Musavat.com: "Aslan İsmayılov öz günahlarını ört-basdır etmək üçün şantaja əl atır"

Təki həqiqət üzə çıxsın, ədalət zəfər çalsın

1988-ci ilin fevralında baş verən Sumqayıt hadisələrinə dair mübahisələr zaman-zaman qızışdığı kimi, baş verən hadisənin mühakiməsi də vaxtaşırı polemika predmeti olur. Bu, xüsusilə də o vaxt baş verir ki, Sumqayıt hadisələrinin mühakiməsində iştirak edənlərdən hansısa biri özünü təmizə çıxarmaq istəyərkən başqalarını təqsirkar kimi göstərməyə çalışır.

Belə mübahisələrdən biri də illər öncə vəkil Aslan İsmayılovla hakim Mansur İbayev arasında olmuşdu. Qeyd edək ki, M.İbayev Sumqayıtda cinayət törətməkdə təqsirkar hesab edilənləri mühakimə edərkən, Aslan İsmayılov da həmin prosesdə dövlət ittihamçısı olub.

10 il öncə A.İsmayılovun həmin hadisələrlə bağlı qəzetimizə verdiyi müsahibədən sonra M.İbayev söhbətdə bəhs edilənlərdən narazı qalmış və redaksiyamıza aşağıdakı məzmunda açıqlama göndərmişdi. Musavat.com həmin açıqlamanı təkrarən çap edir.

***

“Yeni Müsavat” qəzetinin 28 fevral 2010-cu il tarixli nömrəsində “Aslan İsmayılov tarixi gizlinləri açdı” başlığı altında yazı verilmişdir. Həmin yazı tamamilə yalan, böhtan, əsası olmayan, məntiqsiz uydurmalarla yazılmışdır.

Yazının əvvəlində qeyd olunur ki, Sumqayıt hadisələri ilə bağlı cinayət işinə Aslan İsmayılovun dövlət ittihamçısı kimi iştirakı ilə, son illərdə məşhur olmuş hakim Mansur İbayevin sədrliyi ilə baxılmışdır. Görünür, Mansur İbayevin məşhur hakim olması prokurorluq orqanlarından qovulmuş A.İsmayılovu və qeyrilərini narahat edir, bu paxıllıq hissi onlara rahatlıq vermir.
Həmin yazıda göstərilir ki, hakim M.İbayevin ermənilərə necə dəstək verməsi faş olundu. Guya, bu dəstəyi A.İsmayılov faş etmişdir. Gəlin kimin ermənilərə dəstək verməsini küçə söhbətləri ilə deyil, iş materialları əsasında rəsmi sənədlər və faktlarla müəyyən edək.

Birinci növbədə Aslan İsmayılovun həmin işdə keçən azərbaycanlılara tələb etdiyi cəzanı və məhkəmənin təyin etdiyi cəzanı diqqətə çatdıraq. Onda kimin ermənilərə dəstək verməsi tam aydın olacaq.

İşin məhkəmə baxışının yekununda Aslan İsmayılov ittiham nitqində işdə keçən azərbaycanlılardan Vaqif Hüseynovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi, 94-cü maddəsinin 2,6,7-ci bəndləri, 15,94-cü maddənin, 2,8-ci bəndləri, 144-cü maddənin 3-cü hissəsi və 67-ci maddə ilə, yəni kütləvi iğtişaş, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, zorlamaqla əlaqədar adamöldürmə, soyğunçuluq, xuliqanlıq niyyəti ilə, xüsusi təhlükəli residivist tərəfindən adam öldürməyə cəhd və milli və irqi hüquq bərabərliyini pozmaqda təqsirli bilib ölüm cəzasına – güllələnməyə məhkum edilməsini tələb etmişdir. Məhkəmə isə Vaqif Hüseynovu Azərbaycan Respublikası Cinayət Məcəlləsi 72 və 144-cü maddənin 3-cü hissəsi ilə kütləvi iğtişaş və soyğunçuluqda təqsirli bilib 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.

Buyurun, hörmətli oxucular. Aslan İsmayılovun Sumqayıt hadisələri ilə bağlı azərbaycanlılara olan mövqeyini, ermənilərə dəstək verməsini özünüz mühakimə edin.

