"Teatrın maaşı bir bazarlığı ödəmir". "Teatrın maaşı bir bazarlığı ödəmir".
  • Hadisə
  • 3 Fevral 2019 22:15
  •  6 855

Böyrəyimi həyat yoldaşıma verməyə hazıram - Eldəniz Zeynalovun gəlini

"Teatrın maaşı bir bazarlığı ödəmir".

AzNews.az-ın “Morze əlifbası” layihəsinin bu günkü qonağı xalq artisti, mərhum Eldəniz Zeynalovun gəlini İradə Zeynalovadır.

- Həyat yoldaşınız Məmməd Zeynalov uzun zamandır ki, böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Hazırda aktyorun səhhəti necədir?

- Məmmədin səhhəti ilə bağlı bu qədər mətbuatda məlumatlar dərc olunur, amma buna baxmayaraq bir adam belə bizə əl tutmaq istəmir. Eldəniz Zeynalov sağ olsaydı, bircə zəngi bəs edərdi. Elə bil ki, heç məlumat vermirik. Məmmədin səhhəti çox pisdir. Həyatı təhlükədədir, hər an onu itirə bilərəm. Təzyiqi gah qalxır, gah da düşür. Heç nə dəyişmir. Yaxşılığa doğru bir şey yoxdur. Aidiyyatı qurumlara da dayanmadan məktub yazırıq, amma heç bir müsbət cavab yoxdur. Problem donordur.

- Bəs, ona uyğun gələn donor tapılmır?

- Donor olsa, əməliyyat pulsuz olacaq. İstər mənim, istərsə də onun qohumlarından vəziyyəti bilirlər. Amma kimsə irəli durub “böyrəyimi verərəm” deməyib. Mən isə böyrəyimi ona verməyə hazıram. Həkimlər mənə icazə vermir, çünki onkoloji xəstəyəm. Müalicə olunuram, şüa qəbul edirəm. Səhhətim buna imkan vermir. Üstəlik də azyaşlı övladım var. Həkimlər deyir ki, sən böyrəyini versən, ölə bilərsən, uşağın da anasız qalar. Vəziyyət belədir. Dünyasını dəyişənlərdən kimsə böyrəyindən imtina etməlidir, könüllü şəkildə onu başqasına, ehtiyacı olana bağışlamalıdır.

- Məmməd Zeynalov hazırda hansı teatrda işləyir?

- Məmməd hazırda İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorudur. Teatrın quruluş verdiyi tamaşalarda oynayır. Açığı çox tamaşalarda oynaya da bilmir, səhhəti buna imkan vermir. Teatrın direktoru İftixar Piriyev əlindən gələn dəstəyi bizim ailəyə verir. Məmməd xəstələnəndən bu günə kimi o, bizə arxa durub, bir an olsun belə bizi tək buraxmayıb. Həyat yoldaşım Eldəniz Zeynalov sənətinin tək davamçısıdır. Biz Məmmədlə uzun müddətdir ki, evliyik. Amma bu illər ərzində övladımız olmadı. 7 ildən sonra övladımız dünyaya gəldi, onun adını Eldəniz qoyduq. Ailə qurandan sonra həkimlər məndə xərçəng xəstəliyi aşkar etdilər. Övladım da bu üzdən olmurdu. İki dəfə əməliyyat keçirdim, saysız-hesabsız şüalar qəbul elədim. İkinci əməliyyatdan 9 ay keçəndən sonra hamilə qaldığımı öyrəndim. Uşağımız bir yaş iki aylıqdır.

- Məmmədin səhhəti ilə bağlı hansı qurumlara müraciət etmisiniz?

- Mədəniyyət və səhiyyə nazirliklərinə, Milli Məclisin Səhiyyə Komitəsinə yazmışam, amma heç bir cavab gəlməyib. Hətta Məmməd bacısı ilə bir dəfə ev məsələsinə görə Əbülfəz Qarayevin qəbulunda olub. Deyib ki, “mən heç cür kömək edə bilmərəm. Get, hər hansı bir teatrda işlə, yalnız atana görə sənə müavinət almağa kömək edə bilərəm”. Heç müavinət də ala bilmədi. Heç olmasa atasına görə Əbülfəz müəllim ona müavinət almağa köməklik göstərsəydi, bu da ailəyə köməklik olardı. Məmmədin dərmanları bahadır. Ala bilmirik. Getmədiyi yer qalmayıb. Hətta Eldəniz Zeynalovun vaxtı ilə işlədiyi Akademik Milli Dram Teatrına gedib. Azərpaşa müəllimlə görüşüb. Deyib ki, “atamın sənəti xatirinə mənə bu teatrda işləməyə yardım et. Xəstəyəm, gedib-gələ bilmirəm. Bu teatr evimizə yaxındır. Yol pulum çibimdə qalacaq”. Azərpaşa müəllim Məmmədi dinləyib deyib ki, ştat olan kimi səni bura götürəcəm. Amma hələ də bir xəbər yoxdur. Azərpaşa müəllimdən xahiş edirəm ki, imkan daxilində bu ailəyə dəstək olsun. Bəlkə heç yer boşalmadı? Bir də ki, Məmməd onun yanına gedəndən 3 ilədək vaxt keçir. Bəs, bu 3 ildə “Akademik” teatrdan heç kim işdən çıxmayıb? Bəlkə 10 aktyor işə götürülüb. Məmməd də buna əsəbiləşir ki, mən atamın yerinə düzələ bilmirəm. Teatr evimizin 5 addımlığındadır. Mən onkoloji xəstə, Məmməd həm insult keçirib, həm də böyrək çatışmazlığı var. Övladımız da iki xəstəliyin daşıyıcısı... Hamısı mütəmadi müalicəyə ehtiyacı olan xəstəliklərdir. Bəs dərmanları hardan alaq? Ailədə tək işləyən Məmməddir. Teatrın maaşı nədir? Bir bazarlığı ödəmir. İstəsələr edərlər, amma heç birisi bu ailənin dərdində deyil. Bundan əlavə bu 3 xəstənin yaşadığı yerə baxsınlar. Evin tavanı az qala başımıza uçur, qəzalı vəziyyətdədir. Bilmirik, nə olacaq, bir balaca zəlzələ olsa bu ev uçacaq. Mən həm də şəhid qızıyam. Atam Orucov Əlixan ömrünü vətən yolunda qoyub. 1992-ci ildə Əskəran uğrunda gedən döyüşlərdə həlak olub. Qayınatam da Azərbaycan mədəniyyətini təbliğ edib. Mənim atamın 5 övladı vardı, getdi ərizə yazdı ki, mən döyüşə gedirəm. Ona icazə vermirdilər ki, sənin 5 övladın var. Baxıram ki, heç kim maraqlanmır. Məmməd 3 dəfə insult keçirib. Onu heç kim bilməyib. Müayinədən keçəndə həkim dedi ki, onun ikisi gizlin olub. 3-cündə isə reanimasiyaya düşdü. Onu Allah saxlayır.

- Bildiyimə görə, uşağınızın səhhətində də problemlər var?

- Uşaq da anadangəlmə xəstə oldu. Ana bətnində olanda bir ayağı inkişafdan dayanıb. Pəncəsi də o biri pəncəsindən balacadır, üstəlik də 4 barmağı var. Pəncəsi əyridir deyə yeriyəndə yıxılır. Qıçının biri də uzadılmalıdır. Əlaqədar təşkilatlardan, imkanlı adamlardan xahiş edirəm ki, bizə əl tutsunlar.

Bahar RÜSTƏMLİ

AzNews.az