“Məqsədim “Nobel”i Azərbaycana gətirməkdir” “Məqsədim “Nobel”i Azərbaycana gətirməkdir”
  • Hadisə
  • 6 Dekabr 2018 21:00
  •  12 079

“Kitabdan qazandığım 30 min manatın bir hissəsini kreditə ödədim” – Yazıçı Varis “Cümlə axşamı”nda

“Məqsədim “Nobel”i Azərbaycana gətirməkdir”

AzNews.az “Cümlə axşamı” layihəsində yazıçı Varislə müsahibəni təqdim edir.

“Azərbaycanda kitab bazarına olan bütün ümidlərim ölüb”

- Varis bəy, bir vaxtlar kitablarınız Azərbaycan reallığı üçün mümkünsüz sayılacaq dərəcədə böyük tirajla satılırdı; hazırda vəziyyət necədir?

- 2008-dən başlayaraq dörd il yazıçılıqdan böyük qazanc götürmüşəm. Kitablarım on min tirajla çap olunurdu. Əfsus ki, “Metrosatış” şəbəkəsi bağlandı, kitabların tirajları da düşdü. Halbuki deyirdilər metrolarda kitab satışının ləğv edilməsi kitabın tirajına təsir göstərməyəcək. Mən öz təcrübəmdən deyirəm ki, metroda kitab satışı yığışdırılandan sonra kitablarımın tirajı yarıbayarı azaldı. Bundan başqa, pirat nüsxələrin çapı da kitab gəlirinə mənfi təsir göstərdi. Pirat kitab satışları bizim sahəyə xeyli təsir edir, hətta kitablarımızı rizoqrafla çap edənlər də olur. Buna görə də Azərbaycanda kitab bazarına olan bütün ümidlərim ölüb.

“Uzaqdan gələn yağışlar” adlı sonuncu kitabım “TEAS press” nəşriyyatında 5 min tirajla çıxıb. Əvvəllər kitablarımın tirajı 10 min idi. Sonra 10 mindən 8 minə düşdü, 8 mindən 6 minə, indi də 6 mindən 5 minə düşüb.

“Kitab çıxarmaq üçün bankdan 24 min manat kredit götürdüm”

- “Sonuncu ölən ümidlərdir” adlı ilk kitabınız da on min tirajla vurulmuşdu?

- Bəli. Onun çapının çox maraqlı tarixçəsi var. İlk romanımı 10 min tirajla çap etmək üçün 24 min manat pul lazım idi. Ondan ötrü banka müraciət elədim, soruşdular ki, maşın alırsan? Dedim, yox, kitab çıxarmaq istəyirəm. Bankın müdiri dostum idi, sözlərimə inanmadı. Məsləhət verdi ki, yazıqsan, bu boyda yükün altına girmə. İnadımdan dönmədim. Dedim 24 min manat ver, 30 min qaytaracağam. Nə isə, kredit verdi. Biz də kitabı 10 min tirajla vurduq. O vaxtı indiki kimi kitab mağazaları da da yox idi. Biz neylədik? Onun 2 min tirajını məktəblərə, universitetlərə, hərbi hissələrə hədiyyə elədik. Özü də kitabın arxasında telefon nömrəsi ilə e-mail də qeyd etmişdik ki, oxucular bizə zəng etsinlər, məktub yazsınlar.

- Biz deyəndə kimi nəzərdə tutursunuz? Bu işləri kollektiv şəkildə görmüsünüz, yoxsa tək?

- Əlbəttə, mənim komandam var idi. “168 saat” qəzetlər qrupunun əməkdaşlarını nəzərdə tuturam. Mənim indi də komandam, ədəbi agentim var. Ədəbi agentim mənim əvəzimdən lazımı danışıqları aparır...
Onu deyirdim axı, üç gün sonra zənglər gəlməyə başladı. Kitabı oxuyanlar öz müsbət fikirlərini bildirirdilər. Ondan sonra gördük ki, kitab hamıda maraq oyadıb və yerdə qalan 8 min kitabı satışa buraxdıq. Heç altı ay çəkmədi, kitabın hamısı satıldı.

Müstəqillik dövründə ən çox satılan kitab mənimdir

- Nə qədər gəlir əldə etdiniz?

- 30 min manatdan çox pul əldə etdim, hamısını aparıb bankir dostumun qabağına qoydum, dedim ki, sənə çatan hissəni götür. Heyrət elədi, soruşdu ki, xaricdən yağ, “pesok” vurmusan? Bu nədir? Dedim kitab satmışam, kitab. Beləliklə, “Sonuncu ölən ümidlərdir” kitabım müstəqillik dövründə Azərbaycanda ən çox satılan kitab kimi tarixə düşdü. Hazırda yeddinci dəfə nəşr olunub.

- Ümumilikdə, nə qədər nəşr olunub?

- Ümumi tirajı 60 mindən çoxdur. Bura on minlərlə pirat nüsxələri də əlavə etsən, çox böyük rəqəm alınar.