Aslan İsmayılov həmin işdə Nadir Nəcəfovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi, 144-cü maddəsinin 3-cü hissəsi, 109-cu maddənin 3-cü hissəsi, 94-cü maddənin 2,6,7-ci bəndləri və 67-ci maddəsi ilə təqsirli bilinib 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini tələb etmişdir. Məhkəmə isə N. Nəcəfovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi və 144-cü maddənin 3-cü hissəsi ilə təqsirli bilib 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.

Bu qaydada Aslan İsmayılov həmin iş üzrə Qalib Məmmədovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi, 109-cu maddəsinin 3-cü hissəsi, 144-cü maddənin 4-cü hissəsi, 145-ci maddənin 1,2,8-ci bəndləri və 67-ci maddəsi ilə təqsirli bilib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini tələb etmişdir. Məhkəmə isə Q. Məmmədovu Azərbaycan Respublikası Cinayət Məcəlləsi 72-ci maddəsi və 144-cü maddənin 3-cü hissəsi ilə təqsirli bilib ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

Aslan İsmayılov həmin iş üzrə Nizami Səfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsi 72-ci maddəsi, 109-cu maddənin 3-cü hissəsi, 94-cü maddənin 2,6,7-ci bəndləri, 144-cü maddənin 3-cü hissəsi, 144-cü maddənin 4-cü hissəsi, 145-ci maddənin 2-ci hissəsinin 1,2,8-ci bəndləri və 67-ci maddəsi ilə təqsirli bilib 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb etmişdir. Məhkəmə isə Nizami Səfərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi, 109-cu maddənin 3-cü hissəsi və 144-cü maddənin 3-cü hissəsi ilə təqsirli bilib ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir.

Əfsər İsayevi Azərbaycan Respublikası Cinayət Məcəlləsi 72-ci maddəsi ilə, 109-cu maddənin 3-cü hissəsi və 94-cü maddənin 2,6,7-ci bəndləri ilə təqsirli bilib 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etməyi tələb etmişdir. Məhkəmə isə Əfsər İsayevi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi ilə təqsirli bilib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.

Aslan İsmayılov bütün hallarda ermənilərin öldürülməsini azərbaycanlılar Vaqif Hüseynovun, Nadir Nəcəfovun, Nizami Səfərovun, Əfsər İsayevin üzərinə qoyaraq onları Azərbaycan Respublikası Cinayət Məcəlləsi 94-cü maddəsinin 2,6,7-ci bəndləri ilə təqsirli bilib ittiham etmişdir. Məhkəmə isə bu ittihamları əlavə ibtidai istintaqa qaytarmışdır.

Hörmətli oxucular, yuxarıda göstərilən fakta diqqət yetirib, ermənilərə dəstək verənin kim olmasını müəyyən etmək çətin deyil. Sumqayıt hadisəsinin təşkili və təşkilatçıları ermənilər olduğu halda, bunu ört-basdır edib, etmədikləri cinayətləri də yuxarıda göstərilən azərbaycanlıların üzərinə qoyub onlara ədalətsiz, qəddarlıqla ağır cəzalar tələb etmək Aslan İsmayılovun ermənilərə dəstək verməsi deyilmi?

Yazıda göstərilir ki, guya, mən A. İsmayılova demişəm ki, mənim işlə tanış olmağa vaxtım olmayıb, o, (A. İsmayılov) işi yaxşı öyrənsin, prosesdə nə desə o da olacaq. Bu, çox gülünc fikirdir. Ona görə ki, qanunla hakimə baxacağı işlə tanış olmaq üçün kifayət qədər vaxt verilir. İşlə tanış olmadan heç bir hakim məhkəmə prosesinə çıxa bilməz və işə baxa bilməz. Bundan əlavə, məhkəmə prosesində ittihamçı hakimə nə deyə bilər və hakim ona nə vəd verə bilər. Hər bir hüquqşünas yaxşı bilir ki, məhkəmədə sədrlik edənin, ittihamçının, müdafiəçinin və prosesin digər iştirakçılarının qanunla müəyyən edilmiş prosessual hüququ vardır, prosesdə də qanunda nəzərdə tutulmuş qaydada fəaliyyət göstərirlər. Daha burada kimin kimə nə deyəcəyinə ehtiyac yoxdur. Bəlkə A. İsmayılov vəd dedikdə fikirləşmiş ki, məhkəmə onun tələb etdiyi qondarma ittihamları və ədalətsiz cəzaları təkrar edib, azərbaycanlılara divan tutub Sumqayıt hadisələrini onların üzərinə qoyub həmin hadisələri ermənilərin təşkil etməsini tarixdən siləcək. Lakin belə olmadı, məhkəmə Sumqayıt hadisələrini ermənilərin təşkil etməsini əbədi tarixə yazdı.

