Ən böyük uğurlarım Lider televiziyasında olub. Ən böyük uğurlarım Lider televiziyasında olub.
  • Hadisə
  • 19 Mart 2019 12:10
  •  7 911

İşdən yayınan adam gözümə görünməsin - Televiziya aparıcısı

Ən böyük uğurlarım Lider televiziyasında olub.

AzNews.az-ın "Bir hovur" layihəsinin bu həftəki müsahibi, aparıcı Aynur Vəliqızıdır.

Ailəliyəm, iki övladım var. Jurnalistika fakültəsini bitirmişəm. 2000-ci ildən televiziya sahəsində çalışıram.

-Uzun illərdir televiziya sahəsində müxtəlif kanallarda çalışmısınız. Hansı telekanal sizin jurnalist kimi formalaşmağınızda əvəzsiz rol oynayıb?

-Ən böyük uğurlarım Lider televiziyasında olub. Bu, danılmaz faktdır. Amma çalışdığım hər televiziyada nəsə öyrənmişəm. İlk iş yerim AzTV olduğu üçün mikrofon tutmağı belə orda öyrəndim. Space kanalında da sırf reportyor kimi bərkə-boşa düşdüm. Daha da özümü mükəmməlləşdirdim. Amma özümü Liderdə daha önəmli, daha yaradıcı, daha fəal gördüm, idarəedicilik qabiliyyətim üzə çıxdı. Bu da Liderin mənə yaratdığı şəraitdən, etimaddan irəli gəlir.

-Yəqin ki, televiziyanın məsuliyyəti jurnalistikanın digər sahələri ilə müqayisədə daha çətindir.

-Düzdür. Sayt belədir ki, xəbəri dəyişmək, düzəliş etmək olur. Qəzet və televiziyada verilən xəbər artıq yayımlandısa, dəyişmək imkanınız yoxdur. Amma ümumiyyətlə jurnalistika çox ciddi və məsuliyyətli bir sahədir. Bizim hazırda Liderin Xəbər Departamentində 10-dan çox təcrübəçimiz var. Mən onlarla hər gün işləyirəm və onlara eyni sözü dəfələrlə təkrarlayıram. Xəbər səhvi sevmir. Çalışmalıyıq ki, səhv etməyək və ən əsası ən xırda sözə belə məsuliyyətlə yanaşaq. Çünki bu tək sənin, mənim adım deyil. Burada söhbət ümumilikdə bütün televiziyanın adından, imicindən gedir və bizim hər hansı xəbəri dəqiqləşdirmədən verməyimiz minlərlə insanı səhv məlumatlandırmağımızla nəticələnə bilər. Bu isə yolverilməzdir.

-Bu çətinlik sizi yormur ki?

-Yoruluram. Çox yoruluram. Bəzən sanki gücüm tükənir. Böyük kollektivlə işləmək çox çətindir. Burda o qədər müdrik olmalısan ki, hər bir işçi ilə onun dilində danışmalısan və fərq qoymamalısan. Mənim üçün təzə, köhnə fərq etmir, işini vicdanla görən hər kəs dəyərlidir. Amma istəyir gözümün işığı olsun, işdən yayınan adam gözümə görünməsin... Səhvləri bağışlamağı da bacarmaq lazımdır. Bu böyüklüyü də etməyə çalışıram. Və ən əsası işi şəxsiyə çevirmirəm. Əgər bu insan işini düzgün, dürüst edirsə, mənim ondan xoşum gəlir, ya gəlmir əhəmiyyətini itirir. İnsanlara ikinci, üçüncü, dördüncü hətta beşinci şansı da vermək lazımdır.

-Bir neçə kanalda işləmisiniz. Bəlkə bu sizin qərarsız və ya çətin insan olduğunuza işarədir?

