"İlk öncə qarşılarına məqsəd qoymalıdırlar". "İlk öncə qarşılarına məqsəd qoymalıdırlar".
  • Hadisə
  • 24 Dekabr 2018 16:29
  •  8 475

"Çəkilən əziyyət itmir, mütləq müsbət nəticəsi olur" - Gənc iş qadını

"İlk öncə qarşılarına məqsəd qoymalıdırlar".

“Xeyirli olsun” layihəsinin AzNews.az-da bu dəfəki qonağı “Qrinviç” Təhsil Mərkəzinin təsisçisi Nigar Ələsgərovadır.

- Özünüzü təqdim edin.

- Mən Nigar Ələsgərova “Qrinviç” Təhsil Mərkəzinin təsisçisiyəm. Eyni zamanda “Odlar Yurdu” Gənclər İB-nin sədri, Gəncə ş., Nizamı rayon Bələdiyyə üzvü, komissiya sədriyəm. Geniş ictimai fəaliyyətlə məşğulam. Bir neçə ictimai qurumda rəhbər vəzifədə təmsil olunuram. Dövlət qulluğu təcrübəm var. Əmək fəaliyyətimin böyük hissəsi təhsil sahəsində olub. Müxtəlif beynəlxalq layihələrdə ölkəmizi təmsil etmişəm.

Sumqayıt şəhərində doğulmuşam. Sonrakı bütün həyat və fəaliyyətim Gəncə ilə bağlı olub. Özümü Gəncəli hesab edirəm. Həmişə menecmentlə məşğul olsam da ixtisasça tarixçiyəm.

Hal-hazırda Bakı şəhərində yaşayıram. İctimai və biznes fəaliyyətimi davam etdirirəm.

- "Qrinviç"i yaratmaq hardan ağlınıza gəldi?

- İlk əmək fəaliyyətimə müəllimliklə başlamışam. Müəllim ailəsində böyümüşəm. Təhsil sahəsi çox sevdiyim, həmişə diqqətimi çəkən sahə olub. Həmçinin cəmiyyətin formalaşmasında çox önəmli bir sahə olduğu danılmazdır. Bunu dərk etmişəm. Bizneslə məşğul olmaq üçün müxtəlif sahələr var. Təhsil isə ən çətin sahələrdəndir. Lakin bizneslə məşğul olmaqla yanaşı cəmiyyətə xidmət etmək də əsas məqsədim idi. Bu səbəbdən də təhsil sahəsində işimi qurmağı qərara aldım.

- "Qrinviç" haqqında danışa bilərsiniz?

- 2009-cu ilin oktyabr ayında ilk dinləyiciləri ilə işə başlayıb. Çox zəhmətli, əziyyətli illər keçirmişik. Ofisimizi özümüz təmir etmişik. Qənaət edə bilmək üçün dizayn, piar, reklam və s. işlərin hamısı ilə özüm məşğul olmuşam. Həmişə çox dəyərli kollektivimiz olub. Bilirsiniz ki, müəllim faktoru təhsil işində çox önəmlidir. 2016-ci ildə Bakı və Gürcüstan Respublikasının Marneuli şəhərində mərkəzlərimiz fəaliyyətə başladı. Əsas məqsədimiz ölkədə insan kapitalının inkişafına töhfə verməkdir. Marneulidə isə Azərbaycan icması ilə çalışırıq, onlara xidmət etməkdəyik. KSM siyasətimizə xüsusi önəm veririk. Gənclər, sosial qayğıya ehtiyac olan qruplar, gələcəyin müəllimlərinə aid xüsusi proqramlar, təqaüd proqramları və s. layihələr həyata keçiririk. Həmçinin KSM siyasəti çərçivəsində müxtəlif layihələrin tərəfdaşı oluruq.

Tədris prosesimiz müasir standartlara cavab verir. Çalışırıq xarici dilin öyrədilməsi, müxtəlif imtahanlara hazırlıq proqramlarında yeni yanaşmalar tətbiq edirik. Müasir tələblərdən geri qalmamağa çalışırıq.

