“Özgüvəni olan istənilən siyasətçinin görməli olduğu ilk iş hər vəziyyətə hazır olmaqdır”. “Özgüvəni olan istənilən siyasətçinin görməli olduğu ilk iş hər vəziyyətə hazır olmaqdır”.
  • Hadisə
  • 9 Yanvar 2019 16:00
  •  5 201

“Seçicilərimlə dostam” - Elşən Musayev “Deputatın gündəliyi”ndə

“Özgüvəni olan istənilən siyasətçinin görməli olduğu ilk iş hər vəziyyətə hazır olmaqdır”.

AzNews.az-ın “Deputatın gündəliyi” layihəsinin bügünkü qonağı millət vəkili Elşən Musayevdir. O, Milli Məclisdə Zaqatala rayonunu təmsil edir.

- Elşən müəllim, iş rejiminiz necədir, çoxşaxəli deputat fəaliyyətinin öhdəsindən necə gəlirsiniz?

- İş rejimim illərdir ki, standartdır. Yəni, bu məsələ deputat seçilməmişdən öncə də belə olub, indi də dəyişməzdir. O anlamda ki, səhər erkəndən durmağı sevən adamam, ilk işim mütaliə olur, daha sonra isə günün planını, ya da planlarını təcili formada qururaq həmin plana uyğun da hərəkət edirəm. Təbii, bir neçə gün əvvəldən məlum olan istisnalar, tədbirlər-filan bu sıraya aid deyil – onlar öncədən planlaşdırılır. Amma ənənəvi üsul dediyim kimidir.

- İşlərin çoxluğu şəxsi işlərə hər hansı bir əngəl törədirmi?

- İşlər düzgün planlananda əngəl o qədər də çox olmur. Yetər ki, qrafiki rentabelli, səmərəli qurasan. İşlərimin az və ya çoxluğunun da şəxsi həyatıma əngəl törətdiyini düşünmürəm. Bu haqda fikrim belədir ki, bir insan iş və şəxsi həyatındakı zaman sərfiyyatını paralel bölməlidir. Çünki hər ikisi əhəmiyyətlidir, önəmlidir. Cəmiyyətə çıxış evdən, ailədən başlayır. Ailə kiçik dövlətdir. Yaxşı vətəndaş olmağın ən düzgün və lazımlı komponentərindən biri həm də yaxşı ailə başçısı olmaq və ağıllı, dövlət üçün yararlı övlad tərbiyə etməkdir. Hamıya zaman ayırmaq lazımdır. Həyat yoldaşına da, övladına da, anana da, bacına da, dostlarına da. İnsan kompleks varlıqdır və heç bir zümrədən qopmamalıdır. Hər kəs diqqəti haqq edir. Təbii, bəzən işlərimlə bağlı uzunmüddətli səfərlərdə, tədbirlərdə, konfranslarda, iş görüşmələrində oluram, ailədən uzaq düşürəm. Amma bunlar da təbii haldır və bu təbii halı sonradan bir şəkildə kompensasiya edirəm. Ən azından etməyə çalışıram.

- Seçicilərlə hansı formada görüşürsünüz, bunu necə tənzimləyirsiniz?

- Bunun üçün özümə müddət qrafiki cızmışam. Ayda ən az iki dəfə rayona səfərim olur. Orada qalıram, seçicilərimi bir neçə gün ərzində qəbul edirəm. Tələsmədən, səbrlə onları dinləyirəm, səlahiyyətim çərçivəsində problemlərinin həllinə yardımçı olmağa çalışıram. Üstəlik, mənim Zaqatalada köməkçim var, həmin koməkçi gün ərzində səhər saat 9-dan axşam 6-ya qədər deputat otağında gəlib-gedənləri qəbul edir, onların problemləri ilə maraqlanır, yerli və rahat məsələdirsə telefon zəngi ilə əlaqələndirir, kritikdirsə qəbula yönləndirir. Bakıya da yanıma kifayət sayda gələn insanlar var. Hər biri ilə xoş münasibət qurmuşuq. Mən seçicilərimlə dostam. Telefonum az qala hər birində var və lazım olanda birbaşa kontakta keçə bilirlər.