Yazıda A. İsmayılova istinad edilərək göstərilir ki, işin istintaqında iştirak edən azərbaycanlı müstəntiq İ.Xəlilov ona (A.İsmayılova) deyib ki, işin istintaqında o, epizodik olaraq iştirak etmişdir. Ona görə də təşkilatçının tapılmaması ilə bağlı suallara cavab verə bilməyəcək, bu işi milliyyətcə rus olan, DTK-da müstəntiq işləyən bir nəfər yaxşı bilir. O, (A.İsmayılov) İ.Xəlilovun köməkliyi ilə həmin müstəntiqlə görüşüb, şam yeməyinə dəvət edib, yeyib-içiblər və bir-biri ilə professionallıqdan danışıblar. Bizim hüquq-mühafizə işçiləri içəndə var-dövlətdən, ruslar isə peşəkarlıqdan danışırlar. Bir az içdikdən sonra ona deyib ki, bu işin təşkilatçılarını görməyib? O isə cavab verib ki, bilib, qrupun rəhbəri Qalkinə deyib, Qalkin ona imkan verməyib.

Çox yaxşı, məhkəmədə ittihamçı kimi çıxış edən A.İsmayılov eyni zamanda əməliyyat işi də aparıb, müstəntiqi tapıb, içirdib, ondan təşkilatçılar barədə söz alıb. Onda sual olunur: O müstəntiq kimdir? Niyə adını və soyadını demir? Əgər bu düzdürsə hansı DTK-nın müstəntiqidir? A. İsmayılov nə tədbir görüb, niyə məhkəmədə vəsatət qaldırıb, onun dəvət edilib dindirilməsinə, təşkilatçının müəyyən edilməsinə nail olmayıb? Axı bu onun ittihamçı kimi vəzifəsidir. Niyə bu barədə rəhbərliyinə, DTK-nın rəhbərliyinə raport verməyib, bunu gizlədib, 22 ildən sonra deyir? Doğrudanmı DTK-nın müstəntiqi elə aciz, sadəlövh adamdır ki, elə tanış olan kimi A. İsmayılov onu aldadıb aparıb, içirdib, ondan söz alıb. Axı, o müstəntiq kimdir, dediyi doğrudursa, niyə adını və soyadını demir?

Yazıda A. İsmayılovun adından göstərilir ki, E. Qriqoryan DTK-nın əlaltısı olub, məhkəmə prosesini izləyən Ali Məhkəmənin katibləri və referentlərindən ikisi ona (A.İsmayılova) deyib ki, bir nəfər şübhəli adam daim E.Qriqoryana yaxınlaşır, nə isə deyir. O, (A.İsmayılov) bu məlumatı alandan sonra, ona həmin adamı göstəriblər, o da yaxınlaşıb özünü təqdim edib, həmin adam da ona vəsiqə göstərərək Azərbaycan DTK-nın əməkdaşı olmasını deyib, milliyyətcə erməni, soyadı Çaturyan olub. O, həmin adamdan əl çəkməyib, iki gəncin köməyi ilə onu Ali Məhkəmənin sədri Hüseyn Talıbovun yanına aparıb, əhvalatı danışıb, həmin şəxsi ona təhvil verib, daha nə olduğunu bilməyib.

Əvvəla, Hüseyn Talıbov (o, hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimidir) bu yazını oxuyub, buna yəqin ki, açıqlama verəcəkdir.