Ali təhsil müəssisələrinin magistratura, bakalavr mərhələsinə, müəllim imtahanına qəbul (MİQ) kurslarında nəticələrimiz illik 99-100% arasında dəyişir. Xarici dillərin tədrisində də uğurlarımız az deyil. Müxtəlif təqaüd proqramlarına hazırlaşdırığımız tələbələrimiz uğur qazanıb. Onlar hal-hazırda İsrail, Estoniya, Polşada təqaüdlə təhsil alırlar.

Ümumiyyətlə zəmanətli xidmət göstərməyə çalışırıq. Dinləyicinin bizdən gözləntisini öncədən müəyyən edirik və maksimum çalışırıq ki, kursu bitirəndə əldə etmək istədiyi nəticəyə çatsın. Bu, bizim üstünlüyümüzdür

- Bu işi qurmaq istəyəndə ailənizin reaksiyası nə oldu?

- Hər zaman onların dəstəyini hiss etmişəm. Çalışıblar ki, əllərindən gələni etsinlər. Anamın motivasiyası olmasa idi, bəlli bir zamanda yorulub dayanardım. Bacarmazdım.

- Cəmiyyətimizdə qadınlara qarşı bir önyarğı var. Düşünürlər ki, qadın öz işini qura bilməz, ona ağır gələr. Sizin üçün çətin olmadımı?

- Əlbəttə çətinliklər həmişə var. Düşünürəm ki, hələ uzun illər bu önyarğılar qalacaq. Ən azından regionalarda.

Ümumiyyətlə dünyanın hər yerində gender problemi var. Qlobal problemdir. Təəssüf ki, yaxın gələcəkdə də tam həll olunacağını düşünmürəm.

Qadınlar bu önyarğı, basqılar altında əzilməməlidir. Fərdi inkişafları üçün çalışmalı, çətinlikdən qorxmamaq lazımdır. Anlamaq lazımdır ki, uğur asan qazanılmır. Uğura gedən yol baryerlər, enişlər, yoxuşlarla doludur. Dərk etmək lazımdır ki, bütün uğurlu insanlar fəth etdikləri zirvələri çətinliklərlə mübarizə və zəhmətlə fəth edə biliblər. Süni uğurlar istisna olmaqla bütün uğurların arxasında ağır zəhmət, bilik və bacarıq, yuxusuz gecələr və s. dayanır.

- Neçə filialınız var, haralardadır?

- Gəncə şəhərində 2009-ci ildən, 2016-ci ildən isə Bakı və Gürcüstanın Marneuli şəhərində fəaliyyətdəyik.

- Yeni layihələriniz varmı? Varsa, haqqında məlumat verə bilərsinizmi?

- Yeni ildən gələcəyin müəllimləri üçün 4-cü “Təcrübə Proqramı”na, şəhid ailələrinin övladları üçün 3-cü “Qrinviç Təqaüd Proqramı” na başlayacağıq. Heç şübhəsiz gənclərin hansısa təşəbbüslərini dəstəkləyən, onların inkişafına xidmət edən layihələrin də tərəfdaşı, sponsoru və s. kimi iştirak edəcəyik.

- Gənclərə və əsasən də xanımlara nə demək istərdiniz?

- İlk öncə qarşılarına məqsəd qoymalıdırlar. Hədəflər müəyyən edilməlidir. Məqsədlərinə gedən yolda isə çətinliklərə dözməli, problemləri həll etməli, mütləq özlərini inkişaf etdirməli, yorulmadan, əzmkarlıqla davam etməlidirlər. Mütləq onları yollarından döndərməyə çalışan insanlar, mühit, hadisələr olacaq. Geri çəkilmək olmaz. Mən inanıram ki, çəkilən əziyyət itmir və mütləq müsbət nəticəsi olacaq. Buna inanmaq lazımdır.

Nigar CƏFƏR

AzNews.az

image description image description image description image description image description image description image description