- Bu il Milli Məclisin iclaslarının birində demisiniz ki, bir çox problemləri yol polislərinin diqqətinə çatdırmaq üçün onların deputatlarla görüşü təşkil olunsun. Maraqlıdır, bu istiqamətdə hansı problemlər hələ də aktualdır?

- Mənim ümumiyyətlə Polis adına böyük hörmətim var. Çünki onlar bizim asayişimizin keşiyindədirlər. Dövlət Yol Polisi də həmin qurumun bir qanadı olduğu üçün onlara da xüsusi hörmət bəsləyirəm. Müzakirəni isə biz yalnız polislə aparmırıq. Bir çox sahələrin adamları, təmsilçiləri var ki, həmin kateqoriyalar üzrə nümayəndələrlə işçi səviyyəsində vaxtaşırı, mütəmadi müzakirələrimizi aparırıq. Bir ara müəyyən anlaşılmazlıqlar var idi və qeyd edim ki, bu şəxsi kontekstdə deyildi. Ona görə bir neçə deputat həmkarımla bərabər komitəmizin sədri Əli Hüseynliyə müraciət etdik ki, yaxşı olar Dövlət Yol Polisinin rəhbərliyi ilə bərabər səmərəli iş görüşməsi keçirək. Komitə sədrimiz də bu təklifi alqışladı. Sadəcə sonradan qanunvericilik fəaliyyətimizdəki sıx qrafik imkan vermədi ki, bu görüş reallaşsın. Amma ümid edirəm, nə zamansa baş tutacaq. Bir daha söyləmək istəyirəm ki, söhbət yalnız səmərəli, ikitərəfli müzakirələrdən gedib.

- Sizi aktiv millət vəkili kimi tanıyırıq, cəmiyyəti düşündürən bir çox məsələlər ətrafında fikir və təkliflərinizi bildirirsiniz. Bu çıxışlarınız üçün əvvəlcədən hazırlaşırsınız, ya anındaca danışmaq qərarı verirsiniz?

- Yazılarımı təbii ki, ciddi plan, öncədən müəyyən etdiyim abzaslar üzərində qururam. Qururam, yazıram, gərəkli redaktələrimi edirəm və ən sonda işıq üzü görür. Amma bu proseduru çıxışlarıma şamil edə bilmərəm. Çünki nə efirdə, nə hansısa canlı yayımda, nə müsahibələrdə veriləcək sualların motivi, qoyuluşu, sıralanması öncədən müəyyən olur. Burada artıq vərdiş və təcrübə öz işini görür. Anındaca danışmaq və hər vəziyyətə hazır olmaq özgüvəni olan istənilən siyasətçinin görəcəyi, görməli olduğu ilk işdir. Hətta vəzifədir. Vacib deyil hamı orator olsun. Vacib olan budur ki, hamı öz statusuna uyğun danışsın, lazım olanı danışsın, düzgün olanı danışsın. Bunu nə dərəcədə bacardığımı deyə bilmərəm, amma ən azından əlimdən gələni edirəm, öz üzərimdə durmadan çalışıram, etimadı doğrultmağa səy göstərirəm.

- Milli Məclisdə 125 deputat təmsil olunur. Cəmiyyətdə deputatların aktiv və passiv kateqoriyaya bölünməsi kimi fikirlər var. Bu barədə nə deyə bilərsiniz?

- Hər kəs özünə cavabdehdir və istənilən ictimai, siyasi öhdəlik kontekstində fərdi məsuliyyət prinsipi var. Ayrıca, rakurs fərqi də nəzərə alınmalıdır. Məsələn, siz kimisə aktiv sanmaya bilərsiniz, amma bir başqası sanar. Ya da adamın özü fərqli fikirdə olar. Şəxsən mənim düşüncəmə görə, Azərbaycan Parlamenti ləyaqətli insanlardan ibarətdir və hər kəs də bu və ya digər şəkildə aktivdir. Biri daxili siyasətdə, biri beynəlxalq siyasətdə, biri qanunvericilik sahəsində və s. Əsas odur, hamının pozitiv olan tərəflərini görək və təqdir edək.

