“Morze əlifbası” layihəsinin bu günkü qonağı aktrisa Günel Həmidovadır. “Morze əlifbası” layihəsinin bu günkü qonağı aktrisa Günel Həmidovadır.
  • Hadisə
  • 9 Dekabr 2018 12:50
  •  38 775

“Dedi ki, sən onu çimizdirib, yatağa da girməlisən” - Günel Həmidova

“Morze əlifbası” layihəsinin bu günkü qonağı aktrisa Günel Həmidovadır.

Aktrisa Günel Həmidovanın AzNews.az-a müsahibəsi.

- Günel xanım, tamaşaçılar sizi seriallardan tanıyıb, oynadığınız obrazlarla sevir. Hazırda isə “Uçurum” serialında Nərminə obrazı ilə gündəmdəsiniz. Bu obraz həyatınıza nə qədər yaxındır?

- ARB telekanalında “Uçurum” serialında Nərminə rolunda çəkilirəm. Nərminə saf, tez inanan və ədalətli bir qadındır. Bu serial həyati mövzudadır, rejissoru Vüsal Məmmədov, layihənin rəhbəri isə Yaşar Əhmədovdur. Serial yayımlanmağa başlayandan artıq geniş tamaşaçı kütləsi toplayıb. Qısa zamanda hamı ondan danışmağa başlayıb. Mağaza və apteklərə girəndə baxıram ki, hamı “Uçurum”dan danışır. Serialda mənim anam obrazını əməkdar artist Firəngiz Babayeva oynayır. Bu qadın özünün obrazı ilə hamının sevimlisinə çevrilib. Həyat yoldaşı dünyasını dəyişib, evin hökmranlığı onun əlinə keçib, gəlininə gün verir, işıq vermir, onun bütün əməlində qüsur axtarır. Amma gəlinindən fərqli olaraq qızını çox istəyir, həmişə onun tərəfini tutur. Amma zamanla gəlininə etdiyi bütün pisliklər qızının qarşısına çıxır. “Uçurum”un izləyicilərinə sonrakı hadisələrlə bağlı bir açıqlama verim. Mənim həyat yoldaşımla qardaşımın arvadı arasında illər öncə sevgi münasibəti olub. Qardaşım qızı sevib, amma qız onun sevgisini qəbul etməyib. Deyib ki, oxumalıyam. Hətta onların münasibəti təcavüzə kimi gedib. İllər keçib, zaman dəyişib qardaşım onunla ailə həyatı qurub. Onun da sevgilisi gəlib məni alır. Bir evin içində baş verən hadisələr hər kəsin diqqətini özünə çəkib.

- İndi elə aktyorlar var ki, dəvət aldığı serialın ssenarisini oxumur. Təki rol, səhnə olsun deyə çəkiliş meydanlarına gedir. Dəvət aldığınız seriallarda ssenarini oxuyub razılıq verirsiniz, yoxsa...

- Mən Mədəniyyət və İncəsənət Universitetində oxuduğum illərdən seriala dəvət alıram. “Toy gecəsi”, “Sən olmasaydın”, “Bir ailəm var” və s. kimi seriallarda çəkilmişəm. Tanınmış aktyorlarla tərəf müqabili olmuşam. Artıq bu sahədə tanındığımdan çəkilən seriallardan tez-tez dəvət alıram. “Uçurum”un ssenarisini oxudum, bəyəndim. Həm də düzü Vüsal Məmmədovla “Xəzər” televiziyasının istehsalı olan “Bir ailəm var” serialında birlikdə iş birliyimiz olub. Eşidəndə də “Uçurum”u da Vüsal Məmmədov çəkəcək, sevə-sevə razılıq verdim.

- Türkiyə ilə Azərbaycan seriallarının fərqi nədir?

- Azərbaycanda çox güclü aktyorlar yetişir. Və eyni zamanda güclü ssenarilər yazılır. Bizim aktyorlar çəkiliş meydançalarına məşqsiz çıxırlar. Türkiyədə isə belə deyil, balaca bir səhnəni günlərlə məşq edirlər. Türkiyədə seriallara çəkilən aktyorların əksəriyyəti bu sahənin adamı deyil. Rejissorlar onları dəvət edir, üzərində işləyirlər və serial boyu onu aktyor kimi sevdirirlər. Azərbaycan aktyorları isə ancaq filmdə çəkiləndə məşq edirlər. Bu bizim türk aktyorlarından ən üstün xüsusiyyətimizdir. Azərbaycanın serial bazarında problemlər çoxdur. Və bu problemlər aktyorların ən yaralı yeridir. Türkiyə seriallarında əsas görüntüdür. Tamaşaçını cəlb edən də rəngarənglikdir. Onların ssenarilərində aktyorlar çox gözəl geyinir. Azərbaycan seriallarının ən yaralı yeri aktyorların geyimidir. Serial çəkən şirkətlər tanınmış geyim brendləri ilə işləmir. Şirkətlərin çoxusu sıradan bir mağaza ilə işləyir. Türkiyədə isə hansısa brend mağazaları serial şirkəti ilə işləməyi özünə şərəf bilir. Biz mağazada hansı geyimi istəyiriksə, aldığımız cavab bu olur: “Onu verə bilmərik, müştərisi var”. Mənə şərait yaratsalar, çox zövqlə geyinərəm. Biz aktyorlar geyim sarıdan çox əziyyət çəkirik. Eləcə də qrim məsələsi... Qrim bizim bəlkə də ən yaralı yerimizdir. Film stilistləri inciməsinlər, amma bunu deməliyik. Onlar bu sahədə hələ peşəkarlaşmayıblar. Bir sozlə, biz o səviyyədə deyilik. Aktyor kamera arxasında özünü öldürür, məsələn, serialda ata ölümünün səhnəsi vardı. Ata öləndə kamera arxasında kim vardısa, hamısı ağlayırdı.

