Təhsil sistemində hər zaman dəyişikliklər və islahatlar qaçılmazdır Təhsil sistemində hər zaman dəyişikliklər və islahatlar qaçılmazdır
  • Hadisə
  • 3 Dekabr 2018 14:59
  •  5 258

Köhnə fikirli müəllimlər daha müasir müəllimlərlə əvəz olunmalıdır - Sayt rəhbəri

Təhsil sistemində hər zaman dəyişikliklər və islahatlar qaçılmazdır

“Xeyirli olsun” layihəsinin bu dəfəki müsahibi “Edumap.az” təhsil portalının həmtəsisçisi Toğrul Bayramlıdır.

Toğrul Bayramlı portalın ödənişli və ödənişsiz təhsil proqramları, təlimləri və kursları haqqında məlumatları Edumap.az-da bölüşür.

-Özünüzü təqdim edə bilərsiniz?

-Mən Toğrul Bayramlı 1992-ci ilin aprel ayında Sumqayıt şəhərində dünyaya gəlmişəm. 2010-cu ildə İqtisad Universitetinin Ekologiya fakültəsinə daxil olmuşam, 2014-cü ildə isə həmin fakültəni bitirmişəm.

-“Edumap.az”ı yaratmaq ağlınıza necə gəldi?

-Düzünü desəm, universitet mənə maraqlı gəlmirdi. Buna görə də artıq ikinci kursdan ictimai sektora qoşulmağı qərara aldım. Bu, mənim daha çox bilgi öyrənməyimə və dost qazanmağıma kömək olacaqdı. Getdiyim təlimlərin hər biri çox maraqlı olmasa da, yeni dostlar qazanmağıma kömək olurdu. Belə tədbirlərin birində Rasim və Azərlə tanış oldum. O zamanlar mən qarşıma çıxan maraqlı tədbirləri və təlimləri öz Facebook profilimdə paylaşırdım. Bu təlim və tədbirlər əsasən ödənişsiz olurdu, çünki tələbələrin maddi cəhətdən imkanları çox da yaxşı olmur. Həmin zamanlarda gördüm ki, Rasimin Facebookda bir qrupu var və o da təlimləri paylaşır. Sonra mən də həmin qrupa admin oldum və başladıq bu paylaşımları etməyə. Get-gedə bizim qrupa maraq və təlabat artırdı. O zamanlar universiteti təzə bitirmişdik deyə o qədər də pulumuz yox idi. Bir tanışımızın “Dialoq.info” adlı saytı var idi, biz də qərara gəldik ki, o saytı götürək və paylaşımları orda edək. 2014-cü ilə qədər fəaliyyətimizi bu saytda davam etdirdik. Daha sonra isə yeni bir sayt açmaq qərarına gəldik və saytımızı yaratdıq.

-Nəyə görə “Edumap.az”?

-Ad fikirləşəndə elə bir ad istəyirdik ki, bizim işimizə uyğun olsun. Müəyyən qədər təhsil üçün xəritə planı cızdığımız üçün ağlımıza elə “Edumap” gəldi. Bizim elə sloqanımız “Sizin təhsil xəritəniz”dir.

-Təhsillə bağlı hansı xəbərləri paylaşırsınız?

-Biz sayta hansısa məktəbdə baş verən yanğın və ya başqa cürə xəbərləri yerləşdirmirik. Bizim sayta girən şəxslər təhsilində və özündə irəlləyiş olması üçün sayta girir. Buna görə də o cürə xəbərləri saytda yerləşdirmirik.

-Deyəsən ölkədə ilk təhsil portalı sizindir. Bu, sizə çətin deyilmi?

- Biz saytda fəaliyyətə başlayanda bizlə birgə başqa saytlar da başladı. Amma bir çoxu bir il sonra fəaliyyətini dayandırdı. Çünki bu elə sahədir ki, maliyyə mütləq olmalıdır. Maliyyədən əvvəl isə həvəs olmalıdır. Həvəs yoxdursa və gəlir qazanmaq üçün bu işə girirsinizsə gəlir gəlmədikcə bezəcəksiniz. Biz sadəcə çox həvəsli idik və ilk vaxtlarda gəlirin olmaması bizi həvəsdən salmırdı. Mən bəzən gecə saat 3-4-də sayta məlumat yerləşdirirəm. Çünki kiməsə faydalı olanda özümü gümrah hiss edirəm.

-Azərbaycan təhsil sistemi sizi qane edirmi?

-Təhsil sistemində hər zaman dəyişikliklər və islahatlar qaçılmazdır. Belə olmasa inkişafa doğru getmək olmaz. Məncə köhnə fikirli müəllimlər daha müasir müəllimlərlə əvəz olunmalıdır. Və universitetdə keçirilən dərslər daha çox təcrübəyə əsaslanmalıdır. Son dövrlərdə universitetlərin inkişafını özümüz də görürük. Bu dəyişiklik və inkişaf məni çox sevindirir.

-Təhsil sistemi nəzəriyyəyə, yoxsa təcrübəyə əsaslanmalıdır?

-Mənə görə təhsil sistemində nəzəriyyə və təcrübə eyni olmalıdır. Hətta bəzən təcrübə biraz çox olmalıdır. Amma nəzəriyyəni bilmədikdə təcrübə zamanı çox əziyyət çəkəcəksən. Nəzəriyyəni öyrəndiyiniz zaman bunu təcrübədən keçirmək lazımdır ki, bunlar bir-birini tamamlasın və formalaşsın.

-Sonda gənclərə tövsiyyələriniz nələrdir?

-Gənclərə demək istəyirəm ki, bir iş görmək istəyirsinizsə, əvvəlcə götür qoy edin. Gənclərin ağlına hər dəqiqə yeni bir idea gəlir. Bazar araşdırması etmədən, ideanı həyata keçirmək uğursuzluğa səbəb ola bilər.

Boş vaxtlarınızı evdə keçirməyin, təlimlərə gedin, müsabiqələrə qatılın. Bu təlimlər sizə uyğun olmasa belə orda yeni insanlarla tanış olacaqsınız. Maraqlı insanlar tanıyacaqsınız, çoxlu məlumatlar toplayacaqsınız. Bu sizin inkişafınız üçün çox vacibdir. Mən təlimlər və seminarlarda Azər və Rasimlə tanış oldum. Və beləcə də “Edumap.az”ı yaratdıq. Əgər təlimlərə getməsə idim və vaxtımı boş-boş işlərə sərf etsə idim, heç vaxt onları tanımayacaqdım.

Nigar CƏFƏR

AzNews.az

image description