“O, yeganə türk qadınıdır ki, intibah dövrü Avropa rəsmlərində təsviri var” “O, yeganə türk qadınıdır ki, intibah dövrü Avropa rəsmlərində təsviri var”
  • Hadisə
  • 13 Dekabr 2018 11:06
  •  17 221

“İslamda təsviri qadağan edən hədislər sonradan yaranıb” - Sevil Kərimova ilə “Cümlə axşamı”nda

“O, yeganə türk qadınıdır ki, intibah dövrü Avropa rəsmlərində təsviri var”

AzNews.az “Cümlə axşamı” layihəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünas Sevil Kərimova ilə müsahibəni təqdim edir.

- Sevil xanım, bu yaxınlarda “İncəsənət əsərlərinin təhlili” adlı kitabınız işıq üzü gördü. Mümkündürsə, kitab haqqında bir qədər ətraflı məlumat verərdiniz.

- İlk növbədə onu deyim ki, “İncəsənət əsərlərinin təhlili” dərs vəsaitidir. Dərslik də mövzuları əhatə etməlidir; nə əlavəsi, nə də əskikliyi olmamalıdır. Bu kitabda da mövzular tam əks olunur, amma çoxlu əlavələr də eləmişəm. Universitetdə bu fənn sənətşünaslıq ixtisası üzrə ikinci kursun birinci semestrində keçirilir. Ağır fənndir. Əsərə baxanda onu bəyənib-bəyənməməyimiz şəxsi zövqümüzdən asılı ola ilər. Amma onu oxumağı bacarmalıyıq. Bu kitab tələbələrə incəsənət əsərini oxumağı öyrədir.

- Əvvəllər bizdə belə kitablar olmayıb?

- Düzü, mən oxuduğum dövrdə belə kitablar yox idi, hələ də yoxdur. Ümumiyyətlə, bizdə sənətşünaslığın tarixi cavandır. İncəsənət əsərlərinin təhlili əsasında qurulan dərs vəsaiti heç yoxdur. Qabaqkı tələbələr heç olmasa, kitabxanalara gedib orda işləyirdilər. Mən görürəm ki, indikilər demək olar, kitabxanalara getmirlər, elə internetdən material tapıb oxuyurlar. İnternetdə də o qədər material var ki, hər adam onları sistemləşdirib oxuya bilməz. İkincisi, bu materialların çoxu azərbaycanca deyil. Tələbələr “Google Translate” vasitəsi ilə oxuyurlar, o zaman material natamam tərcümə olunur. Mən tələbələrimə məsləhət görürəm ki, heç olmasa, türk dilini öyrənib o dildə oxusunlar. Ancaq sizə deyim ki, türk sənətşünaslığında da boşluqlar çoxdur. Təsəvvür edin ki, Türkiyədə yalnız 93-cü ildən ayrıca fənn kimi “Türk sənətşünaslığı” keçilməyə başlanıb, o vaxta qədər dünya incəsənətinin tərkibində öyrənilirdi. Ona görə “İncəsənət əsərlərinin təhlili” kitabı çıxan kimi Türkiyə universitetləri də məndən bir neçə nüsxə istədilər.

- Kitab, səhv etmirəmsə, 25-30 tirajla çıxıb. Bu qədər maraq varkən, niyə daha geniş kütlələr üçün nəşrini düşünmürsünüz?

- Yəqin nəşriyyatlardan müraciət edən olsa, sponsor tapılsa, gələcəkdə geniş kütlə üçün də çap edərəm. Hazırda tələbələrin bu cür dərsliyə böyük ehtiyacı var. Buna görə də birinciliyi onlara verdim.

- Kitabın strukturu barədə danışardınız.

