“Əsrin gözəli” onu toyda döydürdü. “Əsrin gözəli” onu toyda döydürdü.
  • Hadisə
  • 2 Dekabr 2018 21:11
  •  14 941

Müğənnini toyda zalın bu başından o başına kimi sürüdülər - Cəmalə Vaqifqızı

“Əsrin gözəli” onu toyda döydürdü.

AzNews.az-ın “Morze əlifbası” layihəsinin bu günkü qonağı müğənni Cəmalə Vaqifqızıdır.

-Sənət adamlarının əksəriyyəti maşınlarını kreditlə alıb, bəzilərinə isə sponsorları hədiyyə edib. Hətta, bir çoxlarının maşınını sonradan sponsorları əlindən alıb. Siz öz maşınınızı necə almısınız?

-Kreditlə. 10 il bundan öncə balaca bir maşın sürürdüm. Açığı o mənim deyildi, iş yoldaşımın idi. Maşın almaq arzularımdan biri olub. İkinci maşını toylara gedəndən sonra aldım. 4500 AZN ilkin ödəniş etdim, yerdə qalan hissəsini 5 illik kreditə saldım. Sponsorum olsaydı, yəqin ki, maşınım kreditlə alınmazdı. Onu da tamamilə ödəmişəm. 10 ildir ki, maşın sürürəm.

-Yol-hərəkət qaydalarını pozmusunuzmu?

-Maşını kişi kimi sürürəm. Qanun hamı üçündür. Heç vaxt qaydaları pozmamışam. 10 ildə 10 dəfə cəriməm olmayıb. Yolun sürəti nə tələb edirsə, maşını da elə idarə edirəm. Heç vaxt içki içib sükan arxasına oturmaram. Anam məni tikə-tikə doğrayar. Anam deyir ki, nə vaxt görsəm, ya da eşitsəm ki, içki içib sükan arxasına oturmusan, o gün maşınla vidalaşacaqsan. Anamdan çox qorxuram. Ona həm də hörmət edirəm.

-Deyirsiniz ki, ananızdan qorxursunuz. Məncə bu səbəbsiz deyil...

-17 yaşımda məni hamama salıb doyunca döyüb. Gözdən əlil uşaqlar üçün konsertə getmişdik. Konsertdən sonra dəniz kənarına gəzməyə getdik, evə gec qayıtdım. Bu üzdən anam məni doyunca döydü. Adamın səhvi olanda ana adamı döyər də, sevər də. O hadisədən sonra anamdan qorxuram. Bu gün saf dostluq yoxdur. Hərə kiminsə nəyinə görəsə ona yaxınlaşır. İnsanları özünə görə sevirəm. Təəssüflər olsun ki, bu gün belə deyil. Kimin evi, maşını, imkanı varsa, brend markalardan geyinirsə, onları sevirlər, onlara yaxınlaşırlar. Bir növ insanları əşyalaşdırıblar. Çox heyf... Anam heç kəslə yaxın olmağa, ünsiyyət qurmağa icazə vermir. Hamısı ilə münasibətim var, amma eyni zamanda aramızda məsafə də saxlayıram.

-Sənət adamlarının əksəriyyətinin ailəsi yoxdur. Bunun səbəbi nədir?

-Ailəm sənətə görə dağılmayıb. Çox tez ailə həyatı qurdum. Amma nə isə alınmadı. Bu barədə danışmaq istəmirəm.

-“5\5” verilişinin aparıcısı Zaur Kamal müğənnilərə qısa paltar geyməyə qadağa qoyub. Bunu bildiyiniz halda verilişə necə buraxıldınız?

-Lap qısa paltar geyinmişdim. Zaur baxdı, baxdı, dedi ki, “Cəmalə, sən yüz faiz efirə gəlmisən?”. “Hə” dedim. Dedi, birdən broşkan yerə düşsə, onu necə götürəcən? Mən də əyildim broşkanı götürdüm. O düşündü ki, birdən əyilərəm, ya paltar cırılar, ya da haramsa görünər. Amma əyildim, qalxdım və heç nə olmadı. Ondan sonra məşhurlaşdım. Zaur səhəri günü dedi ki, mən verilişimə qısa paltar geyinməyə icazə vermirəm. Elə müğənni var ki, ona nə geyinsə yaraşır. Məsələn, Xumar xanım nə geyinsə yaraşır. Bəziləri paxıldır. Baxır ki, paltar yaraşır, qəsdən deyir “Bu nədir, yaraşmır”. Paxıllıq insanları öldürür. “Filankəsi xərçəng tutub” deyirlər. Onların əksəriyyəti paxıllıqdandır. Allah dərd verəndə dərmanını da verir. Amma paxıllıq ruha hopur. Onun dərdinə çarə yoxdur. Mənim gözələ gözəl demək qabiliyyətim var.

-Şou-biznesdə baş verən qalmaqallar əvvəlcədən planlaşdırılırmı?