- Bu uğuru əldə etmək üçün əvvəldən hər şeyi ölçüb-biçmişdiniz, yoxsa təsadüf belə gətirdi?

- Hər şeyi hesablamışdım. O vaxt AZTV-də işləyirdim və onların te-tez keçirdiyi sorğularla maraqlanır, nəticələrini izləyir, gənclərin mütaliə dairəsini öyrənirdim.

“Türkiyədə Orhan Pamuk, Elif Şafakla bir sırada idim”

- Xaricdə də kitablarınız çıxır...

- Adətən, bizdə qayda belədir ki, müəlliflər öz şəxsi təşəbbüsləri ilə xaricdə kitab çıxarırlar. Bu, kitab çıxarmaq deyil. Amma mənim kitablarımı nəşriyyatlar özləri çıxarıb, üstəlik, qonorar ödəyirlər. Türkiyədə birinci dəfə kitabımı çıxaranda dedilər ki, öz hesabımıza çap edəcəyik, amma bizdən qonorar istəmə. Çünki bu vaxta kimi Azərbaycandan heç bir müəllifi öz hesabımıza çap etməmişik. Mən də razılaşdım, dedim ancaq gələn dəfə mütləq qonorar istəyəcəm. Türkiyədə əsas 10-12 böyük nəşriyyat var, monstrdırlar, nəyin çap olunub, nəyin çap olunmamasını onlar diqtə edirlər. Buna görə də mənim orda çap olunmağım möcüzə idi. Bununla belə “Son məktub” romanım Türkiyədə 60 min kitab arasında 52-ci yerə çıxmışdı. Orda Orxan Pamukun, Elif Şafakın əsərləri ilə bir sırada idi. Amerikada da kitabımı özləri çıxarıblar. Məktub yazıb xahiş elədilər ki, Rusiya portallarında çıxan “Metamorfoza” əsərinizi on faiz qonorarla çap eləmək istəyirik. Və razılığa gəldik, Amerikada da çıxdı.

- Kitablarınızın xarici dillərə tərcüməsi sizi qane edir?

- Mənim hazırda bircə sıxıntım tərcüməçi sıxıntısıdır. Azərbaycan dilindən ingilis və başqa dillərə yaxşı tərcüməçilər yoxdur. Bizim tərcümələrin ingilis dilinə elədikləri tərcümələri göndərmişdim, qəbul eləmədilər. Ona görə də adətən, əsərlərim əvvəl rus dilinə tərcümə olunur, sonra da rus tərcüməçilər tərəfindən ingilis və ya başqa dillərə çevrilir.

- Hazırda Azərbaycanda əsərləri ən çox satılan müəllif kimdir? Yəqin ki, ilk sıralarda yer alırsınız?

- Dəqiq statistika olmasa da, demək olar ki, hazırda ən çox kitabı satılan yazıçı, zənnimcə, Çingiz Abdullayevdir, Elxan Elatlıdır, Rövşən Abdullaoğludur, bir də mənəm. Qaraqan, deyəsən, daha yazmır. Hazırda mənim kitablarıma ehtiyac çox böyükdür. Gedib kitab mazalarında rəflərə baxsanız, bir dənə son çıxan romanım “Uzaqdan gələn yağış”ı görə biləcəksiniz. Qalan kitablarım hamısı satılıb.

- Azərbaycan ədəbiyyatında da vaxtı ilə kitabları milyon tirajlarla satılan müəlliflər olub, amma hazırda adları çəkilmir. Sizin belə qorxunuz var?

- Belə qorxum yoxdur. Mən özüm bilərəkdən kütləvi əsər yazıram ki, camaat oxusun. Çünki mən ədəbiyyata gələn vaxtı kitab oxuyan yox idi. Buna görə də elə əsərlərimi birinci çap etməyə çalışdım ki, onlar geniş kütlə tərəfindən asanlıqla qəbul olunsun. Mənim ağır, ciddi əsərlərim də var. Ümumiyyətlə, yaradıcılığımı iki sahəyə bölmək olar, kütləvi və elitar ədəbiyyata.

“Məndən əvvəl bu mükafatı Oljas Süleymenov qazanmışdı”

- Axı sizi belletristika müəllifi kimi tanıyanlar sonra ciddi əsərlərinizi oxumayacaqlar? Bundan narahat deyilsiz?

- Düzü, məncə bu, həmin insanların öz problemidir. Mənim dünya miqyasında uğur qazanan kifayət qədər əsərim, çoxlu mükafatım var. Elə son uğurlarım məgər azdırmı? Rusiyanın Soçi şəhərində Avropanın və Asiyanın 170 yazıçısının qatıldığı ədəbiyyat üzrə LiFFt festivallar festivalının qızıl laureatı oldum. Nəzərə alın ki, öncəki ildə bu mükafatı dünyaşöhrətli Oljas Süleymenov qazanmışdı.