Bundan əlavə, A.İsmayılov Respublika Prokurorluğunun ittiham idarəsinin prokuroru kimi öz vəzifəsini bilmirdimi? Əgər dediyi doğrudursa, belə halda o nə etməlidir? O, niyə həmin şəxsi və əməllərini müəyyən etdiyi halda ona kömək edənlərin (adlarını göstərmir) köməyi ilə həmin şəxsi ona göstərən katibləri və referentlərin (həmin vaxt Ali Məhkəmədə referent ştatı olmayıb) iştirakı ilə bunu sənədləşdirmirdi, aidiyyəti üzrə inzibati orqanlara vermirdi? Öz rəhbərliyinə, DTK-nın rəhbərliyinə demirdi, yazılı şəkildə sənədləşdirib təqdim etmirdi? Axı bu məsələnin həlli bilavasitə onlara aid idi! Bundan əlavə, həmin vaxt E. Qriqoryan həbsdə idi. O, ciddi mühafizə altında idi. Özünün (A.İsmayılovun) dediyi kimi, iş də haylı-küylü iş idi. Ona görə də mühafizə gücləndirilmişdi. A.İsmayılov bu məlumatı aldıqdan sonra niyə həmin adamın E.Qriqoryanla necə görüşməsini izləyib, müəyyən etməyib, sənədləşdirməyib, əgər mühafizə dəstəsi, komandiri buna şərait yaradıbsa, onlar barədə tədbir görməyib? Axı prokurorun nəzarət səlahiyyəti var! Əgər belədirsə, niyə bunu gizlədib, 22 ildən sonra deyir? Onun bu hərəkəti ermənilərin cinayətkar fəaliyyətini gizlətmək deyilmi? Əgər düz deyirsə, bəlkə elə həmin erməni Sumqayıt hadisələrinin təşkilatçılarından biri olub, A. İsmayılov isə bunu gizlədib!

A.İsmayılov hətta vəzifəli şəxslərə və mətbuata da böhtan ataraq deyir ki, o, əksər vəzifəli şəxslərin yanına gedib, lakin ona kömək edən olmayıb, mətbuatda bunu işıqlandırmayıb. Doğrudan da, A.İsmayılov bu işlə əlaqədar vəzifəli şəxslərin yanına gedibsə, kimin yanına getməsini, nə deməsini və nə cavab almasını açıqlamır.

Bundan əlavə, mətbuat orqanı da Sumqayıt hadisələrinə biganə qalmayıb, işıqlandırıb! Bu barədə məhkəmə prosesində iştirak edən jurnalist Q.Əzizxanlı özünün “Seçilmişlər və mən” adlı kitabçasında ətraflı işıqlandıraraq A.İsmayılovun dövlət ittihamçısı kimi azərbaycanlılara qəddarlıqla tələb etdiyi ağır cəzaları və məhkəmənin təyin etdiyi cəzaları ətraflı müqayisəli şəkildə şərh etmişdir. Həmin yazıda da göstərilir ki, A.İsmayılovun tələb etdiyi cəzalardan onun azərbaycanlılara olan “canıyananlığı” açıq-aydın hiss olunur.

Yazıda A.İsmayılov göstərmişdir ki, işdə keçən təqsirləndirilən şəxslərdən E.Gəncəliyev məhkəmə zalında ölüb. Bu da tamamilə yalandır. E.Gəncəliyev xəstələnmiş və bu barədə məhkəməyə bildirmişdir. Ona görə də ona tibbi yardım göstərilməsi və müalicə edilməsi üçün DİN-in xəstəxanasına yerləşdirilmişdir. Orada bir müddət müalicə olunmasına baxmayaraq vəfat etmişdir. Bu barədə xəstəxanadan məhkəməyə rəsmi akt daxil olmuşdur və həmin akt işə əlavə edilməklə yekunda onun haqqında ittihama xitam verilmişdir.

A.İsmayılov hətta göstərir ki, o zaman ona Respublika Prokurorluğundan E.Qriqoryana 15 il azadlıqdan məhrumetmə cəzası tələb etməyi tapşırmışlar. O isə E.Qriqoryana ölüm cəzası tələb etmişdir. A. İsmayılov birgə işlədiyi prokurorluğun rəhbərliyini və işçilərini yaxşı tanıyırdı, əgər doğrudan da ona belə bir tapşırıq verilmişdirsə həmin şəxsin adını niyə demir?
İşdən göründüyü kimi, məhkəmədə müəyyən edilmişdir ki, Sumqayıt hadisələrinin törədilməsi, kütləvi iğtişaş, ermənilərin öldürülməsi, öldürməyə sui-qəsd, soyğunçuluq və s. cinayətlərin törədilməsinin təşkilatçıları azərbaycanlılar deyil, ermənilər olmuşdur. Hətta, bu barədə Ermənistan Milli İstiqlaliyyət Birliyinin nümayəndələri M.Yermakyan və M.Zurabyan qətiyyətlə bildirmişlər ki, 28-29 fevral 1988-ci il Sumqayıt hadisələrinin təşkilatçıları azərbaycanlılar deyil. Onlar demişlər ki, “bizim əlimizdə faktlar və sübutlar var” (aprel KİRU, jurnalist, Fransa). Lakin istintaq orqanı nə E.Qriqoryana, nə də digər təşkilatçı ermənilərə təşkilatçılıq ittihamı verməmişdir. Beləliklə, ermənilərin və E.Qriqoryanın həmin hadisələrin törədilməsində təşkilatçılığı ört-basdır edilmişdir. Ona və digər azərbaycanlılara kütləvi iğtişaşlar törətmək, ermənilərin öldürülməsi, öldürməyə sui-qəsd, quldurluq, soyğunçuluq, zorlama və s. ittihamları verilmişdir. İttihamçı A.İsmayılov da bu mövqedə duraraq verilmiş ittihamı müdafiə edib əsassız olaraq ədalətsiz cəzalar tələb etmişdir.

