“Cəmiyyət iki yerə bölünür - aktiv və passiv insanlar. Milli Məclis də cəmiyyətin güzgüsüdür”. “Cəmiyyət iki yerə bölünür - aktiv və passiv insanlar. Milli Məclis də cəmiyyətin güzgüsüdür”.
  • Hadisə
  • 26 Dekabr 2018 16:03
  •  5 796

Daha çox aktiv olan deputatları söyürlər - Fazil Mustafa “Deputat gündəliyi”ndə

“Cəmiyyət iki yerə bölünür - aktiv və passiv insanlar. Milli Məclis də cəmiyyətin güzgüsüdür”.

AzNews.az-ın “Deputat gündəliyi” rubrikasının bugünkü qonağı Milli Məclisin deputatı Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadır.

- Fazil müəllim, deputatlar ən çox vaxtdan şikayət edir. Siz necə?

- Əlbəttə, deputat üçün vaxt çox önəmli məsələdir. Vaxt bizim kimi adamlara çox qiymətli bir məfhum kimi görünür. Həyat tərzimiz elə şəkildə qurulub ki, vaxtı düzgün hesablamadan nəyisə qaydasında etmək mümkün deyil. Günlük rejim o dərəcədə sıx və doludur ki, açığı hər şeyə vaxt tapmaq böyük çətinliklər yaradır. Amma mən bütün işlərimi tənzimləyə bilirəm. Hər gün sübh tezdən oyandığıma gör bir az yuxu problemim olur, az yatıram. Bu, istəyimdən irəli gəlmir, sadəcə olaraq, yatmağa imkanım olmur. Elə olur ki, evə gec saatlarda – 11-12-də gəlib çıxıram. Gələndən sonra da bir-iki vacib məsələyə diqqət ayırıram – kitab oxuyuram, yaxud sabahkı tədbirə, iclasa hazırlaşıram. Hər gün səhər saat 7-nin yarısı sübh namazına qalxıram, ondan sonra da təkrar yata bilmirəm. Namazdan sonra səhər idmanımı edirəm, qaçış və müxtəlif idman proqramlarını həyata keçirirəm. İdmanı hər gün müntəzəm şəkildə edirəm.

Şənbə günləri isə saat 8-in yarısı “Neftçi”nin bazasında futbol oynayram. Bazar günü də saat 9-da Basketbol oynayıram. Neçə illərdir ki, davamlı şəkildə bunları tətbiq edirəm. Başqa məsələlərlə bağlı gündəlik rejimimdə müəyyən dəyişikliklər olsa da bunları heç vaxt təxirə salmıram. Gündəlik planlarımla bağlı heç bir qeyd aparmıram. Sadəcə olaraq, hansı tədbirə dəvətliyəmsə, onu qeyd edirəm.

- Hobbiniz və ya əlavə məşğuliyyətləriniz varmı?

- Səhər tezdən hər gün bir saat mütaliə edirəm. Düşünürəm ki, günorta və ya axşam mütaliəyə vaxt çatmaz. Mütaliə etdikdən sonra işlərimin dalınca gedirəm. Axşamlar bilyard oynamağı xoşlayıram. Elə olur ki, axşam saatlarında təqribən bir saat dostlarla bilyard oynayıram. O da beyini yüngülləşdirən amillərdən biridir. Hər gün axşam saat 9-11 arası ingilis dili ilə məşğul oluram, mətn üzərində işləyirəm. Yaxınlarımla birgə çalışıram ki, ingilis dili bilgilərimi təkmilləşdirim. Bu da müəyyən dərəcədə bir hobbimə çevrilib. Ondan sonra öz kitabxanamda qurdalanıram. Kitabları araşdırıram, vərəqləyirəm, bəzən yerlərini dəyişirəm, yeni aldığım kitabları yerləşdirirəm. Yəni kitabxanada vaxt keçirməkdən zövq alıram. Yatmazdan əvvəl isə həyətə düşüb 10-15 dəqiqə yeriyərək hava alıram.

Milli Məclis günü isə çıxışlarıma hazırlaşıram. Çox vaxt hazırlaşmağa da vaxtım olmur. Amma gündəmdə olan məsələlərlə bağlı fikirlərimi bildirməyə çalışıram. Ümumilikdə isə gündəlik iş rejimim bəzi istisnalar olmaqla özümə zövq verir.

- Fazil müəllim, seçicilərlə hansı tezlikdə və formada görüşürsünüz?

- Seçicilərlə daha çox internet üzərindən əlaqə saxlayıram. Bilirsiniz ki, artıq hər kəsin sosial şəbəkədə hesabı var, onlardan mesajlar alıram. Ona görə gün ərzində yarım saat - bir saat sosial şəbəkədə vaxt keçirməli oluram. Bilirsiniz ki, “Facebook”da da müəyyən yazılar, statuslar yazıram. Müvafiq paylaşımları izləyib fikir bildirirəm. Bundan başqa, seçiciləri ya Milli Məclisdə, ya da Bakıxanov qəsəbəsindəki qəbul otağımda qəbul edirəm.

