“İnfrastruktur” və “Biznesin dinamikliyi”ndə də irəli mövqelərdə qərarlaşıb “İnfrastruktur” və “Biznesin dinamikliyi”ndə də irəli mövqelərdə qərarlaşıb

Azərbaycan MDB-də liderdir - “İnternet istifadəçiləri” göstəricisinə görə

“İnfrastruktur” və “Biznesin dinamikliyi”ndə də irəli mövqelərdə qərarlaşıb

Dünya İqtisadi Forumu 2018-ci il üzrə “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nı (“The Global Competiviness Report 2018”) dərc edib.

AzNews.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, hesabat yeni metodologiya (yeni nəsil “4.0”) əsasında hazırlanıb. Hesabatda əvvəlki hesabatın 114 göstəricisindən 84-ü çıxarılıb və 68 yeni göstərici əlavə edilib. Ümumilikdə, hesabatda 98 göstərici üzrə qiymətləndirmə aparılıb.

Yeni hesabata əsasən, “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”ndə Azərbaycan 140 ölkə arasında 69-cu yerdədir. Bu indeks üzrə ABŞ 1-ci yeri, Sinqapur 2-ci yeri, Almaniya isə 3-cü yeri tutub. İsveçrə, Yaponiya, Hollandiya, Honkonq, Böyük Britaniya, İsveç və Danimarka kimi ölkələr isə ilk onluqda qərarlaşıb.

Azərbaycan hesabatın “Əlverişli mühit” (Enabling Environment) bölməsinin “İnstitutlar” (İnstitutions) göstəricisi üzrə 58-ci, İnfrastruktur (İnfrastructure) göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi (ICT adoption) göstəricisi üzrə 69-cu yerdədir.

İKT-dən istifadə səviyyəsi (ICT adoption) göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci yeri, hər 100 nəfərə düşən mobil genişzolaqlı abunəçiləri göstəricisi üzrə 88-ci yeri, hər 100 nəfərə düşən sabit genişzolaqlı internet abunəçiləri göstəricisi üzrə 53-cü yeri, hər 100 nəfərə düşən fiber-optik internet istifadəçiləri göstəricisi üzrə 55-ci yeri, İnternet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub.

“İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir.

Azərbaycan hesabatın “İnnovativ Ekosistem” (İnnovation Ecosystem) bölməsinin “Biznesin dinamikliyi” göstəricisi üzrə dünyanın 140 ölkəsi arasında 31-ci yerdə (biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-göstəricisi üzrə 17-ci, sahibkarlıq riskləri alt-göstəricisi üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-göstəricisi üzrə 25-ci yerdə), “İnnovasiya potensialı” göstəricisi üzrə isə 71-ci yeri yerdə qərarlaşıb.

“İnfrastruktur” göstəricisinin “Hava nəqliyyatında xidmətlərinin effektivliyi” (Efficiency of air transport services) alt-göstəricisi üzrə ölkəmiz 12-ci, “Qatar xidmətlərinin keyfiyyəti” (Efficiency of train services) üzrə 17-ci, “Dəmir yollarının sıxlığı” alt-göstəricisi üzrə 32-ci, “Yolların keyfiyyəti” (Quality of roads) üzrə 34-cü yeri tutub.

Qeyd edək ki, Azərbaycan “İnfrastruktur” və “Biznesin dinamikliyi” alt-göstəricilərinə görə digər MDB ölkələri ilə müqayisədə irəli mövqelərdə qərarlaşıb.

Səidə Nurməmmədli,

AzNews.az