Məhkəmə isə E.Qriqoryana zorlama cinayət əməlinə görə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası və cəzasını ciddi rejimdə çəkmə təyin etmişdir, onun və digər ermənilərin Sumqayıt hadisələrini təşkil etmələri, təşkilatçılarının müəyyən edilməsi üçün işin qalan hissəsini əlavə ibtidai istintaqa qaytarmışdır ki, həbsdə olan E.Qriqoryanın haqqında ətraflı istintaq əməliyyat işi aparmaqla onun vasitəsilə digər erməni təşkilatçılarının müəyyən edilib məhkəməyə verilməsinə nail olsunlar. Bu barədə məhkəmə rəsmi qərar çıxarmışdır və həmin qərar əldədir. Əgər belə qərar qəbul edilməsəydi həmin hadisələri ermənilərin törətməsi, təşkil etməsi faktı tarixdə açılmamış qalacaqdı.

Lakin tarix heç nəyi unutmur. Həmin işə məhkəmədə baxılan vaxt hələ SSRİ-nin hakimiyyəti dövrü idi. İşin istintaqını da SSRİ Prokurorluğunun İstintaq İdarəsi aparmışdı. Həmin vaxt yuxarıda göstərilən vəziyyəti müəyyən edib, istintaqa qaytarmaq o qədər də asan məsələ deyildi. Bu, böyük cəsarət tələb edirdi. Buna baxmayaraq, məhkəmə bu barədə apardığı istintaqın obyektiv olmadığını, birtərəfli və ədalətsiz aparıldığını müəyyən edərək, işin bu hissəsini (E.Qriqoryanın və digər ermənilərin Sumqayıt hadisələrini təşkil etmələrini, təşkilatçıların müəyyən edilib məhkəməyə verilməsi üçün) əlavə ibtidai intintaqa qaytardı. Məhkəmənin qərarı ilə Sumqayıt hadisələrinin təşkilatçısının ermənilər olması tarixdə qaldı.

A.İsmayılov elə başa düşür ki, hadisədən 22 il keçib, yəqin ki, heç bir iz qalmayıb. Ona görə də hər cür yalan, böhtan desə keçər. Lakin o bilmir ki, məhkəmənin hökmü və qərarı onun o vaxt yazdığı cızma-qara saralmış kağız deyil, dövlət adından çıxarılan rəsmi sənəddir və həmişə saxlanılır. Məhkəmənin həmin hökm və qərarından protest və şikayət verilməmişdir.
Görünür, A.İsmayılov həmin işdə ittihamın müdafiəsini öz üzərinə götürəndə verilmiş ittihamı müdafiə edib məhkəmədə tam həcmdə ittiham hökmü çıxarılmasına nail olacağına söz vermişdir. Ona görə də məhkəmədə çıxış edərkən istintaq orqanının verdiyi əsassız, ədalətsiz, qeyri-obyektiv, qərəzli ittihamı tam həcmdə müdafiə edərək işdə keçən azərbaycanlılara olduqca ədalətsiz, son dərəcə ağır cəzalar tələb etmişdir.

Lakin məhkəmə onun tələb etdiyi ədalətsiz, əsassız ittihamları və cəzaları alt-üst edərək hökm və qərar çıxardıqdan sonra A.İsmayılov vəd verdiyi qərəzli istintaq aparmış yuxarı prokurorluq qarşısında pis vəziyyətdə qaldığı üçün həmin vaxtdan da narazılıq əlaməti olaraq mənimlə münasibəti kəsmişdir. Mənim də onunla münasibət yaratmağa ehtiyacım və meylim olmamışdır. Təki həqiqət üzə çıxsın, ədalət zəfər çalsın.

Mansur İBAYEV,

Sumqayıt hadisələri barədə olan cinayət işinə baxmış hakim