"Öz səhvi olsa belə qarşısındakının üzünə durar ki, mən yox, sən səhv eləmisən" "Öz səhvi olsa belə qarşısındakının üzünə durar ki, mən yox, sən səhv eləmisən"

Tramp düşünmədən danışır - Britaniyalı qız

"Öz səhvi olsa belə qarşısındakının üzünə durar ki, mən yox, sən səhv eləmisən"

AzNews.az-ın “30 Altı” layihəsinin bu həftəki müsahibi “Joseph Academy”nin rəhbəri Sharon Josephdir.

Britaniya vətəndaşıyam, hazırda Maltada yaşayıram. Hüquq və biznes menecmenti fakültəsini bitirmişəm. Bundan əlavə, İngiltərədə tibb üzrə təhsil almışam. Maltada şəxsi onlayn biznesimi, “Joseph Academy”ni yaratmışam.

- Əvvəlcə işiniz barədə məlumat verməyinizi xahiş edərdik…

- Onlayn olaraq biznes qurmaq, biznes startap yaratmaq, karyerasında irəliləmək istəyənlərə yol göstərirəm. Eyni zamanda biznes ingiliscəsini inkişaf etdirmək niyyətində olanlara yardım edirəm.

- İki təhsilinizin olduğunu dediniz, heç ixtisasınız üzrə çalışmamısınız?

- Böyük Britaniyada universiteti bitirən kimi Amerikaya getmişəm. Arnold Şvarseneggerin Kaliforniya qubernatoru olduğu dövrdə, Barak Obamanın prezidentliyi dönəmində Birləşmiş Ştatlarda işləmişəm. Hüquq və biznes menecmenti fakültəsini bitirdiyim üçün hüquq məsələləri üzrə yardımçı kimi çalışırdım.

- Bu məşhurlarla şəxsən görüşmək imkanı əldə edə bilmisiniz?

- Təəssüf ki, görüşmək imkanım olmayıb. ABŞ-da federal hökumət və Senat hər ştata görə fərqli olur. Kaliforniya ştatında, Senat ofisində işlədiyimə görə görüşə bilməmişik. Arnold Şvarsenegger aktyor kimi məşhur idi, amma siyasi fəaliyyətdə respublikaçı idi. Kaliforniya ştatı isə daha çox demokratlardan ibarət olduğuna görə, Şvarsenegger respublikaçı kimi o qədər də şöhrət qazana bilmədi.

- Barak Obama ilə ABŞ-ın hazırki prezidenti Donald Trampı müqayisə etsəniz, hansı fərqləri qeyd edə bilərsiniz?

- Obama ABŞ tarixində ilk qaradərili prezident idi. Ona görə də onun prezident seçilməsi sensasiyaya səbəb oldu. O, hakimiyyətə gələndə, Amerikanın daha yaxşı olacağına, daha yaxşı inkişaf edəcəyinə dair vədlərini reallaşdıra bildi. Amerikada hər hansı bir qanunun qəbulu uzun prosedurlardan keçir, hər iki palatada qəbul olunduqdan sonra qüvvəyə minir. Amma Obama həyata keçirmək istədiyi bəzi qanunlar üçün hər iki palatadan dəstək ala bilmirdi, biri təsdiq edəndə, digəri etmirdi. Onun həyata keçirmək istədiyi daha çox qanunlar var idi və işinə daha çox ürəyini qoyurdu, canla-başla görməyə çalışırdı. Bunlar mənim şəxsi müşahidələrimdir.

- Bəs Tramp necə?

- Trampa gəlincə, o, hakimiyyətə gəldikdən sonra hamı düşündü ki, bu siyasətçi deyil, biznesmendir və dəyişikliklər daha çox olacaq. O, həm milyonçudur, böyük biznes mərkəzi, məşhur ailəsi var. Tramp prezident seçildikdən sonra vəziyyət insanların düşündüyü kimi olmadı, onların gözləntiləri doğrulmadı. Aradan uzun müddət keçməyib, onun cəmi iki illik fəaliyyətinə görə mühakimə yürütmək çətindir. Bundan əlavə, Tramp düşünmədən danışır, ancaq bilmir ki, fikirləri kimisə incidə bilər. Öz səhvi olsa belə qarşısındakının üzünə durar ki, mən yox, sən səhv eləmisən. Sanki siyasət yox, siyasət oyunlarının şahidi oluruq.

- Qayıdaq işinizə...

- Üç istiqamətə daha çox köklənmişik:

Biznes yaratmaq istəyənləri yönləndiririk.

Karyera qurmaq istəyənlərə CV-lərin hazırlanması, karyera qurmanın sadə növləri və s. haqda məlumatlar veririk.

Şəxsi inkişaf üşün zamanın idarə olunması, konfliktin çözülməsi və s. kimi məsələlərdə yardımşı oluruq.

- Köməkçiləriniz varmı, yoxsa tək işləyirsiniz?

- Mənimlə birlikdə 3 nəfər çalışır. Bir xanım işçimiz sosial media üzrə menecerdir. Bildiyiniz kimi hazırda sosial media olduqca önəmlidir, hər şey bu platformada baş verir. Digər işçi müxtəlif videoların, fotoların hazırlanmasında yardım edir.

- Gənclərin biznesə maraqları barədə nə deyə bilərsiniz?

- Universitetdə gənclərin biznesə olan maraqlarından nəticə çıxararaq demək istəyirəm ki, indiki gənclərin biznesə olan maraqları da dəyişib. Biznes dediyimizdə ağlımıza ilk növbədə mağaza, onun fiziki yeri olan bina və tikili gəlir. İndi onlayn biznes qurmaq daha asandır, istənilən platformalarda istədiyin biznesi qura bilərsən. Gənclər isə buna daha çox açıqdır. Demək olar ki, bütün gənclər sosial mediadan istifadə qaydasını bilir, ona görə də özləri üçün istənilən onlayn biznesi qura bilərlər.

- Azərbaycan haqda fikirləriniz nədir və ölkəmizin adını haradan eşitmisiniz?

- Hələ bir neçə gündür burdayam. Demək olar ki, çox yeri gəzməmişəm. Gəzdiyim, gördüyüm yerlər haqda onu deyə bilərəm ki, Azərbaycan çox gözəldir, insanları çox mehriban, qonaqpərvərdir. Vegetarian olduğum üçün milli mətbəxin dadına baxmamışam, ancaq ətsiz yeməklərinizdən yemişəm. Rəfiqəm Leyla azərbaycanlı olduğu üçün ölkəniz haqqında ondan eşitmişəm. Tətil planları quranda heç düşünmədən Bakıya gəlməyi seçdim və seçimimdə yanılmadım. Qədim və müasir komponentləri özündə birləşdirən Bakıya heyran qaldım. Maltaya qayıdanda əcnəbi rəfiqələrimə istirahət üçün Bakıya üz tutmağı məsləhət görəcəyəm.

Səidə Vahid

AzNews.az

image description image description image description