- Dərs vəsaitləri, adətən, mövcud tədris planına əsaslanır. Bu da tədris planına uyğun tərtib olunub. “İncəsənət əsərlərinin təhlili” fənni ötən əsrin 30-40-cı illərindən dünyanın bir çox ölkələrində tədris edilir. Ona görə mən həm dünya nümunələrinə, həm də milli incəsənətə apelyasiya etməyə çalışmışam. Birinci hissədə təhlil və onun metodikasından bəhs olunub. İkinci hissədə təhlildə istifadə olunan kompozisiya, kolorit, işıq, rəng, ritm və başqa vasitələr tədqiq edilir. Növbəti hissədə isə bəhsə uyğun olaraq alqoritmlərlə konkret incəsənət nümunəsinin təhlili verilib. Mənə elə gəlir ki, kitabı daha əhəmiyyətli edən məhz hər fəslin sonunda məşhur əsərlərdən birinin bu cür təhlil edilməsidir. Məsələn, rəngkarlıq bölməsində İvanovun 23 il ərzində çəkdiyi “İsanın xalqa zahuru” tablosu təhlil edilir.

- Bildiyim qədər, o tabloda Qoqolun da obrazı var.

- Var. Qoqol İsaya ən yaxın obraz kimi verilib. İvanov çox maraqlı rəssam olub və sənətkar kimi öz yetkin dövrünü İtaliyada yaşayıb. “İsanın xalqa zahuru” tablosunun 12 mindən çox eskizi var. Kitabda da bu əsərin konret təhililini təqdim etmişəm. Bir də kitabda indiki postmodern dövrdə daha çox müraciət edilən əsərlərə üstünlük vermişəm. Postmodernizmin əsas xüsusiyyətlərindən biri pastiş və interpretasiyadır. Mən də bu günün insanına daha çox tanış olan əsərlərdən bəhs etmişəm. Bilirsiniz ki, hazırda Qoqol Rusiya tərəfindən çox piar olunan yazarlardandır. Yəni mən də gündəmdə olan fiqurların iştirak elədiyi əsəri seçməklə tələbələrin diqqətini çəkməyə çalışdım. Qrafkia əsərlərində isə Rubenslə yanaşı Kazım Kazımzadənin Vazehin əsərlərinə çəkdiyi qrafika toplusundan nümunələr vermişəm. Qoy tələbələr hiss eləsinlər ki, Azərbaycan incəsənəti bütün inkişaf mərhələlərində dünyanın fundamental əsasları ilə eyni olub. Azərbaycan qrafikası bu gün məğz və texniki baxımdan dünyada baş verən incəsənət proseslərindən heç də kənarda qalmayıb. Bizim incənəsənətimiz gedib Qobustanın, Azıxın divarlarına dəyir və gəlib YARAT-ın fəaliyyətinə qədər çıxır.

- Qərbdə rəssamlıq Renessans dövründə daha geniş şəkildə vüsət alaraq bugünkü mərhələyə qədər inkişaf yolu keçsə də, Şərqdə eyni Qərb ənənələri çox gec təşəkkül tapdı. Deyə bilərsinizmi, modern Qərb rəssamlığı Şərqdə və eləcə də Azərbaycanda nə vaxtdan yayılmağa başladı?

- Hər bir mədəniyyət özündən əvvəlki formalalara mütləq şəkildə dayanmalıdır. Fizikada olduğu kimi incəsənətdə də heç nə itmir, sadəcə, başqa formada təşəkkül tapır. Biz müasir incəsənətdən danışanda Avropada qəbul edilmiş akademik incəsənət və ya peşəkar rəngkarlıq terminlərini işlədirik. Akademik məktəb isə Avropada XV-XVI əsrlərdə formalaşmağa başlayıb. Onun meyllərində də əsas üstünlük fiqurativ təsvirə verilib. Şərq incəsənəti İslamdan çox-çox öncə də var idi. Əslində, biz İslam incəsənətinə bugünki müasir incəsənət konseptini yerləşdirsək görəcəyik ki, İslam VII əsrdə özü ilə birgə müasir incəsənət də yaradıb. Çünki İslam formadan imtina edərək abstrakt, konseptual incəsənətə keçmişdi. İslam incəsənətinin mərkəzində Allah bir absolyut kimi durduğuna görə İslamda forma anlayışı yoxdur. Ona görə də Şərqdə fiqurativ sənət deyil, xəttatlıq, ornament sənətləri inkişaf elədi.

- İslamda təsvir qadağası olduğuna görə xəttatlıq və ornament kimi sənət sahələri təşəkkül tapdı, yoxsa əvvəl də var idi?

