"Bizim tənqidçilərin bir çoxu lazımsız şeylərdən yazır" "Bizim tənqidçilərin bir çoxu lazımsız şeylərdən yazır"
  • Hadisə
  • 10 Yanvar 2019 10:33
  •  10 260

“O, Anarı təriflədiyimə görə məni tənqid etmişdi” - Vaqif Yusifli ilə “Cümlə axşamı”nda

"Bizim tənqidçilərin bir çoxu lazımsız şeylərdən yazır"

AzNews.az “Cümlə axşamı” layihəsində tənqidçi Vaqif Yusifli ilə müsahibəni təqdim edir.

- 2018-ci ili ədəbi baxımdan uğurlu hesab etmək olarmı?

- Hər il Nizami adına Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunları üzrə müşavirə keçirilir. İsa müəllim (İsa Həbibbəyli – red.) şəxsən məndən tələb edib ki, bu işdə müəllif sənsən, hər il bu müşavirəni təşkil elə. Mən də janrlar üzrə müəlliflərə mühazirələr təklif edirəm, çıxşılar olur, sonra o çıxışlar toplanaraq kitab halında nəşr edilir. Artıq beş kitab çıxıb. Əvvəllər məruzələrin sayı on-on bir idi, hazırda iyirmini ötüb. Doğrusu, mən bununla razı deyiləm. Bu qədər çox məruzənin olmasını arzulamıram. Nəsr, poeziya, dramaturgiya, ədəbi tənqid, publisistika, uşaq ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı, bir də ədəbi gənclik üzrə məruzələr olsa, daha yaxşı olar.

- Bəs hazırda əlavə məruzələr hansılardır?

- Poeziya üzrə mühazirələr iki yerə bölünür, lirik şeir üzrə ayrı mühazirə və poema üzrə ayrı mühazirə edilir. Nəsr üzrə mühazirə isə üç yerə bölünür: roman, povest, hekayə üzrə mühazirələr. Yenə də var. Məncə məruzələr bu qədər çeşidlənməməlidir. İndi gələk 2018-ci ilin ədəbi baxımda müzakirəsinə. Bir tənqidçi kimi mən kim nə mükafat aldı, kim hara seçildi, bunların fərqinə o qədər varmıram. Sevinclidir, amma məruzələrə mükafatlar barədə məlumat salmıram. Məncə ədəbiyyatın özü mükafatlardan daha əhəmiyətlidir.

- Uğurları nisbi hesab edirsiz?

- Bəli.

- Nümunə üçün deyim, Varis ötən il Rusiyada ilin yazıçısı seçildi, bu uğur deyil?

- Mən buna sevinirəm. Romanlarını o qədər sevməsəm də, Varisi gözəl hekayəçi kimi bəyənirəm. Bir nasirin mükafat alması mənim üçün o qədər əhəmiyyətli deyil. Amma mükafat məsələsinə gəldikdə isə mənim üçün ən böyük qürur o ola bilərdi ki, Ramiz Rövşən, Musa Yaqub və Məmməd İsmayıl "Xalq şairi" adına layiq görüləydilər.

- Bəs Vaqif Bayatlı?

- O da gözəl şairdir.

- Vaqif Bayatlıya da xalq şairi adı düşür?

- Düşür.

- Siyahını bir az genişləndirsək, sonra kimə "Xalq şairi", "Xalq yazıçısı" adı düşür? Səfər Alışarlı, Afaq Məsud...

- Afaq Məsudun adını qeyd edə bilərəm. Səfər Alışarlıya da böyük hörmətim var. Son dərəcə özünəməxsus yazıçıdır. Onu oxumamaq günahdır. O, əsərlərində cəmiyyət həyatını elə təsvir edir ki, bir başqası bu cür təsvir edə bilməz. Səfər Alışarlı Azərbaycan nəsrində romanı roman poetikası kimi, povesti povest poetikası kimi yazan beş-altı nasirdən biridir.

