Yazılan hər bir detalın mütləq şəkildə həyatla əlaqəsi var Yazılan hər bir detalın mütləq şəkildə həyatla əlaqəsi var
  • Hadisə
  • 18 Aprel 2019 12:28
  •  14 043

"Kaş o, mənim qayınanam olardı, gününü göstərərdim" - Xanım Aydın

Yazılan hər bir detalın mütləq şəkildə həyatla əlaqəsi var

AzNews.az-ın “Morze əlifbası” layihəsinin bugünkü qonağı yazıçı-tərcüməçi Xanım Aydındır.

– Azərbaycan teleməkanında “Uçurum” serialı maraq doğuran layihələrdən biridir. Serial tamaşaçılarını maraqlandıran bir sual var: “Uçurum” necə oldu yarandı?

– “Uçurum” baş prodüserimiz Yaşar Əhmədov, baş redaktorumuz İlqar Fəhmi və mənim serial üzərində uzun və gərgin müzakirələrimizdən sonra yarandı. Müzakirələr zamanı müxtəlif fikirlərə, hadisələrə, obrazlara fərqli yanaşmalar oldu. Hər dəfə yeni olaylar, fərqli xarakterlər düşünürdük. Onları bir-biriləri ilə əlaqəsini, gedişatda inkişaf xəttini qururduq. Fikirlərimiz gah üstə-üstə düşür, gah da bir-birinə qarşı çıxırdı. Bütün bu müzakirələrdən sonra ideyalarımızın cəmi və kiçik bir sinopsislə “Ya Allah” deyib yola çıxdıq.

- İstər qonşu Türkiyədə, istərsə də Azərbaycanda son vaxtlar nümayiş olunan serialların mövzuları real həyatdan götürülür. Bəs, “Uçurum” real həyata nə qədər yaxındır?

– Bəli, bir çox seriallarda, filmlərdə hadisələr real həyatdan götürülür. Təbii ki, “Uçurum”da da elə olub, ssenari boyu yazılan hər bir hadisə həyatdan götürülüb. “Youtube” kanalında izləyicilərin rəy bölümündəki fikirlərini imkan düşdükcə maraqla oxuyuram. Bir çox insanlar obrazların adını çəkərək “Çiçək elə bil mənəm”, “Cənnət eynən mənim qayınanamdı”, “Mən də Sevda kimi tale yaşayıram” və s. kimi fikirlər yazaraq sanki talelərinin əksini gördüklərini vurğulayırlar. Elə bütün bu rəylər də serialın həyatla səsləşdiyini bildirir.

– Serialda bir çox obrazların adları, xüsusən, qayınana Cənnət, gəlinlər Sevda, Afətin adları məşhur “Qayınana” filmindəki adlarla üst-üstə düşür. Amma bildiyim qədəriylə serialın bu filmə heç bir aidiyyəti yoxdur.

– Serialda mənfi obraz olan qayınananı qəsdən Cənnət, gəlinləri Sevda və Afət (qeyd edim ki, onlar başqa-başqa ailələrin gəlinləridir) adlandırmışam. Bunun da səbəbi var. Gün gəlib XXI əsrə çatıb, dünya bu qədər texnoloji, informativ, rəqəmsal və s. inkişaf gedib, qloballaşma dövrünə çatıb, amma əbədi qayınana-gəlin münasibətləri hələ də öz aktuallığını qoruyub-saxlayıb. Günü bu gün də bir çox ailələr bu kimi münasibətlərdən əziyyət çəkir, bəzən, təəssüf ki, elə ailələrin dağılmasına qədər gətirib çıxarır. Əslində, serial günümüzün reallığıdır, “Qayınana” filmiylə də heç bir əlaqəsi yoxdur.

– Hər bir insan yaşadığı həyatın hansısa mərhələsində müəyyən problemlərlə qarşılaşır. Belə şəxslər uçuruma yuvarlandığını hiss edir, onun ayağa qalxması üçün müəyyən zaman lazım olur. Ssenari müəllifi olaraq serialın şəxsi həyatınızla əlaqəsi varmı?

