gün dediniz amma 5 gündür, velosipedləri gətirmirsiniz. Sonra məlum oldu ki, bu şəxs dələduzdur. Məndən başqa, 2-3 nəfərə qarşı da bu hərəkətləri edib. Bizdən velosiped alıb və başqa şəxsə satıb. Daha sonra həmin şəxsi tutduq, iki velosipedi qaytara bilsəm də, digər velosipedi qaytara bilmədim. Buna səbəb isə velosipedin İran vətəndaşına satılması və onun da ölkəsinə qayıtması oldu.

- Yeni layihələriniz var?

- Bəli, var. Bir müddətdir izləyirəm ki, İnstagram üzərindən satış edən bir çox səhifə var və onların çatdırılma prosesi tam başqadır. Artıq bu həftə qərara gəldik ki, bu işlərlə bağlı bir çatdırılma şirkəti təsis edək. Bu şirkətimiz də yaxın zamanlarda fəaliyyətə başlayacaq.

- Sonda demək istədiyiniz nə var?

- Velosiped sürmək istəyən insanlara demək istəyirəm ki, sadəcə sürün. Burda qeyri-adi nəsə yoxdur. Və əsas bunu demək istəyirəm ki, bulvarda velosiped sürən şəxslər üçün xüsusi yer ayrılıb. Həmin yerə piyadaların buraxılmasını istəmirəm. Necə ki, velosipedlə digər hissələrə keçmək olmazsa, gəzmək üçün də insanlar həmin hissəyə buraxılmamalıdır. Çünki bu, çox təhlükəlidir.

Nigar CƏFƏR

AzNews.az