“Bu aləmdə on nəfər əsl peşəkar müğənni var“

Xalq artisti Faiq Ağayev şou-biznesdə səsi olmayan, savadsız müğənnilərdən danışıb.

Axşam.az-ın məlumatına görə, o, "Space" telekanalında yayımlanan "Plyus-minus" verilişinə açıqlamasında peşəkar müğənnilərin sənətdə az olduğunu deyib:

"Bu aləmdə on nəfər əsl peşəkar müğənni var. Onlar da öz aralarında mübahisə etməsinlər. Azərbaycan incəsənətinə, musiqisinə xələl gətirən, ləkə salan o qədər insan var ki, biz indi onlara nümunə olmalıyıq".

Xalq artisti son vaxtlar haqqında yayılan xəbərlərə də münasibət bildirib:

"Öndə olan insanın arxasınca həmişə danışarlar, ayağının altını qazarlar. Bir kəlam var: Allah qaldıran insanı, bəndə yıxa bilməz. İt hürər, karvan keçər. Boş-boş söhbətlərə heç vaxt cavab vermirəm. Cürəti olan gəlib sözü üzümə desin. Son üç ay ərzində sosial şəbəkədəki səhifəmi izləsəniz görərsiniz ki, ünvanlı yazıram. Efirdə dediyimi səhifəmdə də təkrarlayıram. Boş-boş söz atmıram. Qorxaq kimi "Facebook" profili altında gizlənmirəm. Bu, acınacaqlı haldır, acızliyin son nöqtəsidir".

AzNews.az