-Mən yaradıcı insanam. Hələ uşaq yaşlarımdan rəsm çəkmək, şer yazmaq istedadına malikəm və oxuyub çalışdıqca jurnalist kimi özgüvənim yarandı. İş yerimi dəyişməyimə səbəb layiq olduğum dəyəri görmədikdə, qiymətləndirilmədikdə olur. O yerdə inkşafımı görmədikdə gedirəm. Yoxsa xaraktercə sadiq insanam. Dostluğa, işimə, sevdiklərimə bağlı biriyəm. AzTV-də çalışarkən 19 yaşım tamam olmamışdı. Amma çox böyük layihələri mənə etibar etdilər. Böyük auditoriya qarşısında belə çıxış etdim. Yeni il şənlikləri, gənclər günü münasibəti ilə keçirilən böyük verilişlərin aparıcısı oldum. Buna görə həmin şəraiti yaradan insanları bu gün də hörmət və sevgi hissi ilə anıram. Daha sonra sırf xəbərlə, reportyorluqla məşgul olmaq istədim. Sanki özümü aparıcı yox, jurnalist kimi sübut etmək istəyi yaranmışdı. Buna görə Space televiziyası ilə anlaşdıq və fəaliyyətimi orada davam etdirdim. Uzun zaman keçdi və özümlə bağlı perspektiv görmürdüm, Lider kanalına gəldim. Nə yaxşı ki, də gəldim. Yaradıcılığımın ən şanlı səhifəsi məhz Lider televiziyasının adıyla bağlıdır. Müxtəlif layihələrin, dövlət tədbirlərinin aparıcısı oldum. Daha da tanındım. Hətta deyərdim sevildim, çoxlu dostluqlar qazandım. Müxbir kimi saysız-hesabsız araşdırma süjetlər hazırladım, redaktor kimi fəaliyyət göstərdim. Daha sonra redaksiya rəhbəri və ən sonda bu gün Liderin Xəbər Departamentinin rəhbəri oldum. İnanırsız, Liderin rəhbərliyi məndəki idarəedicilik qabiliyyətini kəşf edəndən sonra başqa yerlərdən də təkliflər gəldi. Əgər mən qərarsız insan olsaydım, bu gün Liderdə olmazdım. Mən Liderə gəldiyim gündən burada işləmək uğrunda sözün əsl mənasında mübarizə aparmışam. Bu gün də qərarımda qətiyəm və hələ uzun illər fəaliyyətimi bu kanalda görürəm.

-Televiziya aparıcılarından sizə görə ən gözəl nitqə sahib kimdir?

-Bütün aparıcılarımız gözəldi, qəşəngdi. Hamısının nitqi də gözəldi. Hər halda hər hansı bir ciddi nöqsan olsa, zatən heç bir televiziya rəhbəri həmin aparıcını efirdə saxlamaz.

-Gözəl qadınsınız, deməli özünüzə vaxt ayırmağı sevirsiniz...

-Son zamanlar özümə ayırmağa heç vaxtım olmur. Əvəllər heç olmasa fitnesə gedirdim. Artıq son 1 ildir ev, iş vəssalam. Gözəllik salonları istisnadır. Çünki o işim gərəyi saç, makiyaj və digər baxımlar olmalıdır.

-Televiziyadan başqa hansı sahəyə marağınız var?

-Gözəl rəsmlər çəkirəm, taxta üzərində rəsmlər yandırıram. Bu xüsusi aparat vasitəsi ilə olur. Amma etiraf edim ki, son illər vaxt azlığına görə heç bir belə rəsm çəkə bilməmişəm. Şeirlər yazıram. İki kitablıq şeirlərim və yarımçıq qalan romanım var. Son iki ildə yekunlaşdıra bilmirəm. Yəni mən işsiz qalmaram.

-Qarşıdan bayram gəlir. Bayramı necə keçirməyi planlamısınız?

-Hər il olduğu kimi iş başında, kollektivimizlə birgə keçirəcəm. Axşamı da evdə ailəmlə birgə.

Səidə Vahid

AzNews.az

image description image description image description