- Milli Məclisin bu sessiyadakı bəzi iclasları zamanı şəhid ailələrinin üzvləri parlamentin qarşısında toplandılar. O iclasların birindəki çıxışınızda dediniz ki, dövlət qurumları öz işlərini düzgün qurmur və şəhid ailələrini Milli Məclisə göndərirlər. Bu məsələni bir az açmanızı istərdim.

- Məsələ burasındadır ki, Milli Məclis bu məsələnin həlli üçün sadəcə olaraq qanunvericilik bazasına cavabdehdir. Biz müvafiq qanunu qəbul etmişik. Bizim hər hansı bir quruma nəzarət eləmək funksiyamız yoxdur. Düzdür, adamlar elə hesab edirlər ki, hər hansı bir məsələ Milli Məclisdə qaldırılsa, daha effektli olar. Amma elə məsələlər var ki, onların həlli bizdən asılı deyil. Belə olduğu təqdirdə bizim də məsələyə geniş şəkildə müdaxilə etmək imkanımız olmur. Biz ancaq hər hansı bir məsələni ictimailəşdirə, yenidən gündəmə gətirə bilərik. Məsələn, şəhid ailələrinin qan pulu, uşaq pulu məsələlərini ilk olaraq biz ictimailəşdirdik. Mən vətəndaşla da görüşəndə onlara izah etdim ki, mənim gücüm buna çatır. Amma bizim əlimizdə möhür, inzibati vasitələr yoxdur ki, kiməsə təsir edək.

- Bəs siz özünüz hər hansı bir məsələnin həlli istiqamətində şəxsən dövlət qurumları, onların rəhbər şəxsləri ilə əlaqə qurursunuzmu?

- Əlbəttə, yüzlərlə vətəndaşın problemi ilə bağlı hökumət telefonu ilə birbaşa nazirə zəng edirəm. Təklif edirəm ki, vətəndaşı qəbul edin, onu dinləyin və problemini aydınlaşdırın. Əsasən, müraciəti qəbul edirlər, vətəndaşları dəvət edib problemi ilə bağlı köməklik göstərirlər.

- Fazil müəllim, bu gün cəmiyyətdə deputatın səsi eşidilirmi?

- Səsi olan deputatın səsi eşidilir. Depuatat özü fəal deyilsə, müəyyən problemin həllində maraqlı deyilsə, onun səsini kim eşidəcək, əlbəttə, heç kim! Sadəcə olaraq, hər hansı bir qurum mövcud problemi həll eləmirsə, bizim ona müdaxilə imkanımız yoxdur. Götürəndə yazdığımız məktublara, müraciətlərə rəsmi cavab verilir. Amma söhbət ondan gedir ki, məsələ yerlərdə icra olunmayanda problem mövcud olaraq ortada qalır. Ona görə də sözün dəyəri aşağı düşür. Bu dəyərin aşağı düşməməsi üçün qaldırılan problemlər yerlərdə həll olunmalıdır.

- Səsi olan və olmayan deputat dediniz. Milli Məclisdə aktiv deputat çoxdur, ya passiv?

- Ümumiyyətlə, cəmiyyət də iki yerə bölünür - aktiv və passiv insanlar. Milli Məclis də cəmiyyətin güzgüsüdür. Ona görə burada hansısa təəccübləndirici, fövqəladə bir forma axtarmaq olmur. Bilirsiniz ki, cəmiyyətdə ən çox elə aktiv olan deputatları söyürlər, əsasən onların üstünə gedirlər. Bu, vətəndaşın subyektiv dəyərləndirməsidir. Amma aktiv deputat hər hansı bir məsələni yalnız cəmiyyət qarşısında deyil, öz vicdanı qarşısında da qaldırır. Hər bir millət vəkili maaş alır, vətəndaş qarşısında öhdəlik daşıyır. İnsana laqeyd yanaşmaq olmaz, onların problemləri həll olunmalıdır. Hətta gücün yetməsə belə çalışmalısan. Vətəndaş da anlayışla qarşılayır ki, sən əlindən gələni edirsən.

- Milli Məclisdə deputatlar arasında intriqa varmı?

- İntriqa hər yerdə var. Harada ki hakimiyyət var, orada intriqa da var. Harada hakimiyyət səlahiyyətlərinin bölgüsü var, orada hamı özünə daha çox pay götürmək istəyir. Amma intriqa bir mühitdir. İnsan o mühitin içərisinə könüllü şəkildə girə də bilər, girməyə də. Mən o mühitin içərisinə girmədiyimə görə bir az rahatam. Mənə niyə bu vəzifə verilmədi və ya niyə müəyyən səlahiyyət sahibi deyiləm - deyə, xüsusi bir iddiam yoxdur. Fikrimcə, səlahiyyət insanın özüdür, onun şəxsiyyətidir. Əgər şəxsiyyətin varsa, elə hər yerdə səlahiyyət sahibisən. Ona görə də hər zaman insan öz şəxsiyyətini uca tutmalı və xalqa xidmət etməlidir. Kimsə bunu intriqa və ya şəxsi şöhrətpərəstliyi üçün edirsə, bu da onun öz problemidir.

Elgün MƏNSİMOV
AzNews.az