– Serialın konkret olaraq şəxsi həyatımla heç bir əlaqəsi yoxdur. Amma yazdıqlarımın hamısı real həyatdan götürülüb. Mən çox müşahidəçi insanam. Ətrafımda baş verən lap xırda belə hadisənin yanından diqqətsiz ötüb keçə bilmirəm. Həmişə belə həssas olmağıma, hamının probleminə, dərdinə, başına gələn hadisəsinə qarşı laqeyd ola bilmədiyimə görə özümü qınayırdım. Amma ssenari yazanda bütün bunların mənə nə qədər kömək olduğunu gördüm. Yazılan hər bir detalın mütləq şəkildə həyatla əlaqəsi var. Obrazların hamısı canlıdır, hamısı realdır, aktualdır…

– Ssenarist serialın əsas müəlliflərindən biri sayılır. Sizin “Uçurum”da söz haqqınız qorunurmu? Yəni, hansısa aktyorun oyunu xoşunuza gəlmirsə, onu dəyişmək imkanınız varmı?

- Söz haqqım qorunur. Amma mən çalışıram ki, əvvəldən işimi möhkəm tutum. Belə ki, ssennarini yazanda remarkaları geninə-boluna, tam təfərrüatı ilə yazıram ki, rejissora, aktyorlara yazdığım tam təfsilatı ilə aydın olsun. Hətta lazım gəldikdə əhval-ruhiyyəylə yanaşı, müəyyən mimikaları, jestləri də yazmağa ərinmirəm. Quruluşçu rejissorumuz da, hesab edirəm ki, işinin öhdəsindən yaxşı gəlir. Yəni, mənim sonradan çəkilişə müdaxilə etməyimə ehtiyac qalmır.

– Aktyor oyunu, rejissorun ssenariyə yanaşma tərzi sizi qane edirmi?

– Aktyor seçimləri bu serial üçün deyim ki, nisbətən uzun çəkdi. Obrazların tam xarakterini ifadə edə biləcək aktyorlar axtarırdıq. Bu işdə demək olar ki, hamımız səfərbər olmuşduq. Düşünürəm ki, aktyor seçimimiz də uğurlu oldu. Hər halda, mən ümumən həm ssenarist kimi, həm də tamaşaçı kimi aktyor oyunundan narazı deyiləm. O ki qaldı rejissor işinə… Məncə, rejissorumuz da ssenariyə çox böyük həssaslıqla yanaşıb. Bilirsinizmi, film, tamaşa, serial kollektiv işdir. Ərsəyə gələcək işin yaxşı olmağını hamı ürəkdən istəməlidir. Biri yaxşı olub, məsuliyətli olub, biri işə başısoyuq yanaşsa, batacaq… Hesab edirəm ki, serialımızın uğurunun səbəblərindən də biri elə budur.

– Özünüz cəmiyyət arasındasınız. Gündəlik həyatınızda, məsələn, avtobusda, metroda serial haqqında, yəqin ki, tənqidi fikirlər eşidirsiniz. Onlara reaksiyanız maraqlı olardı…

– Müxtəlif fikirlər eşidirəm. Ən çox eşitdiklərimsə bunlardır: “O Cənnət kaş mənim qayınanam olardı, göstərərdim, ona gününü!”, “Bu Elçinin iç üzü nə vaxt açılacaq axı?!”, “Çiçək çox fağırdı e, belə olmaz”. Hamının fikri mənə maraqlıdır. İstər tənqid olsun, istər tərif. Tərif demişkən, Solmaz obrazının mənfi olmasına baxmayaraq, bir az da komik olduğuna görə daha çox sevildiyini bilirəm. Ondan da çox danışırlar. Hətta bilirəm ki, yolda özünü görüb, “Bəsdir, Solmaz, əl çək Çiçəkdən!” deyənlər də olub.

– Yəqin ki, “Uçurum”un davamı olacaq. Bundan sonra tamaşaçılara hansı ssenariləri təqdim etməyi düşünürsünüz?

