“Son zamanlarda efirə qayıtmaq haqqında ciddi düşünürəm” “Son zamanlarda efirə qayıtmaq haqqında ciddi düşünürəm”
  • Hadisə
  • 17 Noyabr 2018 11:55
  •  5 727

“Uğur formulum sevgidir” – Günay Malikqızı ilə “Bir hovur” söhbət

“Son zamanlarda efirə qayıtmaq haqqında ciddi düşünürəm”

AzNews.az-ın “Bir hovur” layihəsinin bugünkü qonağı “Park Bulvar” AVM-nin mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Günay Malikqızıdır.

- Gunay xanım, işləriniz necə gedir? Artıq 8 ildir ki, PR menecersiniz. İşinizin öhdəsindən layiqincə gəldiyinizi düşünürsünüzmü?

- Qısa desək, gördüyüm işi sevirəm, insanlarla daim ünsiyyətdəyəm. İnsanlarla işləyən çox sahə var. Amma bizim sahəmiz çox fərqlidir. Çünki bura insanlar istirahət etməyə də, dincəlməyə də gəlirlər və onların yaşadıqlarını çox yaxından görürsən, nədənsə narazısansa, o dəqiqə səni axtarırlar. Çox canlıdır hər şey, dinamikdir. Ona görə çox sevirəm. Ən gözəl cəhət də odur ki, insanlara münasibət, fikir bildirə bilirsən.

- Efirə qayıtmağı düşünürsünüz?

- Əslində son zamanlar bu haqda daha çox düşünməyə başlamışam. Bu, nə ilə bağlıdır? Azərbaycan teleməkanında bir tərpəniş görürəm, efirdən başqa cəmiyyətdə bir tərpəniş görürəm. Elə bil ki, insanlar daha səviyyəli nəyisə görməyə çalışırlar. Bu, mənim fikrimdə daha çox dolaşır. Mən televiziya karyerama 17 yaşımda başlamışdım. İlk işim 1995-ci ildə AzTV-nin nəzdində fəaliyyət göstərən "Virtuose" Teleradio Kompaniyasının "OFFSIDE+" idman verilişi olub. Bundan əlavə, “Space”, “Lider” kimi kanallarda aparıcı işləmişəm. O vaxt mən “Space”də xəbərlər proqramını aparanda Nərgiz Cəlilova deyirdi ki, insanın efirə çıxıb, insanlara nəsə deyə bilməsi üçün arxasında bir təcrübə, yaşanmış bir şey olmalıdır. İndi başa düşürəm ki, doğrudan da bu sözdə həqiqət var. İnsan həyat təcrübəsi yaşamalıdı. Bu, o demək deyil ki, gənclər efirə çıxmalı deyil. Amma sənin, həmin gəncin deməyə sözü o zaman olur ki, artıq həyatı görürsən, dərk edirsən.

Həqiqətən son zamanlarda insanların düşüncəsinin, fikrinin dəyişdiyini görmək olur.

Ona görə də istəyirəm yenidən efirə qayıdım. Yaşadıqlarım, gördüklərim...

Artıq düşünürəm ki, mən də nəsə söz deyə bilərəm. Bizim nəsil başqa cür böyümüşdü. Məsələn, Nərgiz xanım bizə deyirdi, ancaq o, adam efirdə çıxıb deyə bilər ki, efirdə filankəsdi, həmin adamın adı artıq bir brend olsun. Mən artıq buna özümü hazır bilirəm. Artıq çıxıb efirdə deyə bilərəm ki, efirdə Günay Malikqızıdır.

Efirə qayıdacağım haqda bu qədər ciddi düşünməmişdim, düzünü deyim.

