“Milli Məclisdə bugünkü işi sabaha saxlamaq mümkün deyil”. “Milli Məclisdə bugünkü işi sabaha saxlamaq mümkün deyil”.
  • Hadisə
  • 12 Dekabr 2018 16:00
  •  9 519

“Plenar iclaslarda danışmayan deputatlar...” - Aqiyə Naxçıvanlı “Deputat gündəliyi”ndə

“Milli Məclisdə bugünkü işi sabaha saxlamaq mümkün deyil”.

AzNews.az-ın “Deputat gündəliyi” rubrikasının bugünkü qonağı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlıdır.

- Aqiyə xanım, iş rejiminiz necədir, çoxşaxəli deputat fəaliyyətinin öhdəsindən necə gəlirsiniz?

- Millət vəkili olaraq Oğuz-Qəbələ 117 saylı seçki dairəsindən seçilmişəm. Həm də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədriyəm. Qanun layihələrinə, komitəyə daxil olan seçici məktublarına və digər ərizələrə, şikayətlərə baxmaq, onları hazırlamaq, yerli və beynəlxalq tədbirlər, görüşlər, müsahibələr fəaliyyətimin əsas tərkib hissəsidir. Bu səbəbdən işlərimi planlaşdırmadan görmək qeyri-mümkündür. Ona görə də plana uyğun hərəkət edirəm.

- Planı şifahi şəkildə qurursunuz, ya qeydlər aparırsınız?

- Qeydiyyatımı aparıram. Hərdən elə təqvimlər üst-üstə düşür ki, sən nəyisə unuda və yadından çıxara bilərsən. Ayrıca kitabçam var, hər gün orada qeydlərimi aparıram.

- İşlərin çoxluğu şəxsi həyatınıza hər hansı bir əngəl törədirmi?

- Şəxsi həyat elədir ki, çalışmalısan ki, evdə vaxtında çörəyin olsun. Ayda-ildə bir dəfə tədbirdə iştirak edirsən, xeyir işlər olur, onlar da axşam vaxtına, işdən sonraya düşür. Şəxsi həyatımdan daha çox işlərimlə məşğul oluram. Hərdən nəvələrin iclası, məktəb problemləri də olur. Həyat beləcə dövr edir. Axşamlar da saytlara baxıram. Yeməyimi bişirib bir az mütaliə edirəm. Gün tez bitir, zaman sürətlə keçir. Özüm üçün bəzi şeylər planlaşdırsam da çoxunu çatdırmıram. Amma hesab edirəm ki, onları çatdırmamaq olar. Bunu sabah və başqa bir zamana da keçirmək mümkündür. Əsas odur ki, öhdəliyimdə olan işləri zamanında həyata keçirim. Çünki Milli Məclisdə bugünkü işi sabaha saxlamaq mümkün deyil. Onda çox çətin olur.

- Bəs, seçicilərlə hansı formada görüşürsünüz, bunu necə tənzimləyirsiniz?

- Ayda bir dəfə Milli Məclisdə qəbul günlərimiz olur. İnsanlar həmin qəbullara yazılırlar və onlarla görüşürəm. Müxtəlif rayonlardan müxtəlif məsələlərlə bağlı müraciətlər edirlər. Bu müraciətlər təkcə öz seçicilərim tərəfindən olmur. Onlarla ayda bir dəfə rayonda görüşürəm. Köməkçim tapşırığım əsasında onların qeydiyyatını aparır. İnsanları hansı məsələlər maraqlandırırsa, onlara baxıram. Elə olur ki, hansısa bir seçicinin xəstəliyi və digər problemi ilə bağlı məsələni telefonla həll edirəm. Gözləmirəm ki, o seçici bura qədər gəlsin. Köməkçinin vasitəsilə bu məsələni həll edirəm.

- Aqiyə xanım, Milli Məclisin son iclaslarından birində dediniz ki, çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxmaq lazımdır? Belə bir təklif hansı zərurətdən yarandı?

- Bəli. İndiki çoxuşaqlı ailələrin tələbatı, məşğuliyyəti keçmişdəki kimi deyil. İndi uşağa münasibət dəyişdiyi və uşağı saxlamaq çətinləşdiyi üçün müavinət də artmalıdır. Valideyn oturub düşünməsin ki, körpəsini evdə qoyub necə işləsin. Valideynin yaxşı gəliri olsa, o, yalnız uşağının sağlamlığını düşünər. Şərait yaratmaq lazımdır ki, heç olmasa, valideyn 3 yaşına qədər uşağına rahat baxa bilsin. Həmin təklifi verərkən məhz bu konteksdən çıxış etmişəm.

- Təkliflərinizdən biri də zorakılıq qurbanları üçün “qaynar xətlər”in yaradılmasıdır.

- Daxili İşlər Nazirliyində belə bir xətt var, ancaq o sırf bu məsələyə aid deyil. Yerlərdə “qaynar xətt” olsa, çox gözəl olardı. Bəzən görürsən ki, kimsə özünə xəsarət yetirdi, özünü asdı. İnsanlar tez bir zamanda harasa müraciət edə, köməyə heç kimi çağıra bilmirlər. O “qaynar xətt”i nəzərdə tuturam ki, zəng edəndə səsin haradan gəldiyini tuta bilsinlər. Döyülən insan zəng edəndə yerini tam izah edə bilmir axı. Bir çox ölkələrdə artıq belə “qaynar xətlər” var. Biz də qısa bir zamanda bu cür insanları xilas edə bilərik. Burada gecikmək mümkün deyil. Əgər cəmiyyətimizdə belə bir şey varsa, onlara yardım edən, dadına çatan bir qurum da olmalıdır. Bu nöqteyi-nəzərdən belə bir “qaynar xətlər”in olmasını istəyirəm.