- 2018-ci ildə bəyəndiyiniz, sizi təəccübləndirən nəsr nümunəsi oldumu?

- Əlbəttə. Şair kimi tanıdığım Zahid Sarıtorpağın iki romanı xoşuma gəldi. Elə şair var ki, nəsrə keçəndə şairliyini unutmur, şeirdən gələn bədii təsvir vasitələrini də nəsrə keçirir, məsələn, Nəriman Həsənzadə. Amma Zahid orijinal nasir kimi ortaya çıxıb, problem qoyub, romanlarında XX əsr insanının təkamülü, fikir dünyası əks olunub. Onun əsərlərində zahirən məhəlli problemlər var, amma baxıb görürsən ki, bu, həm də geniş mənada ümumibəşəridir.

- Sonra kimin adını çəkə bilərsiniz?

- Mübariz Cəfərlinin bu vaxta kimi dörd-beş romanı çıxıb. Onun haqqında qardaşım Cavanşir Yusifli çox yazıb. Mən hələ o romanlardan yaza bilməmişəm. Sən cavanların adlarını çək, mən deyim sonra kim var.

- Şərif Ağayar. Bu il “Ağ göl” adlı romanı çıxıb.

- Nə yaxşı yadıma saldın! Təəssüf ki, son romanları kitab şəklində mənə çatmayıb, jurnalda da çap olunmur ki, oxuyaq. Şərifdə klassik Azərbaycan romanları ilə yeni romanların vəhdəti hiss edilir. Mənim 2013-cü ildə Azərbaycan romanının 20 illik mənzərəsini canlandırdığım “Böyük kitab” adlı yazım çıxmışdı. Orda Şərif Ağayarın “Harami” romanından da bəhs etmişdim. Şərifin o romanında çatışmayan cəhətlər də var, amma təhkiyə tərzi, süjet prinsipləri əladır. Şərifin yaratdığı obrazlar elə bil ki, mənim gözümün qarşısındadır, son 20 illik ictimai həyatımızı bir bölgənin, bir rayonun, bir kəndin, hətta bir alaçığın timsalında əks etdirə bilir. Şərif Ağayarı bu məziyyətlərinə görə çox sevirəm. Mənim yadıma gəlir ki, Şərif ədəbiyyata şeirlə gəlmişdi. Onun haqqında ilk yazını da mən yazmışam, “Azərbaycan” jurnalında çıxmışdı, yazı ilə bərabər şeirlərini də vermişdim. Nəbi Xəzri mənə zəng eləmişdi ki, o jurnalı mənə çatdır. Şərif gözəl şairdir. Şərif daha sonra nəsrə keçdi, orda da uğur qazandı.

- Azərbaycan romançılığının 20 illik mənzərəsi barədə yazmısınız. Deyə bilərsinizmi, müstəqillik dövründə Azərbaycan romanı necə gəlişdi, irəliləyiş oldumu, yoxsa yerində saydı?

- Bəziləri deyirlər ki, Azərbaycan romanı dünya miqyasında seçilmir. Mən bir yazımla buna qarşı çıxaraq “Qətl günü” romanının adını çəkmişdim. “Qətl günü” dünya roman qatarının sərnişini ola bilər. Çox təəssüf ki, xarici dillərə az tərcümə olunub.

- “Qətl günü”nü Bulqakovun “Master və Marqarita” əsərindən iqtibas hesab edənlər də var.

