ABŞ-ın məşhur rok qrupu konsert verdi - Qəbələdə

İyunun 28-də Qəbələ şəhərində ABŞ-ın məşhur "Filliqar" rok qrupunun konserti olub. APA-nın məlumatına görə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan konsertdə 1500-dən çox Qəbələ sakini, yerli və xarici qonaqlar iştirak edib.

Konsertdən öncə ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Viktoriya Sloun hamını salamlayıb, tamaşaçıları səslənən gözəl musiqidən həzz alaraq istirahət etməyə dəvət edib. O, qeyd edib ki, "Filliqar" rok qrupu ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən mədəniyyətlərarası anlaşmanı və əməkdaşlığı gücləndirən "Mədəniyyət elçiləri" proqramı çərçivəsində Azərbaycana səfər edib. Məlumat verilib ki, "Filliqar" rok qrupu ABŞ-ın ən yaxşı rok qrupundan biri sayılır və onların "The Nerve" adlı sonuncu albomu 2012-ci ildə Müstəqil Musiqi Mükafatlandırmaları Müsabiqəsində ilin ən yaxşı albomu seçilib.

Qeyd edək ki, "Filliqar" rok qrupu iyulun 5-dək Şəki, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində açıq havada ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün bir sıra rok master klasslar keçirəcəklər.

AzNews.az