- Bu kimi təkliflər verərkən yalnız Milli Məclislə kifayətlənirsiniz? Onu bir paket halına salıb aidiyyəti qurumlara təqdim etmirsiniz?

- Biz özümüz hər hansı bir məsələni komitə olaraq müzakirə ediriksə, ora aidiyyəti qrumların nümayəndələrini dəvət edirik. Yekunda səsləndirilən fikirlər komitə tərəfindən ümumiləşdirilir və sonra həmin məsələ ümumi müzakirəyə çıxarılır.

Hər ilin əvvəlində öz komitəmizin illik planına baxırıq ki, ötən il ərzində hansı məsələlər cəmiyyəti narahat edib, hansı məsələlərlə bağlı bizə müraciət olunub. Hər qəbulda 30-40 insan bizə müraciət edir. Onların problemlərini müzakirə edəndə başa düşürük ki, bu sahələrdə borşluqlar var. Misal üçün, bu gün aliment məsələsində müəyyən boşluqlar var. İstəyirəm belə bir təkliflə çıxış edim - necə ki, kredit borcu olanları ölkədən kənara buraxmırlar, eynilə aliment borcu olanları da buraxmasınlar. Nə qədər ailələr var ki, aliment ala bilmirlər. Yəni səsləndirilən təkliflər zərurətdən, görüşlərdən, çıxışlardan, müzakirələrdən irəli gəlir.

- Ailə, qadın və uşaq məsələləri komitəsi beynəlxalq əlaqələri necə qurub, ümumiyyətlə bu istiqamətdə hansı işləri görürsünüz?

- Əgər harasa dəvət almışıqsa, o tədbirlərdə iştirak edirik. Məsələn gender, qadınlara qarşı olan zorakılıq məsələləri ilə bağlı beynəlxalq layihələr olur. Baxırıq ki, başqa ökələr bununla bağlı necə mübarizə aparırlar, bizə uyğun tərəflərini mənimsəyirik. Amma indi internetlə hansı məsələni istəsən, gündəmə çıxara və analiz edə bilirsən. Əslində, Azərbaycan ailə, qadın və uşaq məsələlərində heç bir ölkədən geridə qalmır. Düşünürəm ki, beynəlxalq təşkilatlar bir çox məsələləri bizdən öyrənsələr yaxşı olar. Bizim də kifayət qədər təcrübəmiz var. Təcrübəmiz milli-mənəvi dəyərlər üzərində qurulub. Ona görə biz əsasən özümüzdən bəhrələnir və yeri gələndə beynəlxalq təcrübədən də istifadə edirik.

- Milli Məclisdə 125 deputat təmsil olunur. Cəmiyyətdə deputatların aktiv və passiv kateqoriyaya bölünməsi kimi fikirlər var. Bu barədə nə deyə bilərsiniz?

- Mən elə deməzdim. Bir də görürsən ki, media nümayəndələri passiv deputat deyə bir yazı yazır. Əgər həmin deputat Milli Məclisin plenar iclasında danışmırsa, onun haqqında passiv demək olmaz. Bir çox millət vəkilləri var ki, onlar komitə iclaslarında müəyyən məsələləri qaldırırlar, amma plenar iclaslarda danışmırlar. Çünki plenar iclasa çıxarılan məsələ komitə iclası tərəfindən çıxarılır. Onlar yalnız Milli Məclisdə oturmaqla fəaliyyətlərini bitirmirlər. İşlər görür, tədbirlər keçirirlər, insanları qəbul edirlər, bir çox rayon tədbirlərində iştirak edirlər. Siz aktiv deputat kimi hesab edirsiniz? Hansı mövzuda olur-olsun, təki danışsın, bu aktivlik deyil ki... Bəzən görürsən ki, deputat aktiv olmaq istəyir və etdiyi çıxış da lazımsızdır. Çıxışının məzmunu ancaq danışmaqdan ibarətdir. Plenar iclaslarda danışmayan deputatlar tanıyıram ki, ictimai həyatda xeyli aktivdirlər. O qədər çox iş görürlər ki, heç onu işıqlandırmaq da istəmirlər. İnsanlara kömək edirlər və həddindən artıq təvazökardırlar, bu, onların həyat tərzidir. Düşünürlər ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Ona görə də mən deputatların aktiv və ya passiv olması fikri ilə razı deyiləm. Ümumiyyətlə, Milli Məclisdə, həmkarlarım içərisində passiv deputat görmürəm.

- Son olaraq, deputatlıq sizin üçün nə deməkdir, bu vəzifənin avantajı nədir?

- İnsan özünü sənə verilən etimadda göstərir. Bu etimad mənə göstərilib. Doğulub boya-başa çatdığım rayondan seçilmişəm. Oğuz, Qəbələ mənə doğma olan yerlərdir. Orada bağçaya gedib, məktəb bitirmişəm. Universiteti bitirəndən sonra geri qayıdıb yenə orada işləmişəm. Rayonun 3-cü, 1-ci katibi olmuşam. Atam-anam orada yaşayıb. Valideynlərim əməkdar müəllim olublar. Təmsil etdiyim rayonun hər qarışını, hər ailəsini tanıyıram. Oranın insanlarının ruhuna bələdəm. Seçicilərimin arzu istəklərini yüksək kürsüdən səsləndirmək, problemlərini həll etmək mənim üçün şərəfdir. Düşünürəm ki, öz vətənim, rayonum üçün nəsə edə bilirəmsə, bu, mənim üçün bir qürurdur.

Elgün MƏNSİMOV
AzNews.az

image description