- Elə şey yoxdur. Dünyada bir-birinə oxşar süjetlər çoxdur. Qoqolun “Kolsyaska” hekayəsi ilə Mirzə Cəlilin “Qubanəli bəy”ini götürək, eynidirmi? Onda rus milli xarakteri var, burda da Azərbaycan milli xarakteri. Azərbaycan romanı yaşına görə çox cavandır, “İbrahim bəyin səyahətnaməsi” romanı ilə 1889-cu ildə əsası qoyulub. Bu əsərdən sonra XX əsrin əvvərllərində xeyli xırda romanlar çap olundu, onları indi heç roman hesab eləmək düzgün deyil. Ötən əsrin 20-ci illərində Azərbaycanda roman yazılmadı, 30-cu illərdən başlayaraq isə Azərbaycan-Sovet romançılığı yarandı. Bu romanları inkar etmək olmaz. Bu əsərlər Azərbaycan romançlığında “Roman necə yazılmalıdır” texnologiyasının ilkin şərtləridir. Klassik model həm məzmunca, həm formaca 60-cı illərə qədər davam elədi. 60-cı illərdən başlayaraq bizim romançılıqda ikinci mərhələ başladı. Mirzə İbrahimovun, “Böyük dayaq”ı, “Pərvanə”si, İsmayıl Şıxlının milli xarakter yaratmaq mənasında “Dəli Kür”ü, Fərman Kərimzadənin “Qarlı aşırım”ı, Mövlud Süleymanlının “Köç”ü, Elçinin “Mahmud və Məryəm”i, Çingiz Hüseynovun “Fətəli fəthi” bu sıraya daxildir. Artıq bu romanlar əvvəlkilərə oxşamır, fərqli idi. Əsl milli romanlar idi. Və növbəti mərhələ kimi “Qətl günü” gəldi. Ondan sonra isə müstəqillik dövrü romançılığı gəlir. Necə ki, XX əsrin əvvəllərində indi roman adlandıra bilmədiyimiz xeyli nəsr nümunəsi yaranmışdı, XXI əsrin əvvəlində də roman adına xeyli əsər yarandı. Bir də görürsən ki, uzun müddət şeir yazan adam keçir romana, yaxud romanın kompoziyasından, poetikasından xəbəri olmayan adam roman yazır. Mən xeyli əsər oxuyandan sonra bir siyahı tutdum və qərara aldım ki, o siyahıda yer alanlardan danışmaq düzgün deyil.

- O siyahını bizə də açıqlayın, işimizi bilək.

- Onların adını çəkməyim. Müstəqillik dövründə xeyli keyfiyyətsiz romanlar, povestlər, hekayələr yazılıb.

- Romanlarımızda nə çatmır?

- Bir az millilik çatmır. Ətrafımızda bu qədər hadisələr baş verir, amma görün biri romanlarımızda əks olunur? Elə bir romanın adını çəkə bilərsənmi, Azərbaycan həyatı, Azərbaycan gerçəkliyi orda bütöv şəkildə əks olunsun? 1937-ci ildə “Əcəl zəngi” romanını yazan Ernest Heminquey demişdi ki, bu romanı yazmasaydım tarix məni günahlandırardı. Ona görə ki, faşizm artıq bizim içərilərimizə yeriyib.

- Sizi tənqid edənlər çox olub?

- Məni üç dəfə tənqid ediblər. Birincisi 80-ci ildə baş verib. Rəhim Əliyev “Ədəbiyyat qəzeti”ndə tənqid edib, mən də ona cavab vermişəm. İkinci dəfə məni Rafiq Tağı tənqid edib. Biz həmyerliyik, orta məktəbdə oxuyandan dostlaşmışıq. Amma Rafiq Tağı sürprizləri çox sevirdi. Mən bir yazımda Rafiq Tağını Azərbaycanın Çexovu adlandırmışdım. O da məni AYB üzvü olduğuma görə, Anarın əsərlərini təriflədiyimə görə tənqid eləmişdi. Mən də ona cavab yazdım. İllər keçdi, barışdıq.

- Üçüncü dəfə kim tənqid edib?

- Üçüncü xırım-xırda tənqidlərdir. Tutaq ki, Əsəd Cahangir məni hardasa tənqid edib, mən ona cavab vermişəm, yaxud Astarada yaşayan Memhamn Qaraxanoğlu məni tənqid edib, mən də mətbuatda yox, özünə məktub yazıb cavab vermişəm.

- Eşitdiyimə görə çoxlu şeir, xüsusən qəzəl bilirsiniz.

