Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun AzNews.az-a müsahibəsi Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun AzNews.az-a müsahibəsi
  • Hadisə
  • 1 Dekabr 2018 10:05
  •  5 845

“Rusiya-Ukrayna müharibəsi artıq başlayıb” - Tofiq Zülfüqarov “Yaxın plan”da

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun AzNews.az-a müsahibəsi

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan fiqurlarla “Yaxın plan” rubrikası altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovdur.

- Tofiq bəy, bildiyiniz kimi Gürcüstanda Prezident seçkiləri keçirildi və regionun ilk qadın prezidenti seçildi. Ümumilikdə bu hadisələrin Azərbaycan üçün nəticələri sizcə, necə olacaq?

- İndiki Azərbaycan-Gürcüstan əlaqələri və onların imkanları çox genişdir. İqtisadi əlaqələrimiz çox sıx və aktivdir. Eyni zamanda siyasi əlaqələrimiz də mövcuddur. Bu baxımdan, belə bir çərçivə yaranıb və Gürcüstanda hakimiyyətə gəlmiş istənilən şəxs bu reallıqla hesablaşmalıdır. Biz bilirik ki, Gürcüstan prezidentinin konstitusiyaya görə əsas fəaliyyət sahəsi xarici məsələlərə aiddir. Onun üçün əsas məsələ, Gürcüstanın NATO və Avropa İttifaqındakı üzvlüyünü təmin etməkdir. Bu baxımdan, Azərbaycan bir çox səbəblərə görə, Cənubi Qafqazda Gürcüstan üçün əsas faktor olaraq qalacaq. Əgər Gürcüstanın Aİ üzvlüyünü də nəzərə alsaq, gələcəkdə təbii ki, əsas maraqları enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu baxımdan, Azərbaycan və Gürcüstan əlaqələrində bir çərçivə mövcuddur. Təzə gələn siyasətçilər də bu çərçivədən çıxmayacaqlar. Hesab edirəm ki, bu əlaqələr daha da inkişaf edəcək.

- Dünən Tramp, G-20 zirvəsi çərçivəsində Putinlə görüşməli olsa da, sonradan görüşü ləğv edib. Sizcə, bunun səbəbləri nədir?

- Bu proseslər çoxdan gedir. Qərb-Rusiya əlaqələri böhran içindədir. Bu təzyiqlər davam edir. Təəssüflər olsun ki, 2014-cü ildən sonra yaranan Ukrayna böhranı, Rusiya üçün çox böyük problem oldu. Əvvəllər bir qələbə kimi görünən addımlar, indi böyük problemlərə gətirib çıxarır. Düşünürəm ki, Rusiya öz siyasətində ciddi dəyişikliklər etməsə, bu vəziyyət davam edəcək. Sanksiyaların sayı və təsiri Rusiya iqtisadiyyatına çox ciddi zərbə olacaq. Mən bu sanksiyaların gələcəkdə neft və qaz sahələrini də əhatə edəcəyini istisna etmirəm. Biz istəməzdik ki, belə bir şey baş versin, amma ciddi dəyişikliklər olmalıdır. Bu, Rusiya üçün çox vacibdir. Əlaqələrin Qərblə normal formada bərpa olunması təbii ki, Rusiya xalqının və dövlətinin əsas məqsədlərindən biridir.

- Maraqlıdır, məlum görüşün ləğvindən sonra Rusiya hansı addımı ata bilər?

- Bu izolasiya artıq davam edir. Qonşularla əlaqədar məsələlər də artır. Krımın Rusiyaya birləşməsi, eyni zamanda postsovet ölkələri ilə də gərginliklər yaradır. Düşünürəm ki, bu addımlar Rusiyanın xeyrinə olmayıb və siyasətdə dəyişiklik olmasa, böhran davam edəcək.

- Bəs indiki siyasətçilər bu siyasəti dəyişə bilərlərmi?

