Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının AzNews.az-a müsahibəsi Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının AzNews.az-a müsahibəsi
  • Hadisə
  • 28 Noyabr 2018 16:39
  •  4 948

“Sonuncu dəfə nə vaxt xaricə getdiyimi xatırlamıram” - Fəzail Ağamalı “Deputatın gündəliyi”ndə

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının AzNews.az-a müsahibəsi

“Mənim üçün ən böyük üstünlük Azərbaycan xalqına xidmətdir…”

AzNews.az-ın “Deputatın gündəliyi” rubrikasının bugünkü qonağı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır.

- Fəzail müəllim, gündəlik fəaliyyətinizlə bağlı plan tutursunuzmu?

- Hər gün səhər saat 6-da yuxudan dururam, lazımi işləri görürəm - idmanla məşğul oluram, açıq havada gəzirəm. Saat 10-dan sonra mənim fəal həyat tərzim başlayır. Fəaliyyətimin iki istiqaməti var – Milli Məclis və Ana Vətən Partiyası. Çalışıram ki, bunların hər birini uzlaşdırım, birinin digərinə maneçiliyi olmasın, əksinə, bir-birini tamamlasın.

İşlərim çox olanda təbii ki, müəyyən qeydlərimi aparıram. Hardan başlayıb harada qurtarmalıyam, onları planlaşdırıram. Təbii ki, siyasi fəaliyyətimin bu iki aspekti ilə yanaşı, həm də mənim şəxsi həyatım var. Ailə ilə də bağlı üzərimə müəyyən vəzifələr düşür. Onu da böyük məmnuniyyətlə icra edirəm, belə demək mümkünsə, həyat yoldaşımın bazar və digər məsələlərlə bağlı verdiyi tapşırıqları yerinə yetirirəm. Həmçinin, övladlarım, nəvələrimlə bağlı üzərimə düşən missiyanı həyata keçirirəm. Bu üç istiqamətdə öz fəaliyyətimi səhər saat 10-dan, axşam saat 6-ya qədər yekunlaşdıra bilirəm.

Bunlardan başqa, müəyyən rəsmi təbirlər, görüşlər olur, eləcə də dostların toyları, yas mərasimləri olur. Çalışıram ki, həmin tədbirlərdə yaxından iştirak edim.

- Dediniz ki, ümümi fəaliyyətiniz üç istiqamətdədir. Milli Məclis, partiya və şəxsi həyat. Hansına daha çox vaxt sərf etməli olursunuz?

- Əslində, siyasət və şəxsi həyatı bir istiqamətlə ifadə edərdim. Amma, əlbəttə, siyasət mənim vaxtımı daha çox alır. Bu işə daha çox zaman sərf edirəm, nəinki şəxsi həyatıma.

- Milli Məclisin plenar iclası başlamazdan öncə, hər hansı bir məsələ ətrafında əvvəlcədən çıxış və ya plan hazırlayırsınızmı?

- Mənim Milli Məclisdəki fəaliyyətim bir qayda olaraq komitələr və plenar iclaslar əsasında reallaşır. Milli Məclisin plenar iclasına çıxarılan məsələlər öncə komitələrdə müzakirə olunur. Komitələrin də qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var. Bu baxımdan, komitə üzvləri qanunvericilik prosesində fəal iştirak edirlər. Mən də istisnalıq təşkil etmirəm. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüyəm. Çalışıram ki, komitəyə daxil olan layihələrin müzakirəsində fəal iştirak edim. Əlbəttə ki, hər bir layihə ilə bağlı müəyyən qeydlər aparıram. Çıxışlarımda bu qeydlərdən yararlanıram. Plenar iclasda öz komitəmizlə yanaşı, digər komitələrin də təqdim etdikləri layihələrə münasibət bildirirəm. Çıxış edəcəyim məsələ ətrafında öncədən hazırlaşıram. Bir şeyi də etiraf edim ki, plenar iclasda ekspromt olaraq fikir söyləməyə ehtiyac yaranır. Həmin anda da öz imkanlarımdan istifadə edərək fikirlərimi çatdrıram.

