“Mənim itim hər gün qarşılaşdığım insanlardan daha etibarlıdır” – AÇIQLAMA

Xalq artisti Səməd Səmədov ilə müğənni Nadir Qafarzadə itlərinin "evləndirməsiylə" bağlı yazılan xəbərlər ölkə mətbuatında ajiotaja səbəb olub. AzNews.az-a danışan N.Qafarzadə məsələylə bağlı haqlarında danışılan neqativ söz-söhbətlərə aydınlıq gətirməyə çalışıb: "Mənə elə gəlir ki, ağıllı və şüurlu insanlar maqazin verilişində zarafat olaraq dediyimiz bu fikri normal qəbul edəcəklər.

Hər ikimiz bunu deməklə özümüzə xoş olsun deyə, bəlkə də camaata da xoş ola bilər düşüncəsiylə söylədik. Burada qəbahət heç nə yoxdur. Məncə, ağıllı, şüurlu və savadlı insanlar bizi düzgün başa düşdülər. Bizi düzgün başa düşməyən insanlar da isə yəqin ki, problem var".

N.Qafarzadə məsələ ilə bağlı danışarkən daha bir maraqlı açıqlamasıyla diqqət çəkib. O, heyvanların "evlənməsini" böyük məmnuniyyətlə qəbul edəcəyini bildirib: "Ümumiyyətlə, heyvanların sivil şəkildə evlənməsi... mən onu böyük məmnuniyyətlə edərdim. Niyə də yox? Onlar da Allah tərəfindən yaradılan canlılardı. Heç də insanlardan əksik də deyillər. Nə üçün? Mənim evimdə olan it daha etibarlı və vəfalıdır, nəinki, hər gün qarşılaşdığım insanlar. Hətta, itin təmizliyi, özünü aparması, ayaq yolunda yerini bilməsi belə... bəzi insanlar çox şeyin yerini səhv salırlar, təmizliyə riayət etmirlər, illərcə hamam, daraq görmürlər.

Bu, mənim subyektiv fikrimdir. Heyvanları sevirəm, mənim evimdə də, bağımda da itim var. Bağımda müxtəlif heyvanlar da var. Onları sevirəm, sevəcəyəm də. Əgər, gələcəkdə belə bir şey olarsa, niyə də yox? Bu, artımdır. Təbiətdə quşlar, heyvanlar, ümumiyyətlə, canlılar olsun. Bu özü bir gözəllikdir. Qoy, gözəllik olsun! Allah da bizi yaradıb ki, onların qayğısına qalaq".

Fuad Mədətov
AzNews.az