- Milli Məclisin üzvü kimi beynəlxalq müstəvidə də Azərbaycanı təmsil edirsiniz. Xarici səfərləriniz çox olur. Bu cür missiyalar zamanı deputatdan tələb olunan əsas özəlliklər nələrdir?

- Deputat ciddi və məsuliyyətli bir statusa sahib şəxsdir. O fərqlənməlidir, seçilməlidir, aktivliyi ilə, dövlətə və dövlətçiliyə səmərəsi ilə, faydalılığı ilə hər kəsə örnək olmalıdır. Daxildə də, xaricdə də və hətta qeyri-rəsmi tədbirlərdə - toyda, yasda, ad günlərində, özəl məclislərdə belə... Deputatdan kimsə nəsə tələb etmir, deputat özü - özünə tələbkar olmalıdır və daim özü-özünə sual etməlidir ki, mən Azərbaycanla bağlı, ölkəm naminə filan tədbirdə, konfransda hansı müzakirələri açdım, hansı reallığı, həqiqətləri söylədim, millətimin, ölkəmin adına hansı xalı yazdırdım. Və mənim düşüncəmə görə bütün millət vəkillərinin də amalı məhz budur – ölkəni ən üst, ən layiqli formada təmsil etmək!

- Deputatlıq fəaliyyətinizlə bağlı sizi ən çox narahat edən və ya qıcıqlandıran məsələlər hansılardır? Məsələn, bir dəfə təhsil nazirinin müavinlərindən heç birinin telefona cavab vermədiyini irad tutmuşdunuz. Bu kimi daha nələri misal çəkə bilərsiniz?

- O hadisə bir az spontan haldan doğmuşdu. Sonrakı müddətdə nəinki müavinlərlə, hətta cənab nazirin özü ilə müxtəlif məsələləri müzakirə etmişik və heç kimlə münasibətimiz antoqonist, anlaşılmayan səviyyədə qalmayıb. Sadəcə, həmin vaxt çox ciddi bir mövzu ilə bağlı sualıma cavab almaq istəyirdim və təsadüfdən müavinlərin heç biri telefon götürmədi. Sonradan məlum oldu ki, nahar vaxtı olub və mən bunu nəzərə almamışam. Yəni, dediyim kimi, bu, sırf spontan məsələ idi və heç bir qarşılıqlı ziddiyyətdən xəbər vermir. Ceyhun Bayramov və onun komandası Azərbaycan təhsilinə böyük töhvələr verir, olduqca yaradıcı kollektivdir və onlara gələcək işlərində sonsuz uğurlar arzulayıram.

- Son olaraq, deputatlıq sizin üçün nə deməkdir, bu vəzifənin avantajı nədir?

Avantaj – daha geniş çərçivədə və səlahiyyət daxilində insanların işinə, problemlərin həllinə yardımçı missiyasıdır. Bu, həm də zövq və şərəf məsələsidir. Deputatlıq – mənim üçün seçicimin etimadıdır, sadədən də sadə ola bilmə öhdəliyidir, faydalı və lazımlı qanunların qəbul edilməsində iştirakçı olmaq məsuliyyətidir, fəxridir. Hər zaman qürur duymuşam və bu gün də həmin qürurla yaşayıram ki, Azərbaycan Parlamentində təmsil olunuram. Əlimdən gələni də edirəm ki, işimi ləyaqətlə görüm, kimsənin xətrinə dəyməyim, kimsəni eşitməzdən keçməyim, hər kəs üçün etibarlı və özüməməxsus imicdə qalım. Sabah bilmək olmaz harada qərarlaşacağıq. Hörməti, ehtiramı bu gün, əldə fürsətkən qazanmaq lazımdır. Mən də var gücümlə, bütün potensialımla buna çalışıram.

Elgün MƏNSİMOV
AzNews.az