- İndiki rəhbərlərin bu səhvi düzəltmək üçün siyasi iradəsi ya yoxdur, ya da görünmür.

- Rusiya-Ukrayna münasibətlərində gərginlik hökm sürür. Bundan sonra hadisələr hansı istiqamətdə cərəyan edə bilər?

- Artıq hər şey baş verə bilər. Ukrayna, siyasi şəkildə Rusiyaya düşmən obrazı kimi formalaşıb. İstər daxili, istər xarici siyasətə aid hər bir addım, düşmənə müqavimət kimi qələmə verilir. Hətta bu məqsədi daşıyır. Bu baxımdan, Ukrayna atdığı addımlarla Rusiyanın imkanlarını azaldır. Ukraynanın əsas məqsədi isə ondan ibarətdir ki, Rusiyaya qarşı beynəlxalq təzyiqi artırsın. Əlbəttə, bu, Ukraynanın xeyrinədir. Lakin dil, din, tarix baxımından bir-birinə yaxın olan ölkələrin öz əlaqələrini düşmənlik səviyyəsinə çatdırmaları acınacaqlı vəziyyətdir.

- Ola bilərmi ki, baş verənlər diplomatik müharibəyə çevrilsin?

- Müharibəni istisna etmirəm, amma diplomatik müharibə artıq başlayıb. Biz başa düşürük ki, Rusiya üçün Ukrayna məsələsi gündəmdə birincidir. İstər-istəməz, Cənubi Qafqazda olan məsələlər arxa plana keçəcək.

- Poroşenko 16-60 yaş arası rusiyalı kişilərin ölkəyə girişini qadağan edib. Bu qadağa nə əsasla qoyulub?

- Hərbi xidmət bacarığı olan insanlara qadağa qoyulub. Bu, müharibənin qaydalarıdır. Buna bənzər addımlar iki tərəfdən də atılacaq. Lakin ciddi addımlar atılmasa, münaqişə daha da gərginləşəcək.

- Dünən G-20 zirvəsi çərçivəsində Ərdoğanla Trampın görüşü baş tutdu. Görüşdə hansı məsələlərin müzakirəsinə yer verildi?

- İqtisadi və siyasi baxımdan ən vacib ölkələr orada yığışırlar. Müxtəlif mövzuları müzakirə edirlər. Hesab edirəm ki, məsələlərin çoxu Yaxın Şərqdə baş verənlərlə bağlıdır. Rusiya və Türkiyə məsələləri də müzakirə olunanlar arasında olub. Təbii ki, müxtəlif fikirlər səslənə bilər. Çətin ki, həqiqəti bilək.

- Suriya problemi ilə bağlı hansısa nəticələr əldə oluna bilərmi? Yoxsa, necə deyərlər, köhnə hamam, köhnə tas?

- Suriyada bir neçə problem var. Hakimiyyətlə müxalifət arasında, milli zəmində də qarşıdurmalar mövcuddur. Eyni zamanda dövlətlərarası gərginliklər də mövcuddur. İsraillə bağlı problemlər də var. Demək olar ki, ABŞ üçün əsas məsələlərdən biri ondan ibarətdir ki, İsrailin təhlükəsizliyini təmin etsin. Trampın axırıncı bəyanatı da bunu təsdiqləyir. Bu baxımdan analiz edəndə, həmişə bu amili nəzərdə saxlamalıyıq. İranla yaşanan gərginliklərin bir hissəsini İranın Suriya məsələlərində aktiv iştirakı təşkil edir. Bu da həm İsraili, həm də ABŞ-ı narahat edir. Bu baxımdan, orada müxtəlif mözvuların mövcud olduğunu görürük. Lakin gərgin məsələlərə baxmayaraq ABŞ-ın bölgədə partnyorunun Türkiyə olduğu da diqqətdən qaçmır.

Pərvanə Ağazadə
AzNews.az