Çünki mən idarə edilməyi deyil, idarə etməyi sevirdim Çünki mən idarə edilməyi deyil, idarə etməyi sevirdim
  • Hadisə
  • 6 May 2019 17:34
  •  12 819

Düşünürdüm ki, hansısa bir şirkətdə sıradan işçi olaraq çalışa bilmərəm - Aysel Məmmədova

Çünki mən idarə edilməyi deyil, idarə etməyi sevirdim

AzNews.az-ın “Xeyirli olsun” layihəsinin bu dəfəki müsahibi “Edu Colour” yaradıcılıq və inkişaf mərkəzinin icraçı direktoru Aysel Məmmədovadır.

- Özünüzü təqdim edin.

- Mən Aysel Məmmədova. 2012-ci ildə Azərbaycan Texniki Universitetin elektrotexnika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasına qəbul olmuşam. O sistemdə təhsilimi cəmi bir il davam etdirdim. İkinci kursa başlayanda Təhsil Nazirliyinin “SABAH” layihəsinə qoşulub, təhsilimi "Sabah" qruplarında davam etdirdim. Mən "Sabah" qruplarının ilk məzunlarındanam. Hal-hazırda Azərbaycan Texniki Universitetdə magistr təhsili alıram. “Edu Colour” yaradıcılıq və inkişaf mərkəzinin icraçı direktoruyam.

- Bu mərkəzi yaratmaq necə ağlınıza gəldi?

- Mən hər zaman düşünürdüm ki, hansısa bir ofisdə və ya şirkətdə sıradan işçi olaraq çalışa bilmərəm. Çünki mən idarə edilməyi deyil, idarə etməyi sevirdim. Buna görə də düşünürdüm ki, öz layihəmi, işimi qurmalıyam. Düşünürdüm ki, mən fərqli nəsə etməliyəm, hamı kimi olmamalıdır. Daha sonra bu layihə ağlıma gəldi və üzərində işləməyə başladım. Artıq 4-cü kursun əvvəlində layihəmi Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinə təqdim etdim. Həmin dövrdə bilmirəm bu, mənim qarşıma çıxan şans idi, yoxsa xoş bir təsadüf. Onlar da ümumtəhsil müəssisələri ilə işləyə biləcək gənclər axtarışında idilər.

- “Edu Colour” haqqında bizə məlumat verə bilərsinizmi?

- "Edu Colour kurs deyil, yaradıcılıq və inkişaf mərkəzidir. Bu adın üstündə əslində uzun müddət işləmişəm. Mərkəzdə idman sahələri və tədrislə bağlı kurslar təşkil oldunduğu üçün təkcə kurs adlandırıla bilməzdi. Biz hazırda Nizami və Suraxanı rayonları üzrə ümumtəhsil müəssisələrində fəaliyyət göstəririk. Bizim əsas məqsədimiz məktəbliləri məktəb daxilində asüdə vaxtlarının daha səmərəli təşkili üçün müxtəlif fəaliyyətlərə cəlb etmək və inkişaf etdirməkdir. Bildiyiniz kimi məktəblərdə bütün valideynlərin maddi imkanları eyni deyil. Bəziləri övladlarını dəsrdən sonra rəqsə, rəsm və başqa dərnəklərinə göndərə bilir, bəzilərinin isə buna imkanı çatmır. Biz daha uyğun qiymətə bu işləri görürük. Sadə bir misal çəkim ki, “Mental arifmetika” adlandırılan sürətli hesablama proqramı var. Azərbaycanda bu hesablama proqramını öyrədən məktəblər var ki, qiymət aralığı 120-150 manat arasında dəyişir. Biz bu proqramı tədris etmək üçün xüsusi müəllimlər tapmışıq və həmin kurslardan daha münasib qiymətə tədris edilir.

- Ümumtəhsil müəssisələrindən ayrı fəaliyyət göstərməyi düşünürsünüzmü?

- Bunu əslində düşünürəm. Çünki təhsil müəssisələrində bəzi şeyləri edə bilmirik. Sırf bunları rahat tədris edə bilmək üçün kənarda da fəaliyyətimizə başlayacağıq. Yenə bu layihə davam edəcək, biz ümumtəhsil müəssisələrində fəaliyyət göstərəcəyik, hətta ərazimizi genişləndirməyi də düşünürəm.