- Geyim və qrim... Bu problemlər kimin öhdəsindədir. Serialı çəkən şirkətin, yoxsa rejissorun?

- Bütün danışıqları şirkət aparmalıdır. İlk öncə insanlarda kinoya və serilara maraq olmalıdır. Bundan sonra “sponsor”ların Azərbaycan mədəniyyətinə sevgisi olmalıdır. Ebru Gündəşin Azərbaycana gətirilməsinə milyonlar xərcləyən şəxslər öz azərbaycanlı aktyoruna, kinosuna inanmalıdır. Bu sahəyə pul qoyulmalıdır. Bizim rejissor Kənan M.M Türkiyənin “Savaşçı” serialında rol alıb. Türklər Kənanı ora qara qaşına görə dəvət etməyiblər. Əgər Azərbaycan seriallarına da iş adamları pul ayırsa, çəkilən seriallar maliyyə qazandırar.

- Bəzən “Bizdə güclü ssenarist yoxdur” kimi ittihamlar da səslənir...

-O ittihamlarla razılaşmıram, bu günün tələbi ilə uyğunlaşan ssenaristlərimiz var. Məsələn, İlqar Fəhmi... Mən onun ikinci ssenarisində rol almışam.

- Bədii filmlərdə yer alan yataq səhnələri seriallarda görünmür?

- Yoxdur, açığı ssenarilərdə də yazılmır.

- Səbəb?

- Görünür, yazarlar Azərbaycan mentalitetini nəzərə alırlar. Onlar başa düşürlər ki, serial hər hansı kinoteatr üçün nəzərdə tutulmayıb. 18 yaşına kimi bütün uşaqlar, evdə ailənin bütün üzvləri axşam olan kimi ekran başına yığışır. Bunu düşünən rejissor yataq səhnəsi çəkər? Mən elə bir səhnəni ancaq filmlərdə görmüşəm. Kinoteatrlarda bu səhnələrə tələb var, yataq səhnələrinin də tamaşaçıları var. Azərbaycanlı qızı olaraq deməliyəm ki, biz yataq səhnələri olmadan da serialı sevdirə bilərik. Yox, əgər yataq səhnəsini tələb edən kütlə varsa, getsin konoteatra. Bunun üçün kinoteatrlar var, nə qədər istəyirlər orada baxsınlar. Aktyor yoldaşlarım səhf anlamasın, mən yataq səhnələrinin əleyhinə deyiləm.

- Dəvət aldığınız ssenaridə belə bir səhnə olsa çəkilərsiniz?

-Yox, qəti şəkildə deyirəm ki, çəkilmərəm. Gözəl sənətkarımız Şamil Əliyev “Çölçü” filmini çəkirdi. O, həmin filmə məni də dəvət elədi. Ssenarini oxudum. Əməkdar artist Bəhruz Vaqifoğlu ilə tərəf müqabili olacaqdım. Deməli, filmdə tərəf müqabilim olacaq şəxs dəvələrin arasında vəhşiləşmiş bir kişi obrazıdır. Şamil müəllim dedi ki, “sən onu çimizdirib, yatağa da girməlisən”. Şamil müəllim istəyirdi ki, mən o rola razılıq verib, müqavilə bağlayım. Müqavilə bağlanandan sonra geri yol yoxdur, məcbursan ki, oynayasan. Hətta, məni yola gətirmək üçün dedi ki, “narahat olma, yataq səhnələrini bir təhər ört-basdır” edəcəyik”. Razılaşmadım. O rolu Azərbaycandan oynamağa heç kim razı olmadı. Məcbur olub gürcü aktrisası gətirildi. Biz aktrisalıqdan əvvəl kiminsə qızı, kiminsə arvadı, kiminsə bacısıyıq. Mən özüm oynamasam da yataq səhnələrinə çəkilən aktyor və aktrisaları alqışlayıram.

- Tamaşaçılar sizi nə vaxtsa bədii filmlərdə görəcək?

- Anarın “Təhminə və Zaur”unun ikinci hissəsi “Təhminə-2” bədii filmi çəkilir. Mən o filmə dəvət almışam. Cəmilə obrazını canlandıracam.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description image description image description image description image description