- Sizi aktiv millət vəkili kimi tanıyırıq, qanun layihəsi və digər cari məsələlərlə bağlı müxtəlif təklifləriniz olur. Maraqlıdır, verdiyiniz təklif hansısa layihədə nəzərə alınmayanda, narahatlıq keçirirsinizmi?

- Mən buna çox tolerant yanaşıram. Çünki mənim fikrim subyektivdir, qəbul oluna da bilər, olunmaya da. Təklif o zaman qəbul edilir ki, bu, digər millət vəkillərinin də fikirləri ilə üst-üstə düşür və qanun layihəsinin təkmilləşməsinə xidmət edir.

- Fəzail müəllim, evinizlə Milli Məclis arasında yolboyu diqqətinizi çəkən nələr olur?

- Tıxaclar. Baxmayaraq ki, günü-gündən yollarımız genişlənir, Ölkə prezidenti tərəfindən bu sahəyə xüsusi diqqət göstərilir, amma hər gün Bakı küçələrində böyük tıxaclar yaranır. Ən çox diqqətimi çəkən məsələ budur. Bir də, əsasən, saat 18:00-dan sonra avtobus dayanacaqlarında xeyli insanın olduğunu müşahidə edirəm. Bundan narahatlıq keçirirəm və düşünürəm ki, niyə səhər və axşam saatlarında marşrutda olan avtobusların sayını artırmırlar?! Baxmayaraq ki, mən ictimai nəqliyyatdan istifadə etmirəm, amma bir Azərbaycan vətəndaşı kimi bu məsələnin həll olunmasını istəyirəm.

- Milli Məclis çərçivəsində hansı aralıqda xarici səfərləriniz olur?

- Bəzi istisnalar olmaqla, 1997-ci ildən bəri ildə iki dəfə Sankt Peterburqda oluram. MDB ölkələrinin parlamentlərarası assambleyasının üzvü, komissiyanın sədr müavini olaraq oradakı yığıncaqlarda iştirak edirəm. Bəzən bu və ya digər formada xarici səfərlərim olur, ancaq sonuncu dəfə parlament çərçivəsində başqa bir ölkəyə nə vaxt səfər etdiyimi yadıma sala bilmirəm. Əslində, buna normal yanaşmaq lazımdır. Çünki, millət vəkillərinin hər biri ayrı-ayrılıqda hansısa təşkilatların üzvləridirlər. Ona görə də həmin təşkilatların hansısa tədbiri olanda məhz üzv deputatlar oraya səfər edirlər, necə ki, mən də hər il MDB Parlament Assambleyasının iclaslarına gedirəm…

Digər tərəfdən, biz ayrı-ayrı ölkələrlə parlamentlərarası dostluq qruplarının sədrləri və ya üzvləriyik. Millət vəkillərinin bu istiqamətdə də müəyyən səfərləri olur. Mən Azərbaycan-İspaniya parlamentlərarası dostluq qrupunun rəhbəriyəm. Amma biz İspaniyada bu qrupu hələ işlək vəziyyətə gətirə bilməmişik. Bu da əslində İspaniyada tez-tez baş verən siyasi proseslərlə bağlıdır. Lakin artıq işlər gedir, ümidvaram ki, gələn ilin yazında mənim İspaniyaya səfərim olacaq. Bu səfər baş tutsa, İspaniya və Azərbaycan parlamentləri arasında sıx və intensiv əməkdaşlıq qurulacaq.

- Sizin üçün deputat olmağın üstünlüyü nədən ibarətdir?

- Deputat olmaq, əlbəttə, çox böyük avantajdır. 10 milyon əhalinin 125 insanından birisən. Xalqın seçimi ilə dövlətçiliyimizin inkişafında, onun qorunub saxlanmasında, siyasi proseslərdə geniş səlahiyyətlərin və platforman var. Bu, mənim üçün çox önəmli bir məsələdir. Eyni zamanda, deputat toxunulmazlığı var, insanlar xüsusi hörmət bəsləyir, müvafiq qurumlar Azərbaycan qanunlarına söykənərək deputata qarşı ölçülüb-biçilmiş normal münasibətlər sərgiləyir. Bunların hamısı böyük üstünlükdür. Amma mənim üçün ən böyük üstünlük, Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmətdir…

Elgün MƏNSİMOV
AzNews.az