- Quranın heç bir surəsində “Təsvir etmə” qadağası yoxdur. Bu qadağa sonrakı mərhələdə, IX-XIII əsrlərdə hədislər əsasında formalaşan meyldir, o dövrə qədər heç hədislərdə də təsvir qadağası yoxdur. Həmin hədislər sonradan yaranıb. İslam heç vaxt təsvirə qarşı qətiyyətlə çıxış etməyib. Əgər İslam təsvirə qarşı idisə, o zaman niyə biz artıq XIII əsrdə “Camiət-təvarix”də, “Vərqa və Gülşa”da Adəm və Həvvanın, demək olar, çılpaq rəsmlərini görürük?

İslamın təsvirə qarşı qətiyyəti ola bilsin, bütpərəstliyə münasibətdə özünü göstərib. Çünki İslam bütpərəsliklə ziddiyyətdə arenaya çıxıb. Buna baxmayaraq, Ərəbistanın elə qəsrləri var ki, orda biz heykəltəraşlıq nümunələrini də görürük. İslamın qeyri-formativliyi, konseptuallığa meylliliyi Avropada hələ impressionizmdən sonra, o da Kandinski, Şaqal və başqa rəssamların yaradıcılığı ilə formalaşmağa başladı. Onlar da Şərq mədəniyyəti ilə tanış olduqdan sonra başa düşdülər ki, sevinci, qəzəbi göstərmək üçün fiqur çəkmək vacib deyil, bunu bir xəttlə və ya rənglə də yerinə yetirmək olar.

- Qərb rəssamlarının Şərqə marağı təxminən nə zamandan yaranmağa başladı?

- Bu gün incəsənətdə oriyentalizm deyilən anlayış var. Oriyentalizm kolonional dövr başlayandan sonra təşəkkül tapıb. XVII əsrdə artıq İstanbulda yüzə yaxın avropalı rəssam işləyirdi ki, onların çoxu romantizə edilmiş Şərq motivlərini çəkirdilər.

Kitabda mən ikonoqrafiyaya da toxunmuşam və ikonoqrafik təhlilə nümunə kimi də Tomrisin obrazını götürmüşəm. Tomris Azərbaycanda az müraciət edilən mövzulardan biridir. Bizdə Altay Hacıyevin və Xanlar Əhmədovun Tomris barədə əsərləri var. Amma təsəvvür edin ki, təxminən XII-XIII əsrdən başlayaraq Avropa rəssamlığında Tomrisin obrazı yaranmağa başlayıb. Tisian, Rubens və başqaları Tomrisi çəkiblər.

- Maraqlıdır, Tomris obrazı ora necə gedib çıxıb?

- Özü də Tomrisin dəqiq təsvir qanunları olub ki, ondan heç kəs kənara çıxmayıb. Tomris Kirin kəsilmiş başı ilə, həm Məryəm obrazı kimi, həm xilaskar ana obrazı, həm də Amazon qadın kimi təqdim olunurdu. Çox maraqlıdır ki, İtaliyada meydana gəldiyi ilkin dövrdə Tomris obrazı ədalətlə bağlı idi. İtaliyada o dövrdə Mediçilər, Borcio sülaləsi məhkəmə binaları tikdirən zaman tələb edirdilər ki, ədalət obrazı kimi divarlarda Tomris təsviri olsun. Tomris yeganə türk qadınıdır ki, intibah dövründə Avropa rəsmlərində onun təsviri var.

- Belə başa düşdüm, siz ikonoqrafiya dedikdə, dini təsvirləri nəzərdə tutmursunuz...

- Sənətşünaslıqdakı ikonoqrafiya anlayışını dindəki ikonoqrafiya ilə qarışdırmaq olmaz. Sənətşünasıqda ikonaqrafiya dedikdə, konkret personajın yaranma səbəbi nəzərdə tutulur. Bir nümunə deyim. Azərbaycan incəsənətində Koroğlunun obrazı nə vaxtdan formalaşıb? Biz hardan bilirik ki, onun uzun bığları, şiş papağı olub? Kitabda ondan da bəhs etmişəm.

- Hər halda Koroğlunun zahiri görkəmi haqqında dastanda müəyyən məlumatlar var. Amma mənə maraqlıdır rəssamlar Xaqani, Nizami, Nəsimi, Füzuli kimi şairlərin təsvirlərini nəyin əsasında hazırlayıblar?