- Müsahibələrinizin birində uğur formulunuzun “məqsəd” olduğunu demişdiniz…

- Elə bir şey dediyimi xatırlayıram, amma yəqin ki, çoxdan demişəm, bu cavabı. Hazırda mənim uğur formulum sevgidir. Çünki düşünürəm ki, çox qoçaq, saat kimi işləyən biri deyləm. Ona görə də hazırda “məqsəd” olduğunu düşünmürəm. Mən bu günə kimi elədiklərimə “uğur” deməzdim. Bəlkə də buna bir çoxu “uğur” deyir. Əldə elədiklərimin, yaşadıqlarımın hamısını sevgi ilə əlaqələndirirəm. Sevmədiyim heç bir yerdə olmamışam, sevmədiyim heç bir şeyi etməmişəm. Mən sevgi hissinin özünü sevirəm. Bunu mənə həyat yoldaşım da çox deyir.

- Belə anlaşılır ki, sevib ailə qurmusunuz...

- Mən Bəhruzun düşüncələrini, hisslərini çox sevmişəm. Biz bir yerdə işləyirdik. Sonradan daha yaxşı tanıdıq, sevdik bir-birimizi. Ailə bir az intim məsələdir. Düşünürəm ki, bu haqda çox danışmamaq lazımdı. Amma onu deyim ki, mən Bəhruzu çox sevirəm.

- Sizcə, qadın doğrudan da böyük qüvvədir?

- Qadın doğrudan da böyük və əvəzedilməz bir qüvvədir. Çünki anam mənim üçün çox böyük bir insandır. Anam 39 yaşında 4 uşaqla tək qalıb. Atam 49 yaşında qafildən rəhmət edib. Anam bizə həm ana ola bildi, həm ata ola bildi, yanımızda oldu. Söhbət maddiyyatdan, necə saxlamaqdan getmir. Söhbət ailənin bütövlüyünü qoruyub saxlamaqdan gedir. Anam yanımda olanda həmişə atamı da yanımda hiss edirəm. Fikirləşirəm ki, atam da anamın yanındada oturub.

Həmişə qızım Zeynəbə də deyirəm ki, bir oxumuş, bilikli, dünyanı başa düşən, cəmiyyəti anlayan, cəmiyyətə xeyir verə bilən qadın yüzlərlə dəyişən tale deməkdir. Ona görə də qadın haqda çox yüksək fikirdəyəm.

- Gözəl qadınsınız, hiss olunur ki, özünüzə zaman ayırmağı sevirsiniz?

- 40 yaşım var. Ümumiyyətlə, özümə baxmaq barədə problemim var. Elə özümü ən çox danladığım, özümdən narazılığım da bu səbəbdəndir. Özümə çox az vaxt ayırmıram. Sadəcə oaraq, genetikadan asılıdır. Atam rəhmətlik də həmişə deyirdi ki, biz nəsil olaraq “yaşlaşdıqca yaxşılaşırıq”. Amma buna baxmayaraq, düşünürəm ki, qadınlar özlərinə zaman ayırmalıdır. Hər bir qadının özünəməxsus saatımı deyim, günümü deyim, olmalıdır. Bir sözlə, gözəl qadın yaxşı əhval-ruhiyyə deməkdir.

- Asudə vaxtlarınız olurmu, olursa, necə dəyərləndirisiniz?

- Sözün düzü, işimiz çoxdur. Mən inanıram ki, bu, təkcə məndə belə deyil. Müasir dövrün normasıdır, işimiz çoxdur, vaxtımız azdır. Mənim ən gözəl istirahət vaxtım ailəmlə, çox sevdiyim, dəyər verdiyim dostlarımla keçir. Onda istirahət etmiş oluram. Mənim üçün istirahət evdə uzanım, yatım, demək deyil. Ətrafımda vaxtımı yaxşı keçirəcəyim adamlar varsa, deməli dincəlirəm. Saat 10-da işdən çıxmışam, çox yorğunam, amma iki-üç nəfər dostumla gedib hardasa çay içəndə dincəlmiş oluram. Bir də hər gün yarım saatlıq kitab oxuyuram. Bu, mənim normamdır. Yarım saat mütləq kitab oxumalıyam. Hətta elə olur ki, çox bəyəndiyim bir kitab olur, saat 4-5 olmasına, səhəri gözüaçıq açmama baxmayaraq, o kitabı oxuyub qurtarmışam.

Səidə Nurməmmədli,

AzNews.az

image description image description image description image description image description image description