“Rəqiblərimizdən heç nə ilə fərqlənmirik” “Rəqiblərimizdən heç nə ilə fərqlənmirik”
  • Hadisə
  • 19 Noyabr 2018 15:41
  •  5 318

Gənc iş adamı: “Əclaflıq etmişəm”

“Rəqiblərimizdən heç nə ilə fərqlənmirik”

“Xeyirli olsun” layihəsinin bu dəfəki müsahibi “Logical Ad inc” reklam şirkətinin təsisçisi Azər Məmmədlidir.

Azər Məmmədli 1996-cı ildə anadan olub. Onun 2016-cı ildə təsis etdiyi “Logical Ad inc” şirkəti hazırda reklam işi ilə məşğuldur.

- Əvvəllər hansı işlərlə məşğul olmusunuz?

- Əvvəllər bir çox işlə məşğul olmuşam. Bir ara kompüter oyunları yazmaq qərarına gəldim. Amma komandamda bu işi bacaran adam, əlimdə dəyərli bir resurs olmadığı üçün bu işin ardınca getmədim.

- Reklam şirkəti yaratmaq hardan ağlınıza gəldi?

- Mən eyni zamanda “Edumap.az” təhsil portalının həmtəsisçisiyəm. Bir gün dostum bir link göndərib dedi ki, bu mənim üçün maraqlı ola bilər. “Biznes Akademiyası” proqramının linki idi. Düzünü deyim, bu təlimi ilk başlarda çox lazımsız hesab edirdim, daha sonra çox şey öyrəndim.

Orda bizə müəyyən sahə üzrə “get” demirdilər, amma yol göstərirdilər. Daha sonra reklam sahəsi üzrə iş qurmaq qərarına gəldim və başladım. Əslində mənim qurduğum şirkət başqa bir şirkətin “copy paste”-idir, bunu qəbul edirəm.

- Tam olaraq hansı reklam sahəsi ilə məşğulsunuz?

- Bəzən hansısa bir sayta girəndə başqa bir pəncərə açılır, həmin pəncərədəki reklamı biz sizə göstəririk. Bilirəm, bu bir çox adamın əsəblərinə toxunur, elə mənim də, amma bunu dəyişməyi düşünürük. Hazırda ən böyük tərəfdaşımız “Aliexpress”, “Bet365” şirkətləridir.

- Bu işi qurmaq istəyəndə ailəniz nə dedi?

- Atam və anam orta təhsilli insanlar olsalar da, bizim təhsilimizə və fikirlərimizə çox önəm veriblər. İki bacım universiteti qırmızı diplomla bitirib. Mən ailəmə universitetə getmək istəmədiyimi və bu işi qurmaq istədiyimi deyəndə çox böyük problem yaşamadıq. Sadəcə bir-iki gün müzakirəsi getdi, sonra fikrimlə razılaşdılar.

- Hansı universiteti bitiribsiniz?

- Heç birini. İki dəfə qəbul imtahanına girdim, birinci dəfə 614 bal, ikinci dəfə isə 680 bal topladım. Daha sonra qərara gəldim ki, universitet mənə istədiyim biliyi verə bilməyəcək. Ona görə də imtina etdim. Bilirəm ki, iki dəfə kodlaşma etməyim və universitetdən imtina etməklər başqa abituriyentlərin haqqına girmişəm. Qəbul edirəm, əclaflıq etmişəm.

- Bəs xaricdə oxumağı düşünmədiniz?

- Bir müddət düşündüm bu haqda, amma qərara gəldim ki, getməyim. Çünki gənclərin çoxu xaricə getmək, orda yaşamaq istəyir. Düşünürəm ki, mən gedim, sən get, hamı getsin, bəs bizim ölkəni kim inkişaf etdirəcək? Ona görə də bu fikrimdən daşındım.

- Bazardakı rəqiblərinizdən nə ilə fərqlənirsiniz?

- Düzünü demək lazımdırsa, heç nəyimizlə. Hər şey eynidir, tək fərqimiz odur ki, biz müştərini aldatmırıq. Bəzi reklam şirkətləri reklamdan əldə edilən gəlirlərin bir qismini müştəridən gizlədir. Amma bizdə belə deyil. Qiymətlər də demək olar eynidir. Nə çox ucuz, nə çox baha.

- Yeni nə layihəniz var?

- Bəli yeni bir layihəmiz var. Bir çip hazırlamışıq, siz o çipi ofisinizdə, iş yerinizdə, evinizdə modeminizə qoşaraq, reklamları görməyə bilərsiniz. Bu çip daha çox restoran və mağaza sahiblərinin diqqətini çəkəcək. Düşünün, siz bir restoran sahibisiniz, müştəriləriniz sizin wi-fi ilə internetə daxil olur və rəqibinizin reklamı onun telefonuna gəlir. Bunu kim istəyər ki? Bir də müştəri wi-fi-dən istifadə etdiyi zaman ad-soyad, nömrəsini qeyd edir. Həmin müştəri sizin restorana gəlməyəndə, biləcəksiniz, ona mesaj yollayıb müəyyən kampaniyalarla yenidən cəlb edə bilərsiniz. Əslində reklam qanunlarına görə, başqasının reklamını silib, öz reklamını yerləşdirmək olmaz. Azərbaycan qanunvericiliyində bunu etmək qanunsuz sayılmır.

- Gənclərə nə demək istəyirsiniz?

- Gənclərə demək istəyirəm ki, real xəyallar qurun. Uşaq xəyallarına qapılmayın, arzularınızın ardınca gedin, amma real arzuların. Kiməsə görə yox, özünüzə görə və özünüzün sevdiyiniz sahə ilə bağlı qurduğunuz arzuların arxasınca gedin.

Nigar CƏFƏR

AzNews.az