-Heç vaxt nəyisə əvvəlcədən planlaşdırmamışam. Hə şey real olub. Zaurun “5\5” verilişinə dəvət alanda hər şeyə hazır idim. Həmişə deyirlər ki, Zaur çətin adamdır. Qəfildən elə sual verir ki, qonaq pərt olur. Həyatımda elə bir şey yoxdur ki, nədənsə çəkinəm. Bu da onun şousudur. Şousuz olmaz. Yoxsa o verilişin dadı-duzu qalmaz. Qalmaqalsız olmur. Tanınmaq, gündəmdə olmaq üçün bu, vacibdir. Saçyoldu, soyunmaq, nə lazımdırsa edirlər. Mərhum bəstəkar Elza İbrahimovanın mahnıları ilə laureat olmuşam. Toy şənliklərində deyirlər ki, filan mahnını oxu, əgər mən onu bilmirəmsə, deməli pis oxuyuram. Biabırçılığa baxın. Bu gün toyda tələb “Səni deyirlər” mahnısınadır. Deyirlər ki, müğənnisənsə, öyrənməlisən. Toya gediriksə, doğrudan da öyrənməliyəm. Əgər mahnı sifariş edənin mədəniyyəti yoxdursa, deyəcək ki, bu nədir, oxuya bilmir, bunu bura niyə gətirmisiniz?. Elə titullu müğənni var ki, toyda biabırçılıqla qarşılanır.

-Toy şənliklərində sifariş edilən mahnını ifa edə bilmədiyinə görə hansısa müğənni döyülübmü?

-Əlbəttə. Bakıda məşhur restoranların birində toyda idik. Toyu da sənəti olan müğənnilərdən biri aparırdı. Qonaqlardan biri “Əsrin gözəli” mahnısını sifariş etdi. Müğənni bu mahnını oxumadı, etiraz etdi. Dedi ki, mən elə bir mahnı oxuya bilmərəm. Sifarişçi də əl çəkmədi, səhnədə durub “Əsrin gözəli”ni oxumalısan” dedi. Yaxınlaşdım ona ki, qoy mən oxuyum. Dedi yox, sən də oxuma. Elə bu anda mahnını sifariş edən oğlan müğənniyə bir yumruq vurdu. Müğənni yerə sərildi. Qonaqlar pərən-pərən düşdü. Müğənni birtəhər özündə güc toplayıb ayağa qalxmaq istəyəndə düşdülər onun üstünə, zalın bu başından o başına kimi təpiklədilər, yumruqlayıb sürüdülər. Bütün toy töküldü, müğənnini “Əsrin gözəli”ni sifariş edənin əlindən güclə aldılar.

-Döyülən müğənni həmin toydan nə qədər pul alacaq idi?

-8 min manat. Amma o pulu ala bilmədi, vermədilər, əvəzində isə... “Əsrin gözəli” onu toyda döydürdü. Bu yaxınlarla toy şənliklərinin birində həmin müğənnini gördüm. İçimi yedim, düşündüm ki, birdən qonaqlardan kimsə “Əsrin gözəli”ni sifariş etsə, vay halımıza. Bir də baxdım ki, həmin müğənni “Əsrin gözəli”ni oxuyur. Onun da ardınca “Səni deyirlər”i oxudu. Döyüləndən sonra xalq mahnısı, klassika-zad qalmadı. Ona döyülmək dərs oldu.

-Həmin müğənnini “Səni deyirlər”, yaxud da “Əsrin gözəli” mahnılarını oxumağa nə vadar etdi. Həyat, yoxsa şərait...

-“Əsrin gözəli” pis mahnı deyil, toy üçün yazılıb, insanların sümüyünə düşür. Toya gedən müğənni hər sifarişə hazır olmalı, bütün sifariş edilən mahnını oxumalıdır. Başqa yol yoxdur. Biz ora insanları əyləndirməyə gedirik. Bu gün həyat da, şərait də bunu tələb edir.

-Son vaxtlar sənət adamlarının bəziləri müxtəlif pozalarda fotolar çəkdirib sosial şəbəkədə paylaşırlar. Məsələn, onlardan biri də əməkdar artist Tünzalə Ağayevadır. Bununla bağlı nə deyə bilərsiniz?

-Bütün sənətçilərin sənətinə böyük hörmətim var. Eləcə də Tünzalə Ağayevaya. Tünzalə xanım nə geyinsə, hansı pozada şəkil çəkdirsə, ilk öncə göz önünə onun sənəti gələcək. Geyim ikinci dərəcəlidir. Sadəcə insanlarla düzgün rəftar qurmaq lazımdır. Adam var ki, onun konsertində oturursan, amma darıxırsan. Adam da var ki, məsələn, Tünzalə, Aygün, Xatirə, Röya və s. kimi sənət adamlarının konsertində heç darıxmırsan.

-Həmkarlarınız “Toy yoxdur” deyə-deyə yaş tökür. Sizdə vəziyyət necədir?

-Şükür Allaha, pis deyil. Dəvətlərim olur. Hamımız dolanmaq üçün çalışırıq. Toy da bizim qazanc yerimizdir. Allah hər kəsin ruzisini bol eləsin. Hamı kimi mənim də toy qiymətim var. Bəzən də çox yaxın adamların toyuna pulsuz gedirəm. Xeyriyyə tədbirlərim də çox olur.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description image description image description image description image description