– “Uçurum” yay aylarında sezon finalına çıxacaq. Və sentyabr ayında yenidən izləyicilərinin görüşünə gələcək. Artıq biz yeni mövsüm üçün gərgin müzakirələrə başlamışıq. Serial tam fərqli bir formatda efirə çıxacaq. Tamaşaçılar bu dəfə də bir-birindən maraqlı hadisələr, yeni obrazlarla qarşılaşacaqlar. Ümid edirəm ki, “Uçurum” ikinci mövsümünü də əvvəlki kimi uğurla yaşayacaq.

– “Uçurum” serialı “Youtube” kanalında günlərlə trenddə olur. Bunun səbəbi nədir, sizcə?

– Zəhmət… Məncə, zəhmətdir. Hər bir iş zəhmət, sevgi tələb edir. Onsuz olmur. Əminəm ki, işə doğmalıqla yanaşanda müvəffəqiyyət özü gəlir tapır adamı. “Youtube” kanalında da dəfələrlə trenddə olmağımız tamaşaçının bizim zəhmətimizə verdiyi dəyərdir. Buna görə onlara minnətdaram. Güclə gözəllik olmadığı kimi, tamaşaçı da serialı bəyənməsə, güclə ona sevdirmək olmaz. Bu, mümkün deyil. “Uçurum” da baxılır, izlənilir ki, trendə düşür. Mən buna ancaq sevinə bilərəm.

– Cəmiyyətdə bir fikir formalaşıb: “Biz Türkiyə kimi serial çəkə bilmirik”. Bu iradla razısınız?

– Bilirsinizmi, düşünürəm ki, birmənalı şəkildə bunu belə demək haqsızlıq olardı. Müəyyən axsamalar ola bilər, amma bu, o demək deyil ki, bizdə film, serial çəkə bilmirlər. Hər bir işin görünən və görünməyən tərəfləri var. Bunun da bir çox problemləri var. Bir işi ortalığa çıxarmaq kənardan danışmaq qədər rahat deyil.

– Ümumiyyətlə, serial çəkmək üçün nə lazımdır? Normal ssenari, yaxşı maliyyə, yoxsa peşəkar şəxslər…

– Bayaq da qeyd etdiyim kimi, serial, film, tamaşa kollektiv işlərdir. Sadaladığınız şərtlərin hamısı olduqca vacibdir. Lap əla ssenari də olsa, peşəkar çəkiliş heyəti, aktyorlar da toplaşsa, maliyə olmasa heç nə edə bilməzlər. Və ya təkcə maliyyə olsa, o birilərindən heç biri, nəsə çəkəcəklər, ortalığa çıxan isə elə “nəsə” olacaq. Buna görə də, hamısı bir araya gəlməlidir ki, serial çəkmək mümkün olsun. Hər halda mən belə düşünürəm.

– Bildiyimə görə, bu, sizin ilk ssenari işinizdir. Ona qədər siz yazıçı-tərcüməçi kimi tanınmısınız. Hekayələr və tərcümə kitablarının müəllifisiniz.

– Bəli, yaradıcılığa şeirlə başlamışam. Gövhər Həsənzadə şeilərimə mahnı bəstələyib. “Yağış olmaq istəyirəm” adlı kitabım da çap olunub. Amma bunlara baxmayaraq, yaradıcılığımın müəyən bir püxtələşmə dönəmində özümü poeziyada yox, prozada görməyə başladım. İndiyə kimi bir çox povest və hekayələrim işıq üzü görüb. Romanımla bağlı müəyyən qeydlər aparıram. O ki qaldı tərcüməyə… Dilimizə yeddi kitab tərcümə etmişəm. Onlardan sonuncusu Efron Ariadnanın anası, gümüş dövru rus ədəbiyyatının məşhur şairi Marina Svetayevaya həsr etdiyi “Mənim anam – Marina Svetayeva” kitabıdır. Dövrü mətbuatda da mütəmadi olaraq çap olunuram. “Uçurum” isə mənim ilk ssenari işimdir. Əslində, ilkin mərhələdə çox həyəcanlı idim. Bu qədər maraqla qarşılanması, uğur qazanması məni hədsiz sevindirdi. Ancaq bunu deyə bilərəm ki, bu işimlə fəxr edirəm.

Bahar RÜSTƏMLİ

AzNews.az