- Hansı bölmələriniz var?

- Biz layihəyə başlayanda ilk düşündüyümüz bu idi ki, məktəblərdə şagirdlərin hansı sahədə boşluqları var idisə onu dolduraq. Bakı şəhərində 317 ümumtəhsil müəssisəsi var və hər birində təhsil səviyyəsi eynidir deyə bilmərik. Biz gördük ki məktəblərdə şagirlərin dil ilə bağlı ciddi problemləri var. Məktəbdə dil tədris olunur, amma sinifdə şagirdlərin bəziləri ən elementar sözləri belə ingilis dilində bilmirlər. Bizdə əsas rus və ingilis dilləri tədris olunur. Bir müddət sonra fransız və alman dillərinin də tədrisinə başlayacağıq. Daha sonra rəsm dərnəkləri, mental arifmetika, məntiq və idman dərnəkləri təşkil etmişik.

- Məktəbdə müəllimlər ilə problemlər yaşayırsınızmı?

- Yox, çox da böyük problemlər yaşamırıq. Nəsə problem olanda da bu birbaşa mənimlə həll edilir. Əvvəllər kiçik problemlər yaşadığımız müəllimlərimizin çoxu ya nəvələrini, ya övladlarını gətirib bizim dərnəklərimizə yazdırırlar.

- Valideynlərin xüsusi istəkləri olurmu?

- Təbii ki, olur. Biz çalışırdıq ki, məktəbdə zəif tədris olunan fənnlərin üstünə düşək. Bir qrup valideyn bizə yaxınlaşaraq ibtidai sinif şagirdlərinə dərsdən sonra ev tapşırıqlarını həll etməyə kömək etməyimizi istədilər. Biz bunu nəzərə aldıq və hazırda məktəblərdə ibtidai siniflərə də hazırlıqlar keçirik.

- “Edu Colour”u yaradanda valideynlərinizin reaksiyası necə oldu?

- Bizim evdə hər kəs bilir ki, mən bir şeyi etmək istəyirəmsə, mütləq edirəm. Hər zaman istədiyimi əldə edirəm. Buna görə də qəti narazılıq etmədilər. Anam mənə çox dəstək oldu hər zaman, hələ də olur.

- Yalnız uşaqlar üçün fəaliyyət göstərirsiniz?

- Əslində biz ümumtəhsil məktəblərinin tərkibində olduğumuz üçün şagirdlər üçün fəaliyyət göstəririk. Amma valideynlər də artıq bizə müraciət edir, onların maraq dairəsinə uyğun təlimlər təşkil etməyimizi istəyirdilər. Biz də bir müddət əvvəl bunu etdik. Qadınların əsas problemlərindən biri şəxsi inkişafdır.

- Gənclərə nələr demək istəyərdiniz?

- Gənclərimizin bir çoxunda bu düşüncə var ki, universitetə girdikdən sonra bütün problemlər və çətin günlər bitir. Universitetə girənə qədər o qədər özlərini yorurlar ki, girdikdən sonra çəkilib otururlar qıraqda. Öz təcrübəmdən deyə bilərəm ki, əsas gücünüzü universitetə girdikdən sonra xərcləyin. İnkişaf etməyə, çoxlu dil öyrənməyə, kompüter biliklərinə yiyələnməyə çalışsınlar. Universitet insanlarda mühitlə işləmək bacarığı formalaşdırır, sosial həyatın nə olduğunu öyrədir.

- Yeni layihələriniz varmı?

- Bəli var. Hazırda magistratura təhsilimin bitməyini gözləyirəm. Ondan sonra işlərimlə bağlı dəyişikliklər edəcəm. Təhsil aldığıma və vaxt çatdırmadığıma görə bəzi şeylər var idi ki, onları edə bilmirdim. İndi isə o işlərimi birinci plana keçirəcəyəm.

Nigar Cəfər

AzNews.az

image description image description image description image description image description image description image description image description image description