- Bu yaxında keçirilmiş Nəsimi festivalı ilə əlaqədar Nəsiminin obrazı ilə maraqlandım və belə qərara gəldim ki, onu Mikayıl Abdullayev yaradıb. Nizami ilə müqayisə eləsək görərik ki, Nəsiminin üz cizgilərində xətlər daha kəskin verilib. Bu da onun xarakteri ilə bağlı olub. Nizami daha müdrik göstərilib. Bir haşiyə çıxım. Mikayıl Abdullayev ilk dəfə 1956-cı ildə Sovet deleqasiyasının tərkibində Venesiya biennalesinə gedib. Onun “İtaliya xatirələri” adlı çox maraqlı kitabı var. Mikayıl müəllim həmin kitabda Füzulinin obrazı ilə Tisianın obrazını müqayisə edir. Yazır ki, hər iki obrazda aramlıq var. Yekun olaraq deyim ki, mənə görə bu obrazların yaranmansı folklordan gələn arxetiplər əsas rol oynayır.

- Mark Rotkonun əsərinin 80 milyon dollara satılması xəbəri sosial şəbəkədə geniş müzakirə olunmuşdu. Deyirdilər ki, doğrudanmı bu sadə əsər belə yüksək məbləğə layiqdir? Sizcə hərraclarda incəsənət nümunələrinin dəyəri süni surətdə şişirdilmirmi?

- Bu kitabda dəyərləndirmə amilindən də bəhs etmişəm. Əsərin dəyərinin 80 milyon olması onun özünün dəyəri deyil. Bu, daha çox psixoloji amillə bağlıdır. Bizə bir nümunə deyim: Hər bir tədris müəssisəsində olduğu kimi bizdə də imkanı olmayan tələbələr oxuyur. Onlara kömək məqsədi ilə biz aksiya keçirmək qərarına gəldik. Mən görürdüm ki, tələbələrimiz imtahan qurtarandan sonra çəkdikləri sərbəst işləri necə gəldi atırlar. Bu əsərləri yığıb auksion təşkil elədik. Bizdə sənətşünaslar üçün Auksion fənni də tədris olunur. Həmin fənnin imtahanını açıq şəkildə keçirərək o əsərləri universitet daxilində auiksiona çıxardıq. İnanırsınız, auksion nəticəsində biz iki tələbəyə kömək edib onlara maddi yardım göstərə bildik. Sözümü ona gətirirəm ki, vaxtı ilə sərbəst işlər imtahandan sonra necə gəldi atılırdı, indi isə tələbələr o qədər böyük həvəslə işləyirlər ki, çünki auiksoiona hazırlaşırlar. Baxın, baha qiymətə satılan o əsərlərin də qiyməti bu cür formalaşır. Əsərdən çox onun haqqında yaranan əfsanə, provinansı önəmlidir. Bu gün “Mona Liza”ya heç kəs dəqiq qiymət qoya bilmir. Halbuki ki, “Mona Liza”nı Luvrda görəndə şoka düşdüm. Mənə elə gəldi ki, biz onu yaxşı-yaxşı çırpsaq heç nə qalmayacaq. Çünki Leonardo əsər üzərində həddindən artıq eksperimentlər aparmışdı. Ona görə də dəyərləndirmə amili ilk növbədə əsərin piarı ilə əlaqədardır. Bugünki əsərlərin satıldığı qiymət ultra qiymətlərdir. Ən bahalı əsəri yəqin bilirsiniz ki, bu yaxında Abu Dabi muzeyi aldı. Leonardo Da Viçninin “Salvator Munti” əsəri idi ki, 450 milyon dollara alındı. Həmin əsərə Avropada o qiyməti verən olmadı. Ərəblərin incəsənət bazarına girməsi ilə burada qiymətlər çox yüksəldi. Bu vaxta qədər ən bahalı əsərlərin qiyməti yüz milyonu keçmirdisə, hazırda yarım milyarda az qalıb, bu gedişlə yəqin “Sotbis”, “Kristis” kimi hərraclarda tabloların qiyməti 1 milyard dolları ötəcək.

Mirmehdi
AzNews.az

image description image description image description image description image description