“O romanım Mübariz İbrahimovun stolüstü kitab olub”

- Ədəbi çevrələrdə sizə olan münasibətdən razısınızmı?

- Mənə elə gəlir ki, təkcə mən yox, hamı Elçin Əfəndiyevi ədəbi etalon kimi qəbul edir, düzdür? Elçin müəllim “Metamorfoza”nı oxuyub zəng vurmuşdu, düz 45 dəqiqə danışdıq, əsər barədə fikrini bildirdi. Tənqidçi Vaqif Yusifli, Nizaməddin Şəmsizadə, akademik Nizami Cəfərov əsərlərim haqqında xoş fikirlərini bildiriblər. Rusiya, Amerika, Türkiyə ədəbi tənqidinin haqqımda xoş sözlərini də bura əlavə edə bilərik. Rusiyada tənqidçilər məni Nobel mükafatçısı Con Maksvell Kutzee ilə müqayisə edirlər. Türkiyədə “77-ci gün” romanımı oxuyan türk gəncləri əsərin qəhrəmanı kimi günəşi qarşılamağa çıxmışdılar. Türk qəzetləri və saytları bunu xəbər elədilər ki, yüzlərlə türk gənci günəşi qarşılamağa çıxıb. Mənim “Bir ovuc torpaq” adlı qəhrəmanlıq romanım Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun stolüstü kitabı olub. Məgər bu sadaladıqlarım uğur deyil?!

- Bəlkə kimlərsə sizin uğurlarınızı qısqanırlar?

- Belə şeylərə əhəmiyyət vermirəm. Bir şey deyim, o vaxt “Əli və Nino” mağazalar şəbəkəsindən kitab satışından gəlirləri götürməyə gedəndə, başqa yazıçılar, 10-20 manat pul alırdılarsa, mənim kitablarımın satışından 1000-1500 manat pul qalırdı. Uğurlarımı niyə qısqanırlar? Əgər bu gün Amerikada çap olunuramsa, deməli, sabah məndən sonra gələn Azərbaycan yazıçısı üçün yol açıq olacaq, eyni çətinliyi görməyəcək.

“Ədəbiyyata təkcə maddi qazanc yeri kimi baxmıram”

- Hər yazıçını qələmə sarılmağa vadar edən səbəb var. Varisi yazmağa nə vadar edir?

- Hiss edirəm ki, yaza bilərəm və yazıram. Əlbəttə, yüzminlərlə oxucu, böyük tiraj, çoxlu pul qazanmaq istəyim də var, amma mən ədəbiyyata təkcə maddi qazanc yeri kimi baxmıram.

- Bir yazıçı kimi sizin üçün tabu olan mövzu var?

- Əlbəttə, mentalitetdən gələn elə mözvular var ki, onlar mənim üçün tabudur. Vulqar ifadələrdən, pornoqrafiyadan qaçıram.

- Bu yaxında Beynəlxalq London ədəbi mükafatında yer almısınız. Gəlin, o barədə də danışaq.

- Bəli, mən bu yaxında Beynəlxalq London ədəbi mükafatında son 5 ildə fərqlənən 600 yazıçıdan biri olmuşam. Bunlar illər üzrə bölünür. Hər il üzrə 150 nəfər düşür. Mənim “Səmadan düşən mələk” əsərim də bu mükafata təqdim olunmuşdu. Siyahıda 2001-ci ildə Nobel almış Naypul, kinorejissor və ssenarist Vudi Allen, Den Braun və başqa məşhur şəxslərin adı var. Təbii ki, mən birinci yerə idida edə bilmərəm, çünki bunun üçün ən azı ingilis dilində neçə-neçə əsərlərin olmalıdır. Ana dili ingilis dili olan yazıçı ilə bu baxımdan rəqabətə girmək mənə çətin olar. Amma hər halda o mükafatın uzun siyahısına düşmək də bir uğurdur.


“Məqsədim Nobel mükafatını almaqdır”

- İnşallah, tutarsınız. Mənə elə gəlir ki, Azərbaycanda sizdən çox mükafat alan yazıçı yoxdur. Sağlıq olsun, deyəsən, bu gedişlə “Nobel”i də Azərbaycana gətirəcəksiniz.

- Bəli, məqsədim “Nobel” mükafatını almaqdır. Nobellər o vaxt Azərbaycanın neft pulları ilə varlandılar. Niyə də mən gedib “Nobel” almayım? Mənim ali məqsədim var ki, Buker, Pulitser, Qonkur mükafatlarından birini alım. Ancaq bu vaxta kimi də kifayət qədər nüfuzlu mükafatlar qazanmışam. LiFFt festivalı, Moskva ədəbiyyat mükafatı çox nüfuzlu mükafatlardır. Bunları qazanmışam. Sonra yəqin bildiniz, UNESCO-nun mükafatını qazanmışam. Yəni bu vaxta qədər də uğurlarım az olmayıb. İnşallah düşünürəm ki, London mükafatının qısa siyahısına qədər gedib çıxaram.

Mirmehdi
AzNews.az