- Hə, bilirəm. Bir dəfə Zəlimxan Yaqubla şeirləşdik. O, 1800 şeiri əzbərdən dedi, mən 1300-nü. Sonra özü də etiraf elədi ki, onun bildikləri əsasən qoşma, gəraylı, amma mənim bildiklərim qəzəldir. Qəzəli isə yadda saxlamaq daha çətindir, ona görə mənim 1300-üm onun 1800-ü ilə eynidir (gülür). Füzulinin əksər qəzəllərini əzbərdən bilirəm, üstəlik izahını da verirəm. Halbuki füzulişünas deyiləm. Məhəmməd Hadini də çox sevirəm.

- Necə düşünürsünüz, tənqidçilərimiz ədəbi prosesə təsir göstərə bilirlər?

- Yox. Sovet dövründə tənqid ədəbi prosesə müəyyən qədər təsir göstərə bilirdi. Amma tənqidçi aptek müdiri deyil ki, yazıçıya resept versin ki, elə yaz, belə yazma. Tənqid obyektiv fikir söyləyir, yazıçı bundan nə götürür, özü bilir. Məsələn, Süleyman Rəhimov deyərdi ki, Məmməd Arif məni bəzən yazılarında tənqid edir, mən buna hirslənirəm, amma sonra təkrar oxuyanda görürəm ki, düz deyir. Bizim dövrün ədəbi tənqidinə gəldikdə isə... Kamal Abdulla deyir ki, bizdə ədəbi tənqidçi yoxdur. Amma var, niyə yoxdur? Bu qədər tənqidçi fəaliyyət göstərir, əsərlər barədə yazırlar. Sadəcə yazıçı ilə tənqidçi arasında gərək bir-birini anlamaq bacarığı, münasibətlərində aydınlıq, dəqiqlik ola. Həm də mən elə bilirəm ki, tənqidin gördüyü işlər, görmədiyi işlərdən qat-qat aşağıdır. Hətta ədəbi proses müşavirəsi də görüləcək işləri tamamilə ödəmir. Mən özüm də daxil olmaqla bizim tənqidçilərin bir çoxu lazımsız şeylərdən yazır. Mən, məsələn, bölgələrdə yaşayan şairlərimizdən silsilə yazılar yazmışam. Heç kəs bu mövzuya əl atmayıb, mən yazmışam, kitab şəklində də çap olunub. Özümlə qürur duya bilərəm ki, üç ədəbi gəncliyin əsərləri haqqında yazışam. Bu yazdıqlarımın, o şairlərin yaradıcılığına təsiri olubmu, bax onu deyə bilmərəm.

- Hazırda da “Ədəbiyyat qəzeti”ndə “Köhnə kişilər” silsiləsinə başlamısız.

- Biz öz keçmişimizi unutmamalıyıq. Bizim dəyərli ziyalılarımı olub, onların fəaliyyətini yaddan çıxarmamalı, xatırlamalıyq. Nə Əli Səbrini - Qori müəllimlər seminariayasının sonuncu müdavini - nə Qulam Məmmədlini - axı bu adam bir universitetin gördüyü işləri görüb - nə Məmməd Cəfəri, nə Ənvər Məmmədxanlını unutmalıyıq. Abbas Zamanov haqqında da yazmışam. Abbas Zamanov olmasaydı Naxçıvan indi ermənilərdə idi. Ermənilər Naxçıvanı almaq istəyirdilər, Abbas Zamanov 1961-ci ildə Səməd Vurğuna həsr olunmuş müşavirədə durub deyir ki, əgər Səməd Vurğun sağ olsaydı ermənilərin cavabını verərdi. O sözə görə Abbas Zamanovu partiyadan xaric elədilər, öz işindən çıxarıb Ədəbiyyat İnstitutuna 83 manat maaşı olan işə göndərdilər. Bax, bu cür kişilərimiz olub. Bunları unutmağa qoymuram.

Mirmehdi
AzNews.az